Qalib ölkənin nümayəndələri
idman yarışlarında da qalib olacaq
Avqustun
9-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin
Konya şəhərində keçirilən V İslam Həmrəyliyi
Oyunlarında ölkəmizi təmsil edən
idmançılarla görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Əziz idmançılar, əziz dostlar.
Mən indicə Konya Hava Limanında yerə enmişəm və hava limanından dərhal buraya, sizinlə görüşə gəlmişəm. Bu, bir ənənədir. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.
Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm. Oyunların rəsmi açılış mərasimi bu gündür, amma Oyunlar artıq davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq.
Bu dəfə bu Oyunlar Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir. Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq. Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.
Onu da qeyd etməliyəm ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.
Bir sözlə, əziz idmançılar, mən sizi ürəkdən salamlayıram, sizə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız. Təbrik edirəm.
x x x
Gənclər və idman naziri Fərid Qayıbov dedi:
- Çox hörmətli cənab Prezident.
Hörmətli Mehriban xanım.
İcazə verin, nümayəndə heyəti adından Sizi Atletlər Kəndində salamlayım. Sizin daimi qayğınıza görə təşəkkürümüzü bildirmək istərdik. Sizin tapşırığınızla atletlər üçün hər cür şərait yaradılıb və komandamız hazırdır. Qeyd etdiyiniz kimi, artıq bizim ilk medalımız var, dünən Anna Skidan qızıl medal qazanıb.
Güləşçi Rafiq Hüseynov: Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım. Mən komanda yoldaşlarım adından, həm də, eyni zamanda, öz adımdan Sizi salamlayıram. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizimlə maraqlanırsınız. Mən əminəm ki, Sizinlə görüş bizə əlavə ruh yüksəkliyi verəcək və eyni zamanda, bizim çıxışlarımıza çox müsbət təsir edəcək. Sevinirəm ki, cənab Prezident şəxsən özü bizimlə maraqlanır. Sizə təşəkkür edirəm.
Prezident
İlham Əliyev: Sağ olun.
Stend
atıcısı Rigina Meftahətdinova: Cənab Prezident, salam.
Mehriban xanım Sizi salamlayıram. Mən idmançı ailəsində
böyümüşəm. Olimpiya çempionu Zemfira xanım
Meftahətdinovanın qızıyam. Özüm də bu
idmanla məşğulam. Mən çox fəxr edirəm ki,
Siz bizə həmişə diqqət, qayğı göstərirsiniz.
Çox olun, Sizə təşəkkür edirəm.
Prezident
İlham Əliyev: Çox sağ olun. Sizə uğurlar
arzulayıram.
Mehriban
xanım Əliyeva: Anna Skidan qızıl medal alıb.
Prezident
İlham Əliyev: Qızıl medal, təbrik edirəm.
Anna
Skidan: Sağ olun.
Mehriban
xanım Əliyeva: Təbrik edirik, sizinlə fəxr edirik.
x x x
Xatirə
şəkilləri çəkdirildi.
x x x
Velosipedçi
Elçin Əsədov: Cənab Prezident, mən Elçin
Əsədovam. Şuşada beynəlxalq velosiped idmanı
yarışının qalibiyəm. Çox fəxr edirəm.
Orada qürur duyduq, “dəmir yumruq”la. Çox sağ olun, cənab
Prezident, minnətdaram.
Prezident
İlham Əliyev: Çox sağ olun.
Paralimpiyaçı:
Allah razı olsun, bizim üçün hər cür şərait
yaradılıb. Keçmiş müharibə veteranı kimi,
İnşallah, burada da bayrağımızı ucaldarıq.
Prezident
İlham Əliyev: İnşallah. Paralimpiyaçılarımız
da Paralimpiya Oyunlarında yaxşı nəticə göstərmişdilər.
x x x
Qeyd edək
ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə
keçirilməli idi, lakin qlobal pandemiya səbəbindən
yarış bir il təxirə salındı. Oyunların məhz
Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi
olan Konya şəhəri həm də İslam
sivilizasiyasının mühüm mərkəzlərindən
sayılır. Böyük təsəvvüf şairlərindən
olan Cəlaləddin Ruminin türbəsi zahidlər
üçün ziyarətgahdır. Ümumiyyətlə,
Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi
harmonik ruha sahibdir.
Avqustun
18-dək davam edəcək V İslam Həmrəyliyi
Oyunlarında 56 ölkədən atletlər idmanın 24
növü üzrə 483 dəst medal uğrunda mübarizə
aparırlar. Azərbaycanı İslamiadada 281 idmançı
təmsil edir. Onlar ağır atletika, atıcılıq,
atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo,
futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol
(qadınlar və kişilər), karate, kikboksinq,
qılıncoynatma, oxatma, para-oxatma, para-atletika,
para-üzgüçülük, stolüstü tennis,
taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və
üzgüçülük yarışlarında güclərini
sınayırlar.
2017-ci il
mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi
Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci
vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban
xanım Əliyevanın fəaliyyəti sayəsində
bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi
bir ola bilir və bu birlik gücümüzü daha da
artırır.
“Bakı-2017”də
Azərbaycan idmançıları 162 medalla (75 qızıl,
50 gümüş və 37 bürünc) birinci oldular. Türkiyə
ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan
dördüncü (63 medal), Bəhreyn (21 medal) isə
beşinci yerdə qərarlaşdı.
Azərbaycan.- 2022.- 10 avqust.- S.2.