Döyüşlərə könüllü gedən igidlərimiz

 

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Onların sırasında könüllü olaraq döyüşlərə yollanan kəşfiyyatçı-snayper Namiq Əliyev də var.

O, 1990-cı il iyunun 17-də Sumqayıt şəhərində anadan olub. İki yaşında ikən atasını itirən Namiq anasının himayəsində qalıb. Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər hərbçilərimizin şəhid olmaları onu da sarsıdır. Namiq bundan hədsiz hiddətlənir. Bu hadisə onda intiqam hissini daha da alovlandırır. Həmin vaxt minlərlə gənc ön cəbhəyə getməyə can atır, könüllü qeydiyyatdan keçir. Namiq də adını siyahıya yazdıranlar sırasında olur. O, hərbi komissarlığa müraciət edir və döyüşlərə qatılır. Vətən müharibəsi iştirakçısı xalqına, Vətəninə fayda vermək məqsədilə ilk fəaliyyətinə könüllü kimi başlayır. Elə bu prinsiplərə də sadiq qalaraq üzərinə düşən işin öhdəsindən layiqincə gəlir.

Kəşfiyyatçı-snayper Namiq Əliyev deyir ki, əldə olunan zəfər hər birimizin haqqı idi: "Mən könüllü olaraq Vətənim uğrunda mübarizəyə qatıldım. Döyüşə yollananda hər birimiz ölümü gözə alaraq getdik. Hamımızın bir amalı var idi - tarixi Qarabağ torpaqlarımızı geri qaytarmaq. Biz məqsədimizə çatdıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz bu qələbə ilə, eyni zamanda qətliama, soyqırımına məruz qalan bacı və qardaşlarımızın intiqamını aldıq. Hazırda dövlətimiz bizimlə yaxından maraqlanır, yardımlar edir, problemlərimizi çözməyə çalışır".

Namiq Əliyev döyüşə gedən zaman övladı yenicə dünyana gəlmişdi. 11 günlük övladını ailəsinə etibar etmişdi. O, hər şeyi arxada qoyub ana vətəni üçün döyüşmüşdü.

Vətən müharibəsi başlayanda Namiq ön cəbhədə kəşfiyyat taboru ilə birlikdə Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlər zamanı Namiqin bir neçə silahdaşı qəhrəmancasına şəhid olub. Həmsöhbətimiz deyir ki, torpaqlarımızın işğaldan azad edilməsi uşaqlıq arzusu olub: "Ana vətənin qədrini bilməsək, bizi dünyaya gətirən ananın da qədrini bilmərik. Bu mənim şəxsi fikrimdir. Doğma torpağı qorumaq hər bir vətən övladının borcudur. Bu bizim haqq savaşımız idi. Valideynlərə söyləmək istərdim ki, öz övladlarını vətənpərvər ruhda böyütsünlər. Uşaqlara orta məktəbdə müharibəylə bağlı dərslər keçilməlidir. Gələcək nəsil şəhidlərimizin, qazilərimizin qanı bahasına alınmış torpaqlarımızı qorumalıdır. O torpaqları biz qarış-qarış almışıq".

Anası Maya Əliyeva onu atasız böyütdüyünə görə müharibəyə getməsinə razılıq vermirdi. Lakin Namiqi fikrindən daşındırmaq mümkün olmur. Anası deyir: "Əvvəlcə döyüşlərə qatılmasını istəmirdim. Çünki onu atasız böyütmüşəm. Lakin fikrindən daşındıra bilmədim. Oğlum gedən zaman ona dedim ki, həmişə başımızı uca etmisən. Mərd kim get, mərd kimi də qayıt".

Hər bir insan sevdiyi peşə üzrə çalışmağı arzulayır. Namiq Əliyevin də uşaqlıqdan arzusu təcili yardım maşınında sürücü işləmək olub. O, bu işdə ona dəstək göstərən Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovaya təşəkkürünü bildirir.

Vətən müharibəsindəki şücaətinə görə o, "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

44 günlük Vətən müharibəsinin qalibinin də könüllülər ordusu olduğunu desək, yanılmarıq. Bu missiyanı ləyaqətli şəkildə yerinə yetirənlər içərisində də şəhid və qazilərimiz oldular. Hər birimiz onların açdığı yollarla irəliləməli, könüllü və təmənnasız xidmətlərlə ölkəmizə və xalqımıza fayda verməyi bacarmalıyıq.

 

Elşən YƏHYAYEV

 

Azərbaycan.- 2022.- 5 avqust.- S.9.