"Azbadam" dünya bazarına çıxmağa hazırlaşır

 

Azərbaycan Prezidenti İlham Əliyev daha uzaqgörən, daha dərin təfəkkürlü və daha qətiyyətli addımlar atan lider kimi postsovet məkanında seçilir. Bu, bizim yox, beynəlxalq politoloqların gəldiyi qənaətdir. Hamı onu gözlənilməz siyasi gedişləri ilə istənilən çətin vəziyyətdən çıxa bilən, daim uduşlu mövqedə qərar tutmağı bacaran siyasi xadim kimi tanıyır.

İlham Əliyevin unikal keyfiyyətlərindən biriodur ki, istər dövlət quruculuğunda, istər təhlükəsizlik və müdafiə məsələlərində, isətərsə də iqtisadiyyatın bütün sahələrində qibtə olunan nailiyyətlərı reallaşdıran və hər bir sahəni ayağa qaldırmaq gücünə qadir olan liderdir. Deyilənləri aydın görmək üçün aqrar sektorun yalnız bir sahəsini nəzərdən keçirmək kifayətdir.

Bir neçə gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Grand-Agro İnvitro" MMC-nin müəssisəsinin fəaliyyəti ilə tanış olmuşlar və "Azbadam" MMC-nin Badam Emalı Zavodunun açılışında iştirak etmişlər. Bu müəssisələrdə ölkədə son illər iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlərin uğurlu həlli aydın görünür.  Dövlət başçısına məlumat verilmişdir ki, ölkə üzrə fındıq bağlarının sahəsi 80 min hektara çatmışdır. Ancaq bağ sahələrinin artım tendensiyasının istehsalaixraca təsiri qarşıdakı illərdə özünü daha çox göstərəcək. Çünki fındıq bağı 5 ildən sonra məhsul verməyə başlayır. Son 5 ildə ixracın dəyəri 90 milyondan 120 milyon manata çatıb və yaxın illərdə bu tendensiya yalnız artım tempi ilə gedəcək. Ölkədə bir il ərzində orta hesabla 55-60 min ton qabıqlı fındıq və 22-25 min ton fındıq ləpəsi istehsal edilir. İl ərzində 20-22 min ton fındıq ləpəsi ixrac edilir, qalan ləpə isə daxili bazarda istehlak olunur. Bu il ümumilikdə 65 min ton qabıqlı fındığın istehsal ediləcəyi gözlənilir, ancaq satışın necə olacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Ötən il xaricə 112 milyon manat dəyərində 19500 ton fındıq ixrac edilib. Bu uğurları qazanmaq üçün ölkədə fındıqçılıqda və ümumiyyətlə, aqrar sektorda geniş islahatlara start verilib.

İqtisadi göstəriciləri nəzərdən keçirəndə görürük ki, qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı getdikcə artır. Ölkənin ərzaq təhlükəsizliyinin təminatı üçün ciddi tədbirlər görülür, idxaldan asılılıq minimuma endirilir.

Bütün bunlar barədə məlumatı dinləyən dövlət başçısı qeyd etmişdir ki, son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsi iki dəfədən çox artmışdır. Əgər keçmişə qısa bir səyahət edib statistik rəqəmləri nəzərdən keçirsək, görəcəyik ki,  2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi cəmi 18 min hektar idi. 2015-ci ildə isə bu rəqəm təxminən iki dəfə artaraq  32 min 700 hektar olmuşdur. Son 4-5 ildə də fındıq bağlarının sahəsi artaraq 80 min hektara çatmışdır.

Dövlət başçısı qeyd etmişdir ki, fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyiksə, badamçılıqda da dönüş yaratmağın zamanı çatmışdır. 2017-ci ildə fəaliyyətə başlayan "Grand-Agro İnvitro" MMC məhsuldar meyvə və digər bitki tingləri yetişdirməklə məşğuldur. Burada tətbiq edilən müasir texnologiyaların vasitəsi ilə yerlixarici bazarda rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsullar yetişdirmək mümkündür. Onu da qeyd edək ki, "İnvitro" layihəsinə yatırılan investisiyanın ümumi məbləği 21 milyon manatdır.

"Azbadam" MMC-yə məxsus Badam Emal Zavodu layihəsinin həyata keçirilməsi iki mərhələdə planlaşdırılmışdır. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınmışdır. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manatdır. Zavod isə ikinci mərhələdə yaradılmışdır və bu, ölkədə ilk Badam Emalı Müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır.

Maraqlısı odur ki, 2015-2019-cu illərdə ölkədə istehlak olunan təmizlənmiş badamın 90-95 faizi idxal edilirdi. Zavod işə düşdüyü ildən idxal 50 faiz azalmışdır. 2024-cü ilə qədər ölkənin ərazisində yerləşən badam bağları bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Bundan başqa, məhsul istehsalı artdıqca xaricə badam ixrac ediləcək. Yeri gəlmişkən, qeyd edək ki, zavodun illik emal gücü 2 min ton badam ləpəsidir. Badam ləpəsinin ölkədaxili illik istehlak həcmi isə 750-800 tondur. Deməli, müəssisənin ixrac potensialı az deyil. Halbuki  2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı. Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxili bazarın tələbatı "Azbadam" MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar həmAvropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə "Made in Azerbaijan" brendi ilə ixrac ediləcək.

 

 Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 5 avqust.- S.1; 6.