Baxtıbay Jumadildin:  "Azərbaycan təbiətinin gözəlliyi, insanlarının qonaqpərvərliyi ilə heyrətamizdir"

 

Azərbaycan-Qazaxıstan turizm əlaqələrinin perspektivləri qazax jurnalistin səfər qeydlərində

 

Xeyli vaxtdır ki, qəzetimiz yaxın və uzaq ölkələrdən Azərbaycana gələn jurnalistlərlə birgə müxtəlif səpkili yazılar hazırlayıb dərc edir. Rusiyanın tanınmış jurnalistlərindən Vitraliy Abramov ("İzveztiya" qəzetinin keçmiş baş redaktoru) və İqor Cuxanov ("Komsomolskaya pravda" qəzetinin əlavələrindən birinin keçmiş redaktoru), İordaniyalı Sudah Maruan, İtaliyalı Andreq Pivovarovun qəzetimizdə dərc olunmuş məqalələri oxucular tərəfindən maraqla qarşılanıb. Onu da deyək ki, bu müəlliflərin çoxu Lomonosov adına MDU-nun məzunlarıdır.

İtaliyalı sosioloq Lisiya bir neçə il əvvəl Moskvada nəşr olunan "Baku" jurnalında dərc etdirdiyi məqalədə ona Azərbaycanı tanıtdığına görə qəzetimizə xüsusi minnətdarlığını bildirmişdir. Yaxın günlərdə isə jurnal bu məqalənin müəllifini  yazılarından birinin bələdçisi kimi təqdim etmişdir.

Ən maraqlısı odur ki, belə yazılar istənilən mövzuya fərqli dəyərlər sistemindən nəzər salmağa və maraqlı yanaşmaları ortaya çıxarmağa imkan yaradır. Bu dəfə biz qazaxıstanlı jurnalist Baxtıbay Jumadildinlə birlikdə müxtəlif səpkilərdə hazırladığımız yazılardan birincisini oxucuların diqqətinə təqdim edirik. Tanışlıq üçün bildirək ki, B.Jumadildin MDU-nun məzunu, "Qazaxtonu" jurnalının baş redaktoru, Qazaxşünaslıq Elmi Tədqiqat İnstitunun rəhbəridir. Biz Baxtıbayla razılaşdıq ki, iki ölkə arasında turizm imkanlarını nəzərdən keçirək. Qonağımız bu məqsədlə Aktaudan bərə ilə Bakıya gəldi. Sonra biz onunla Quba, QusarXaçmaz  rayonlarını gəzdik. Qonağımız həyat yoldaşı ilə birlikdə Nabrandakı "Atlant" istirahət mərkəzində dincəldi.

Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın geniş turizm imkanları barədə   Prezident İlham Əliyev bir neçə gün əvvəl yeni icra hakimiyyəti başçılarını vəzifə təyinatları ilə bağlı keçirdiyi qəbulda ətraflı danışmış və bu sahəni prioritet istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Dövlət başçısı illər boyu yasaq saxlanmış Göygölün cəmiyyət üçün açılmasını müsbət qiymətləndirmiş, həmin yerlərin turizmin  inkişafı üçün böyük potensiala və əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır: "Eyni zamanda nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır".

Ümumiyyətlə, Azərbaycanın demək olar ki, bütün regionlarının zəngin   turizm potensialı mövcuddur. Ölkədə yeni logistika sisteminin qurulması, bütün istiqamətlərdə müasir yolların çəkilməsi, körpülərin salınması, aparılan quruculuq və bərpa işləri daxili turizmin inkişafına təkan verməklə yanaşı, əcnəbilərin də diqqətini cəlb edir. Bəs qonağımız bu barədə nə düşünür? Yaxşısı budur, onun yol qeydlərinə nəzər salaq:

"Azərbaycanın zəngin turizm imkanlarını əyani görmək üçün bərə ilə Aktaudan Bakıya yola düşürük. Aydın olur ki, bərələrin dəqiq cədvəli yoxdur və hərəkətləri dədə-baba qaydası ilə tənzimlənir. Yəni bərə Xəzər "qaş-qabağını salladıb üzünü bozartmasa" yola düşəcək.

Aktauda qaldığımız mehmanxanada gecə bizi oyadırlar ki, bərə dənizə çıxmağa hazırlaşır. Tələm-tələsik taksi tutub 70 kilometr aralıdakı limana yola düşürük. Bərəyə minəndə sevinirik ki, sabah axşama Bakıdayıq. Amma sən saydığını say, gör fələk nə sayır. Sahildən 70 kilometr aralanan kimi bərəmiz gözlənilmədən lövbərini salıb dayanır. 25 il bu bərədə tələbə təcrübəsi keçmiş kapitan deyir ki, dənizdə qasırğadır, gözləməliyik. Dalğaların ağuşunda gözləmək yavaş-yavaş sularda əriyib itmək kimi gəlir adama. Nəhayət, ...4 gündən sonra Ələt limanına yan alırıq. Sahilə çıxanda dünya səyahətindən qayıdan adamlar kimi ləngərləyirik. Və bu zaman düşünürük ki, əgər söhbət turizmin inkişafından gedirsə, bərəyə yox, sərnişin gəmisinə bilet almaq lazımdır. Hələ təyyarəni demirik.

Bakıdan ölkənin şimalına yola düşdük. Yeni çəkilən avtomobil yolu Azərbaycanda yol infrastrukturuna olan diqqətdən xəbər verirdi. Bu rahat yolla gəlib çatdığımız Qusarda, Qubada olduq, Xaçmazın nağıla bənzəyən gecələrini seyr etdik. "Qırmızı qəsəbə"də yəhudilərlə çay süfrəsinə əyləşdik, onlara "Baku" jurnalında  "Azərbaycan" qəzetinin bələdçiliyi ilə "Qırmızı qəsəbə" haqqında geniş yazını təqdim etdik. Qusarı da gəzib dolaşdıq. Restoranların birində Azərbaycan və ləzgi mətbəxinin nemətlərini daddıq. Ət, göybizim üçün eksklüziv hazırlanan pendirli göy qutablarının dadına baxdıq, itburnundan, yemişandan hazırlanan yerli limonadların ətrinə heyran olduq. İstəsəniz belə, dünyanın heç yerində belə içkilər tapa bilməzsiniz.

Hələ bir ailəyə qonaq getməyə də macal tapdıq. Sən demə, Azərbaycanın ən böyük sərvəti gülərüzlü, qonaqpərvər insanları imiş. Şimal rayonlarında bir neçə xalqın nümayəndəsi bir ailənin üzvləri kimi mehriban yaşayır. Burada müxtəlif xalqların bir-birinə bağlılıqlarını naxışları ilə hamını heyran qoyan Quba  xalçasına da bənzətmək mümkündür. İnsanlar üzügülər və qonaqpərvərdirlər. Bu yerlərdəki istirahət mərkəzləri də ecazkardır. Orta səviyyəli istirahət mərkəzlərini müqayisə etdikdə görürsən ki, qiymətlər Qazaxıstandan iki dəfə ucuzdur.

Amma problem ondadır ki, Azərbaycanın bu imkanları və turizm potensialı haqqında Qazaxstanın internet resurlarında və sosial şəəbəkələrində kifayət qədər  məlumat yoxdur. Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, Qazaxıstanın nəinki Azərbaycan, ümumiyyətlə, Qafqaz istiqamətində turizm əlaqələri demək olar ki, mövcud deyil. Əvəzində qazaxıstanlı turistlərin alışdığı və yaxşı tanıdığı marşrutlar Türkiyədən, Avropadan və Çindən keçir. Düzdür, son illər Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələr inkişaf edir, güclənir. Lakin Azərbaycanın turizm imkanlarından Qazaxıstan vətəndaşları demək olar ki, az faydalanırlar. Yəni hər iki tərəfi qane edən turizm əlaqələrindən danışmaq hələ tezdir. Daha doğrusu, bu əlaqələr yüksək nöqtəyə hələ  çatmayıb. Halbuki Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafı, məlumatların mübadiləsi, Qazaxıstanın sosial şəbəkələrində və turizm saytlarında Azərbaycanın turizm imkanlarının reklamı turizm axınının güclənməsinə səbəb ola bilər. Hazırda Qazaxıstanda yeni dəniz limanı tikilir, Azərbaycanda isə Ələt limanı fəaliyyətini gücləndirir. Bu imkandan istifadə etmək lazımdır.

İki xalq həm də eyni kökə, dinə və dilə malikdir. Bütün tarixi faktlar bizim qırılmaz dostluq telləri ilə bağlandığımızı təsdiq edir. Heydər Əliyev qazaxların sevdiyi tarixi şəxsiyyətdir. Hər iki dövlət müstəqilliklərini elan etdikdən sonra 30 illik diplomatiya tarixində münasibətlər qardaşlıq,  qarşılıqlı anlaşma şəraitində inkişaf etmişdir. Bu günün özündə belə,  Azərbaycan-Qazaxıstan münasibətləri beynəlxalq arenada bütün dünya üçün örnək ola bilən nümunədir.

Onu qeyd etmək lazımdır ki, dünyada mövcud reallıqlar, siyasi qüvvələrin balans vektorları sürətlə dəyişməkdədir. Artıq qazaxlar üçün Bakı Avropaya açılan pəncərədir. İki dövlət arasında imzalanan müqavilələrin sayı artır və bu əlaqələr zəncirində tərəflərin müvazinətini qoruyan amil və əsas istinad nöqtəsi iqtisadi ticarət əlaqələrinin inkişafıdır. Təəssüf ki, bu fonda qarşılıqlı turizm səfərləri istənilən səviyyədə deyil. Çünki hər iki ölkədə turizmin təbliği ilə bağlı ciddi informasiya boşluqları mövcuddur. Bunu aradan qaldırmaq üçün fəal təbliğat siyasəti həyata keçirilməlidir.

Xəzərin o biri sahilində - Qazaxıstanda heç kim bilmir ki, Azərbaycanda yüksək tələblərə cavab verən və o qədər də baha olmayan istirahət mərkəzləri, sanatoriyalar, kurortlar mövcuddur. Mən və həyat yoldaşım "Atlant" əyləncə və istirahət mərkəzində dincələrkən bunun şahidi olduq. Təbiətin gözəlliyi, insanların qonaqpərvərliyi heyrətamizdir. Gəzirsən və görürsən ki, insanlar səni addımbaşı sevgi və sayğıyla qarşılayırlar. Hamı yaxınlaşır, təbəssümlə salam verir, Qazaxıstanı sevdiyini deyir. Başqa ölkələrdə çətin ki, bizi belə qarşılasınlar".

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 3 avqust.- S.6.