Türkiyə-Rusiya əməkdaşlığında yeni səhifə açılır

 

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasındakı 4 saatlıq görüşdə mühüm məsələlərmüzakirə edilib

 

Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş 4 saat davam edib.

Görüş zamanı Vladimir Putin türkiyəli həmkarına taxılın Qara dəniz limanlarından daşınmasında və Rusiya ərzaq məhsullarının ixracına dair İstanbul sazişinin imzalanmasında səylərinə görə təşəkkür edib. Rusiya lideri bildirib ki, danışıqların nəticələrinə görə ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalamaq mümkün olacaq.

V.Putin həmçinin "Türk axını" boru kəmərinin fasiləsiz işlədiyini, onun Avropanın Rusiya qazı ilə təminatında mühüm marşrut olduğunu vurğulayıb: "Təkcə onu xatırlatmaq kifayətdir ki, ötən il ticarət dövriyyəmiz 57 faiz, bu ilin ilk aylarında isə may ayı daxil olmaqla iki dəfə artıb. Bizim böyük layihələrimiz var. "Akkuyu" AES-in tikintisi hamıya məlumdur. Ancaq başqa sahələr də var - bu, çox vacib olan enerjidir. Bununla bağlı qeyd etmək istərdim ki, tikintisini bir müddət əvvəl başa çatdırdığımız "Türk axını" bu gün Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan biridir. "Türk axını" bizim Avropaya karbohidrogen nəqlinin bütün digər istiqamətlərindən fərqli olaraq, düzgün, ritmik, heç bir nasazlıq olmadan işləyir. Mən təkcə Türkiyədəki istehlakçılara deyil, Avropadakı istehlakçılara da çatdırılmanı nəzərdə tuturam. Ona görə də hesab edirəm ki, avropalı tərəfdaşlar qazımızın Avropa bazarına fasiləsiz tranzitini təmin etdiyinə görə Türkiyəyə minnətdar olmalıdırlar. Amma Türkiyənin özündə istehlak üçün neft, qaz, kömür və digər mallar - hər şey böyük həcmdə, miqdarda, heç bir pozuntu olmadan gedir".

Rusiya Prezidenti xatırlatma edib ki, məhz Rəcəb Tayyib Ərdoğanın birbaşa iştirakı və Birləşmiş Millətlər Təşkilatı Katibliyinin vasitəçiliyi ilə Qara dəniz limanlarından Ukrayna taxılının tədarükü ilə bağlı məsələ həll olunub. Türkiyəli həmkarına bu məsələyə görə də təşəkkür edən Rusiya lideri qeyd edib ki, bu addım bir çox ölkə, ilk növbədə, inkişaf etməkdə olan dövlətlər üçün vacib rol oynayıb və onlara ciddi ərzaq böhranından xilas olmaq imkanı verib. V.Putin bunun ərzaq və su təminatı ilə bağlı böyük problemlərin astanasında olan ölkələr üçün çox vacib olduğunu vurğulayıb: "Şəxsən sizin iştirakınızla qəbul edilmiş bu qərarlar bütün bu ölkələr üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə sizə öz təşəkkürümü bildirirəm".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Vladimir Putinə minnətdarlığını bildirərək qeyd edib ki, həm Tehran, həm də Soçi görüşlərində nümayəndə heyətləri bir çox məsələlərlə bağlı müzakirə aparıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, əməkdaşlıqda yeni səhifə açılacaq: "İnanıram ki, Türkiyə-Rusiya münasibətlərimizdə yeni səhifə açacağıq. Bu, enerjiyə də aiddir, bu, xüsusən də bizim addımlar atdığımız Qara dənizdən keçən "taxıl dəhlizi"nə aiddir. Bütün bu məsələlərlə bağlı addımlar atılıb. Türkiyənin nöqteyi-nəzərindən Rusiya bu məsələdə dünya səhnəsində rol oynayır. Hesab edirəm ki, bu baxımdan vacib məsələlərə daha çox diqqət yetirməliyik və inanıram ki, bu, terrorizmlə mübarizədə regionda vəziyyəti asanlaşdıracaq. Bu baxımdan bizim həmrəyliyimiz böyük əhəmiyyət kəsb edir. Addımlarımız, görüşlərimiz bütün bu tendensiyanı, əlaqələrimizi gücləndirəcək".

Qeyd edək ki, görüşün yekunlarına dair birgə bəyanat da imzalanıb. Görüşdən sonra yayımlanan birgə bəyanatda Türkiyə ilə Rusiya arasındakı səmimi və etimada əsaslanan əlaqələrin əhəmiyyətinə diqqət yetirilib. Liderlər Suriyadakı bütün terror təşkilatlarına qarşı əlaqəli şəkildə mübarizə aparmaq məsələsindəki qətiyyətlərini ifadə ediblər, həmçinin iki ölkə arasındakı konstruktiv münasibətlərin Ukraynadan taxıl və ərzaq məhsullarının daşınması ilə əlaqədar bağlanan sazişin əldə olunmasında böyük rol oynadığını vurğulayıblar.

 Bəyanatda liderlər regionalqlobal təhdidlərə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər. Tərəflər qarşılıqlı ticarətin həcmini artırmaq, nəqliyyat, kənd təsərrüfatı, sənaye, turizmtikinti sektorlarında birgə fəaliyyəti genişləndirmək üçün addımlar atmağı qərara alıblar.

Görüşün yekunları barədə jurnalistlərə məlumat verən Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib ki, liderlər qaz tədarükünü də müzakirə ediblər və qismən rublla ödəniş barədə razılığa gəliblər: "Mühüm komponent, Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr həcmində qazın tədarükü oldu. Danışıqlar zamanı prezidentlər razılaşdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik".

Bundan əlavə, liderlər Ukrayna taxılı və Rusiya ərzağının ixracına dair İstanbul sazişinin yerinə yetirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə energetika sahəsində əməkdaşlıq məsələləri, o cümlədən "Türk axını" borusu ilə əlaqədar məsələlər müzakirə olunub. A.Novakın dediyinə görə, Soçi görüşündə maliyyə və bank sahəsində də razılıq əldə edilib, Türkiyədə inşa edilən "Akkuyu" Atom Elektrik Stansiyasının 2023-cü ildə istismara verilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2022.- 7 avqust.- S.1; 2.