BVF-nin bədbin proqnozları fonunda Azərbaycan iqtisadiyyatının nikbin perspektivləri

 

Dünya iqtisadiyyatının perspektivlərini proqnozlaşdırmağa cəhd edən Beynəlxalq Valyuta Fondu (BVF) bu ilin birinci yarısının yekunlarına aid təqdim etdiyi hesabatdakı  rəqəmlər və analiz nikbin deyil, əksinə, daha çox bədbin gələcəyə köklənib.

BVF-nin ekspertləri etiraf edirlər ki, qlobal iqtisadiyyat elə çətinliklərlə üzləşir ki, nikbin və ürəkaçan proqnozlar vermək çətindir. Reallıqlar onu göstərir ki, dünya tədricən qlobal böhranın girovuna çevrilmək ərəfəsindədir. 2021-ci ildə gözlənilən bərpa ilə yanaşı, 2022-ci ildə risklər də reallaşmağa başlamış və iqtisadi reallıqlar qaranlıq hadisələrin dumanına bələnmişdir.  Çin və Rusiyadakı yavaşımalar səbəbindən bu ilin ikinci rübündə qlobal istehsal azalmış, ABŞ-ın istehlak xərcləri gözləntilərin altında qalmışdır. Təhlilçilər bildirirlər ki, bütün dünyada (xüsusilə ABŞ və inkişaf etmiş Avropa ölkələrində) gözləniləndən yüksək inflyasiya maliyyə şərtlərinin sərtləşməsinə gətirib çıxarmışdır. Bir yandan Çində COVID-19 epidemiyası və özünütəcrid tədbirləri, digər tərəfdən Rusiya-Ukrayna qarşıdurmasının mənfi nəticələri üzündən gözləniləndən daha kəskin iqtisadi mənzərə yaranmışdır. Nəticədə iqtisadi artımın baza proqnozu  keçən ilki 6,1 faizdən bu il 3,2 faizə qədər düşəcəyi ehtimal edilir. Ekspertlər Avropa üçün proqnozların bu dərəcədə azalmasını Ukraynada baş verənlərin nəticələri və pul siyasətinin sərtləşdirilməsi ilə əlaqələndirirlər.

Təhlükəli məqamlardan biri də onunla bağlıdır ki, Ukraynada davam edən  gərginlik Avropaya Rusiyadan qaz idxalının qəfil dayanması ehtimalını yaradır. Üstəlik o da ehtimal edilir ki, əmək bazarlarında gözlənilən sıxlıq artarsa, o zaman inflyasiyanın düşməsi çətin olacaq. Qlobal maliyyə şərtlərinin sərtləşdirilməsi isə inkişaf etməkdə olan bazarlarda və iqtisadiyyatlarda borc sıxıntısına səbəb ola bilər. Bunun davamı kimi qlobal miqyasda gedən geosiyasi parçalanmanın qlobal ticarəti və əməkdaşlığı zəiflədəcəyi təhlükəsi də var. Ümumiyyətlə, perspektivlərə nəzər saldıqda onu demək mümkündür ki, risklərin reallaşdığı ehtimal olunan alternativ ssenaridə inflyasiya yüksəlməyə davam edəcək. Odur ki, BVF-nin ekspertləri belə hesab edirlər ki, artan qiymətlərin bütün dünyada həyat standartlarını aşağı salmaqda davam etdiyi bir zamanda  inflyasiyanın cilovlanması siyasətçilər üçün əsas prioritet olmalıdır.

Bütün bunların fonunda isə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 63,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 0,2, qeyri neft-qaz sektorunda isə 9,6 faiz artmışdır.

Əlavə dəyərin 53,3 faizi sənaye, 7,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitədə, 14,5 faizi isə digər sahələrdə istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 6304,9 manata çatmışdır.

DSK onu da xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 6 ay ərzində 42,2 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 0,6, qeyri neft-qaz sektorunda isə 11,5 faiz artmışdır.

Başqa bir açıqlamaya əsasən, hesabat dövründə əsas kapitala 6 milyard 299,6 milyon manat məbləğində, yaxud 2021-ci iolin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,7 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 3 milyard 781,3 milyon manatı və ya 60 faizi məhsul istehsalı və 2 milyard 131,2 milyon manatı (33,8 faizi) xidmət sahələrinə, 387,1 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 6 avqust.- S.5.