Azərbaycanda sosialyönümlü dövlət modeli formalaşıb

 

Bu, vətəndaşların sosial rifahının daha da yüksəlməsinə xidmət edir

 

 Azərbaycan Prezidentinin göstərişi ilə şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahının yaxşılaşdırılması, onların təminatının gücləndirilməsi istiqamətində mütəmadi olaraq dövlət siyasəti həyata keçirilir. Məhz bu siyasət nəticəsində Azərbaycan şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara ən çox diqqət və qayğı göstərən dövlətdir.

Bu gün ölkəmizdə vətəndaşların sosial müdafiəsinə xüsusi diqqətlə yanaşılır, çox mühüm layihələr həyata keçirilir. Dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə görülən işlərin nəticəsini xüsusi qayğıya ehtiyacı olanlar daim öz həyatlarında hiss edirlər.

Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli yönündə ciddi işlər aparılır. Onların avtomobillə təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirilir. Sosial məsələrin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və atılan praktik addımlar deməyə əsas verir ki, Azərbaycanda artıq sosialyönümlü dövlət modeli formalaşıb.

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri, müharibə əlilləri və iştirakçıları genişmiqyaslı sosial dəstək proqramları ilə əhatə olunublar. Bu kateqoriyadan olan insanların mənzillə təminatı proqramı 5 dəfə genişlənmiş, postmüharibə dövründə onlara 3600, ümumiyyətlə, ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev, 7450 nəfər müharibə əlilinə minik avtomobili verilmiş, ümumilikdə 330 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunmuşdur. Bu isə onlara göstərilən qayğının bir nümunəsidir. Şəhid ailələrinə və müharibə əlillərinə, milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi olaraq artırılmış, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin ödənilməsi təmin olunmuşdur. Bununla da onların sosial müdafiəsi ildən-ilə yaxşılaşmaqdadır. Dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən də böyük rəğbət və məmnunluqla qarşılanır.

Bu günlərdə Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verildi. Dövlət başçısının fərmanı ilə Birinci Qarabağ müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş, ümumilikdə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçularadaxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlandı. Bu qərar həm də onu göstərir ki, istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində iştirak edən hər bir Azərbaycan vətəndaşı Prezident üçün dəyərlidir, onların Vətən üçün etdikləri fədakarlıqlar unudulmur.

Həmin kateqoriyalardan olanlara, vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələr I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat təşkil edir. Həmin qərar müharibə əlili olan vətəndaşlarımıza, onların ailələrinə böyük dəstəkdir. Artıq bu barədə, yəni ödəməni hansı bankdan alacağına dair həmin şəxslərə SMS-lər də göndərilib.

Bunun özü görülən işlərin şəffaflığından xəbər verir. Yəni ödəmələrin bank kartları vasitəsilə verilməsi innovativ yeniliklərdən xəbər verir. Bununla da həm vətəndaşların get-gələ salınması, həm də digər neqativ halların qarşısı alınır.

Bir faktı da qeyd edək ki, həmin dövrədək hərbi xidmətdə olanların xəsarət alması barədə məlumatlar aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülmüşdür. Eyni zamanda birdəfəlik ödəmə təyin olunmuş şəxslər bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az saytındakı "Müharibə əlillərinə birdəfəlik ödəmə" pəncərəsinə daxil olaraq əldə edə bilərlər.

Birdəfəlik ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB) sosial ödəniş alan şəxslərin mövcud kartlarına ödənilir. ABB-də kartı olmayan, birdəfəlik ödəmə təyin olunmuş şəxslər yeni kartlarını ABB-nin istənilən filialından şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərlər.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı halda elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər.

Qeyd olunan sənəd aidiyyəti qurum tərəfindən e-sistemə daxil edildikdən sonra müvafiq sənədlərlə DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə müraciət etməlidirlər. Birdəfəlik ödəmənin verilməsi üçün ərizə, şəxsiyyət vəsiqəsi, əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ilə bağlı təyin edilməsinə dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.) təqdim olunmalıdır.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxs vəfat edibsə və adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxırsa, həmin şəxsin vərəsəsi (vərəsələri) notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsini almalıdır. Bu barədə notariat orqanı tərəfindən nazirliyin e-sisteminə məlumat daxil olduqdan sonra vərəsəyə proaktiv ödəniş həyata keçiriləcək. Adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxmadıqda isə vərəsə (vərəsələr) xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidir. Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə dərhal proaktiv təyinat həyata keçiriləcək, ona bu barədə məlumat veriləcək.

Əlilliyə dair e-sistemdə məlumat olmadıqda isə aşağıdakı sənədlər DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə təqdim edilməlidir: birdəfəlik ödəmənin verilməsi üçün ərizə, birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçununya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə, vərəsənin (vərəsələrin) şəxsiyyət vəsiqəsi, vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).

Bu mövzuda sualları yaranan şəxslər 142 - Çağrı mərkəzinə, nazirliyin, DOST AgentliyiDSMF-nin rəsmi saytına, sosial şəbəkə hesablarındakı mesaj bölməsinə, həmçinin info@sosial.gov.az e-ünvanına və ya poçt vasitəsilə müraciət edə bilərlər.

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirmələri nəticəsində əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür qayğı ilə əhatələnməsi təşkil edir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, onların sosial rifahının yüksəldilməsi, təqaüdlərinin artırılması daim diqqət mərkəzində saxlanılır.

 

 Elşən YƏHYAYEV

 

Azərbaycan.- 2022.- 7 avqust.- S.1; 3.