Milli-mənəvi dəyərlərimiz varlığımız, milli kimliyimizdir

 

Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir.

Təqdirəlayiqdir ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu gündavam etdirilir.

 

Azərbaycan xalqı milli-mənəvi dəyərlərinin işığında yaşayır

 

Əsrlər boyu azərbaycanlılar dünya xalqları arasında qədim milli-mənəvi dəyərləri ilə tanınıblar. Xalqımız həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətləri, adət-ənənələri ilə dünya mədəni irsində özünəməxsus yer tutur.

Uzun illər aparılan araşdırmalar, tədqiqatlar Azərbaycanda bu günmövcud olan bir çox adət-ənənənin qədim köklərə malik olduğunu sübut edir. Mənbələr təsdiq edir ki, Azərbaycan qədim zamanlardan yolunu buradan salanları heyrətə gətirib, heyran qoyub. Onların marağına səbəb olan yalnız məmləkətimizin təbiətinin əsrarəngizliyi, zəngin təbii sərvətlərə malik olması deyildi. Həm də bu gözəl ölkənin sakinlərinin özlərinə məxsus, maraqlı adət-ənənələrinə, milli-mənəvi dəyərlərini uca tutmalarına heyran qalıblar. Azərbaycanın min illər əvvəl formalaşan milli dəyərləri bu günədək demək olar ki, dəyişməyib, unudulmayıb. Azərbaycan xalqı indi də həmin mənəvi dəyərlərin işığında yaşayır.

Milli-mənəvi dəyərlərini yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişi ilə bağlılığını, onun varlığını ifadə edir. Dilimiz, dini inancımız, adət-ənənələrimiz, həmçinin  tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti, tolerantlıq kimi xüsusiyyətlərimiz milli-mənəvi dəyərlərimizdir.  Bu dəyərlərə sadiqlik, onları yaşatmaq, təbliğ etmək, nəsillərə sevdirmək doğma Vətənimizin və xalqımızın gələcəyi naminə vacib və əhəmiyyətlidir. Azərbaycan xalqı əsrlərdir ki, məhz bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından, çətin imtahanlarından uğurla çıxmağı bacarıb, öz milli kimliyini, dövlətçilik ənənələrini qoruyub saxlamağa müvəffəq olub.

                                          

Dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan

 

Azərbaycan hər zaman milli-mənəvi və bəşəri dəyərlərə ehtiram göstərən məkan olub. Bu məmləkətdə əsrlərdən bəri multikulturalizm və tolerantlıq ənənələri mövcud olub, formalaşıb. Son illər  ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində uğurlu işlər həyata keçirilir. Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri yüksək səviyyədədir.

Milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi ölkələrdən biri olan Azərbaycanda sülh, dostluq, qardaşlıq hökm sürür. Azərbaycanda dövlət-din münasibətləri, milli-dini sabitlik, etnikdini dözümlülük, tolerantlıq və multikulturalizm dövlət səviyyəsində qorunub saxlanılır. Məscidlər, ziyarətgahlar, sinaqoqlar, kilsələr tikilir və bərpa olunaraq dindarların istifadəsinə verilir. Dövlət başçısı İlham Əliyev respublikamızda dinlər və məzhəblər arasında dostluqdözümlülük münasibətlərinin alternativinin olmadığını vurğulayıb: "Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq tolerantlıq gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizmekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluqdözümlülük münasibətlərinin də alternativi yoxdur".

Azərbaycanda hansı xalqa, etnik qrupa, dinə məxsusluğundan asılı olmayaraq, ibadətgahlar dövlət tərəfindən qorunaraq bərpa olunub. Bakının mərkəzində erməni kilsəsi belə yüksək səviyyədə bərpa olunub və fəaliyyətini davam etdirir. Ermənistan dövləti isə eyni vaxtda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğal altında saxlayarkən həmin əraziləri xarabalığa çevirdilər. Otuz ilə yaxın davam etdirdikləri işğal müddətində erməni vandalları bütün tikililəri - yaşayış və inzibati binaları, tarixi-mədəni, dini abidələri uçurub dağıtdılar, yerlə-yeksan etdilər. Ermənistan işğalda saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların dini ocaqlarını, məscidlərini, ibadətgahlarını dağıtdılar, məscidlərimizi tövlələrə, qəbiristanlıqlarımızı otlaqlara çevirdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerləyeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerləyeksan ediblər".

 

 Vətəninin, xalqının adını ucaldanlar

 

Mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində var olmuşuqbu gün də varıq. Hər bir şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin böyük rolu var. Əbəs yerə ailəni kiçik dövlətə bənzətmirlər. Əsas dəyərlər ailədə formalaşmağa başlayır.  Ədalət, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, cəsarət, mərdlik, dürüstlük, halallıq, milli-mənəvi dəyərlərə, soy-kökünə bağlılıq, böyüklərə ehtiram və əməksevərlik ruhunda tərbiyənin əsası ailədə qoyulur. Sonradan bu tərbiyənin təkmilləşməsində təhsil ocaqları, cəmiyyət mühüm rol oynayır. Böyüklərə hörmət və ehtiram, uşaqlara diqqət, qayğı və sevginin aşılanan, xalqın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə rəğbət öyrədilən ailə adlı müqəddəs ocaqda, böyüyüb boya-başa çatan, təhsil aldığı məktəblərdə elmi biliklərə yiyələnməklə bərabər, həm də vətəndaşlıq ruhunda formalaşan gənclər ölkəsinin, xalqının adını daha da yüksəklərə qaldırırlar. Vaxt gəlir doğma Vətəni, xalqı da onlarla qürur duyur. Eyni ilə Vətən müharibəsində olduğu kimi

2020-ci ilin 27 sentyabrında Ermənistan tərəfinin təxribatı nəticəsində müharibə başladı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qismən səfərbərlik elan etdi. Minlərlə gənc dərhal hərbi komissarlıqlara müraciət edərək, könüllü kimi cəbhəyə getməyə hazır olduqlarını bildirdilər.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi oldu. Azərbaycan Ordusu təkcə düşmənlərinə deyil, bütün dünyaya qəhrəmanlığını, yenilməzliyini göstərdi. Müharibənin başladığı ilk gündən son günədək yeni-yeni qələbələrlə irəliləyən, otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan ərazilərimizi bir-bir azad edən, yağı düşmənin işğalına son qoyan Azərbaycanın oğulları igidliyin, cəsurluğun, vətənpərvərliyin simvolu oldular. Düşmənin yalnız onlara qarşı silah qaldıran, atəş açan döyüşçüləri ilə vuruşdular, mülki əhalisinə toxunmadılar.

Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqının sabahı nurlu, gələcəyi parlaqdır. Onun gəncləri düzgün tərbiyə alıblar, heç bir çətinlik onları doğru bildikləri yoldan çəkindirə bilməz. Çünki ən çətin şəraitdə belə dözümlü, qətiyyətlidirlər, qəddar, zalım və amansız düşmənlə müharibə aparanda da cəsur, mərd, dürüstdürlər.

Azərbaycan cəmiyyətində tarixən mövcud olmuş fərqli mədəniyyətlərə hörmət ruhu, tolerantlıq mühiti, nümunəvi dövlət və din münasibətləri Vətən müharibəsində zəfərimizi şərtləndirən əsas amillərdən oldu. Respublikamızda yaşayan bütün xalqlar, etnik qruplar bir amal, bir məqsəd ətrafında sıx birləşdilər. Milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, bu ölkənin vətəndaşı olan hər kəs doğma vətəni Azərbaycanın ərazi bütövlüyü, düşmənin xar və məğlub olması naminə ayağa qalxdı. Göstərdilər ki, tolerantlıq və multikultural dəyərləri ilə bütün dünyaya nümunə olan Azərbaycanın qələbə və uğur dolu günləri bundan sonra da davam edəcək.

 

 Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 9 avqust.- S.1; 4.