Diaspor Gənclərinin III Yay Düşərgəsi başa
çatıb
Diasporla İş üzrə Dövlət Komitəsinin irimiqyaslı layihələrindən biri olan “Şuşa-270” Diaspor Gənclərinin III Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və DİDK-nın Aparat rəhbəri Daşqın Rəcəbli layihənin uğurla başa çatması münasibətilə düşərgə iştirakçılarını təbrik edib, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub, layihə çərçivəsində keçirilmiş intellektual oyunların qalibləri mükafatlandırılıb. Eyni zamanda, düşərgədə xüsusi fəallıq göstərən gənclər püşkatmada iştirak edərək hədiyyələr qazanıblar.
Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci il avqustun 2-8-də gerçəkləşdirilib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub. Layihənin xalqımızın Qarabağda parlaq Qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır.
Xatırladaq ki, Diaspor Gənclərinin I Yay
Düşərgəsi “Cümhuriyyətin 100 illiyi”
şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə
Şamaxıda keçirilib.
Azərbaycan.- 2022.- 9 avqust.- S.7.