Erməni ekspertin etirafı

 

"Dramın ucuzlaşması Ermənistanı çökdürür, qarşıda ölkəni heç də yaxşı olmayan günlər gözləyir"

 

Ermənistanda davam edən etirazlar fonunda iqtisadiyyatdasosial həyatda yaranan ağır vəziyyətin daha da dərinləşməsi müşahidə olunur. Erməni ekspertlər etiraf edirlər ki, bu  gedişlə ölkə böyük fəlakətlərlə üzləşəcək.

Yaşanan iqtisadi böhran şəraitində gündəlik istehlak mallarının, xüsusən də ərzaq məhsullarının qiymətində olan artım  mövcud durumu daha da pisləşdirir. Bununla yanaşı bildirilir ki, ölkə iqtisadiyyatının xilasına ümid var, lakin bunun üçün hökumət populist addımlardan əl çəkməli, kəmərləri sıxmalıdır.

Dövlət maliyyəsinin idarə edilməsi üzrə beynəlxalq müşavir V.Aramyan 2022-ci ilin qalan ayları üzrə proqnozları nəzərdən keçirərkən bildirib ki, Ermənistan qarşıdakı dövrdə həm sosial, həm də siyasi baxımdan ciddi problemlərlə üzləşəcək. 2020-ci ilin böhranından sonra gələn 2021-ci ilin hamı, hətta inkişaf etmiş ölkələr üçün çətin olduğunu kimsə inkar etmir. Lakin iqtisadi tənəzzül Ermənistanda həm Aİ, həm də region ölkələri arasında ən dərindir. 2022-ci ildə makroiqtisadi canlanma natamam olacaq. 2020-ci ildəki 7,4 faiz iqtisadi geriləmədən sonra Ermənistanda iqtisadi artım xeyli aşağı düşüb. Ən azı 7 faizə yaxınlaşa biləcəyi ilə bağlı proqnozlar fantaziyadan başqa bir şey deyil.

Dramın devalvasiyasından sonra dəyər yaradan, Ermənistana pul gətirən bütün sahələr əziyyət çəkir. Məsələn, fermerdən ixrac üçün alınan pomidorya badımcanın qiyməti xaricə 1,2 dollara satılırdısa, bunun dəyəri 500 dram idisə, indi xaricə 1,4 dollara satılır. Ona görə də erməni ixracatçı qiymətləri qaldırmalı olur, lakin o, bu vəziyyətdən sui-istifadə edərək dollar qarşısında sabit qalır. İxracatçı erməni kəndlisindən badımcanı 150 drama yox, 120 drama alır. Nəticədə 1,5 milyon kənd sakini zərər çəkir.

Turizm sektoru da zərərlə işləyir. Əgər əvvəllər xaricə təklif edilən turist paketi şərti olaraq 1000 dollara başa gəlirdisə, indi 1200 dollar olacaq. Ona görə də turist Ermənistana gəlməzdən əvvəl daha çox düşünməyə başlayır. Ermənistanın rəqabət qabiliyyəti aşağı düşür. Tikinti sektoru da bu problemdən zərər çəkir. Tikinti sektorunda qiymətlər dollar-dram nisbətində sabitdirsə, indi nisbət dəyişdikcə qiymət artımına başlanacaqya itkilər yaranacaq.

 Ermənistan rəqabət qabiliyyətli qiymət üstünlüyünü itirdiyindən İT sektoru da zərər çəkir. Məsələn, əgər əvvəllər "X" şirkəti xaricdən ayda 100 min dollar alıb 20 proqramçının maaşını ödəyirdisə, bundan sonra həmin məbləği alaraq 18 proqramçının maaşını ödəyəcək. Qalanını ya işdən çıxaracaq, ya da ortaqları üçün qiymətləri qaldıracaq və müştəri itirəcək.

İnvestisiya sektoru da çox ciddi zərər çəkəcək. Əgər əvvəllər investora "X" ölçülü bağ tikmək üçün 1 milyon dollar lazım idisə, indi 1,2 milyon dollar lazımdır.

Ermənistanda hökumətin qərarı ilə 2022-ci il yanvarın 1-dən minimum pensiya və müavinətlərin artırılması fonunda istehlak və ərzaq məhsullarının qiymətləri 20 faizdən çox artıb.  İqtisadçı ekspert Suren Parsyan qeyd edir ki, 2019-cu ildən Ermənistanda kasıblıq  səviyyəsi artır və bu tendensiya davam edir: "2022-ci ilin qalan dövründə qiymətlərin  kəskin artması buna daha ciddi təsir göstərəcək. Erməni milli valyutası olan dramın devalvasiyası ölkədə həm qiymətlərin artımına, həm aclığa, həm də kasıbçılıq səviyyəsinin artmasına təkan verəcək. Erməni valyutasının bundan sonra da ucuzlaşması prosesi davam  edəcək".

Ekspert onu da əlavə edib ki, işğal olunmuş əraziləri itirdiklərinə görə Ermənistan iqtisadiyyatında ciddi problemlər yaranıb. Odur ki, qarşıda Ermənistanı heç də yaxşı olmayan günlər gözləyir.

 

 Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 3 avqust.- S.1; 8.