Mövsümü uğurlu tamaşalarla başa vurmuşuq

                        

Daha bir teatr mövsümü başa çatdı. Yola saldığımız mövsüm teatrımız üçün yaradıcılıq baxımından məhsuldar oldu. Həm klassik, həm də müasir dramaturqların yaradıcılığına müraciət etdik. Teatrsevərlərin qarşısına maraqlı tamaşalarla çıxdıq. Teatrımızın yaradıcı kollektivi builki mövsümdə də dövrün və zamanın nəbzini tutan səhnə əsərlərini yüksək səviyyədə tamaşaya qoymaqdan ötrü səylərini əsirgəməmişdir.

Əslində isə yarandığı vaxtdan sağlam mənəvi prinsiplər üzərində təşəkkül tapmış Lənkəran Dövlət Dram Teatrı repertuarında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, Qərbi Avropa, rus və digər ölkələrin xalqlarının dramaturgiyasından incilərə də yer ayırmış, təkcə respublikamızda deyil, həmçinin bir sıra xarici ölkələrdə də keçirilən beynəlxalq festivallarda uğurlar qazanmışdır.

Bu gün teatrda normal yaradıcılıq mühiti hökm sürür. Yeni təyin olunmuş baş rejissor Anar Sadıqovla birlikdə kollektivin öhdəsinə düşən yaradıcılıq məsələlərinin həlli üçün səylə çalışırıq. "Aparıcı teatr" stasusu almış sənət ocağımızda çalışan işçilərin əməkhaqqı fərqli dərəcədə artmışdır.

Hazırda teatrda iki Xalq artisti, iki Əməkdar artist, bir Əməkdar incəsənət xadimi, bir nəfər Prezidentin fərdi təqaüdçüsü, üç Prezident mükafatçısı və digər yüksək ada layiq olan onlarca sənət fədaisi çalışır. Onların hər biri öz istedadları hesabına tamaşaçıların hüsn-rəğbətini qazanmışdır.

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan ikiillik karantin dövründə teatrın truppası özünün yaradıcılıq potensialını gücləndirməyi əsas prioritet hesab etmiş, ayrı-ayrı aktyorlarımız formasını itirməmək üçün fərdi məşqlər keçmişlər.

Truppamız Cəfər Cabbarlının "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş" tamaşası ilə ötən ilin noyabrında Astara, Lerik, Ağdam və Biləsuvar rayonlarında qastrol səfərlərində olmuşdur. Ağdam səfəri xüsusilə sənətçilərimizə unudulmaz anlar bəxş etmişdir. Belə ki, ağdamlı həmkarlarımızla razılaşma əsasında hər iki kollektiv arasında yaradıcı əlaqələrin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissor və aktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulur. Təqdirəlayiq haldır ki, Vətən müharibəsində qazanılmış qələbədən sonra Qarabağa ilk qastrol səfəri də məhz bizim teatra qismət olub. Ağdamda olduğumuz müddətdə biz ermənilər tərəfindən dağıdılmış Ağdam şəhər məscidinə və Ağdam Dövlət Dram Teatrının uçub-sökülmüş binasına baş çəkdik, mənfur qonşularımızın cinayətkar əməllərinin şahidi olduq.

Teatrımız özünün balaca tamaşaçılarını da həmişə nəzərə alır. Onlar üçün il ərzində 2-3 tamaşa qoyulur. Uşaqlar üçün hazırladığımız tamaşalara Lənkəran şəhərinin və rayonun kənd orta məktəblərinin şagirdləri həvəslə baxırlar. Bundan əlavə, həm də səyyar tamaşalar təşkil edirik.

Baş rejissor Anar Sadıqovun qələmə aldığı və quruluş verdiyi "Haqqın 44 günü" tamaşası uğurla qarşılanmışdır. 44 günlük Vətən müharibəsi dövrünü əks etdirən bu səhnə əsərini Salyan, Neftçala, Masallı rayonlarında, eləcə də Lənkəran və Göytəpə sərhəd dəstələrinin əsgər-zabit heyəti qarşısında nümayiş etdirmişik.

İyulun 15-də isə mövsümü gənc rejissor Tərlan Abdullayevin quruluşunda  yazıçı-dramaturq İlqar Fəhminin "Qanlı namə" dramının tamaşası ilə başa vurmuşuq. Tarixi faktlara əsaslanan bu səhnə əsərində 42 il Səfəvi dövlətinin başçısı olmuş I Şah Abbasın hakimiyyəti dövründə həyata keçirilən islahatlardan bəhs olunur.

Uşaq və gənclərin teatra marağını artırmaq, onları sənət ocağımıza cəlb etmək məqsədilə müntəzəm olaraq axtarışlar aparırıq. Onların zövqünə uyğun tamaşalara müraciət etməyi daha vacib hesab edirik. Teatrda paralel olaraq məşqləri aparılan daha iki əsərin- Xalq yazıçısı Kamal Abdullanın "Casus" və mərhum yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn  Əliyevin   "Prokuror"  iki hissəli pyeslərin tamaşalarının növbəti teatr mövsümünün əvvəllərində hazırlanması planlaşdırılmışdır.

Gənc aktyorlarımızın formalaşmasını da ön planda saxlayırıq. Mədəniyyət Nazirliyinin dəstəyi ilə iyulun 13-dən 15-ə kimi teatrımızda gənc aktyorlar üçün 3 günlük ustad dərsləri keçirilmişdir.  "Stanislavski sisteminin psixofizik etapları" mövzusunda reallaşan məşğələləri Boris Şukin adına Moskva Teatr Akademiyasının məzunu, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru  Abdulla Elşadlı aparmışdır.

Əlavə edim ki, bu ilin dekabrında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində "Sahibdelan" Beynəlxalq Teatr Festivalının keçirilməsi nəzərdə tutulmuşdur. Bu nüfuzlu sənət yarışmasına biz A.Sadıqovun "Haqqın 44 günü" tamaşası ilə qatılacağıq.

Müəyyən problemlərimiz də mövcuddur.  Belə ki, teatrımızın binası sonuncu dəfə 2004-cü ildə əsaslı təmir olunduğundan bu gün artıq müasir tələblərə cavab vermir. Teatrda işıq, radio, kompüter sistemi yüksək səviyyədə olmalıdır ki, tamaşanın keyfiyyətinə müsbət təsirini göstərə bilsin.

Bütün bunlara baxmayaraq, potensial imkanlarımızdan maksimum istifadə edəcəyik.

 

 Tofiq HEYDƏROV,

 

Lənkəran Dövlət Dram Teatrının direktoru

 

Azərbaycan.- 2022.- 3 avqust.- S.7.