Azərbaycanın turizm ölkəsinə
çevrilməsi üçün böyük şansları var
Dünyada turizmin inkişafında gərginliklər yaşanılsa da, Azərbaycan bu sahədə böyük layihələr reallaşdırır və turizm sektoruna ciddi maliyyə vəsaitləri yatırır. Dünyanın bir sıra ölkələrində kənddən şəhərə axın elə ciddi problemlər yaradır ki, regionlar inkişafdan dayanır, həyat isə bütünlüklə donur. Belə yerlərdə nəinki turizmin inkişafından danışmaq, ümumiyyətlə, perspektivlərdən söz açmaq mümkün deyil.
Bu baxımdan Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların mexanizmi elə qurulmuşdır ki, kəndlə şəhər arasında fərq nəzərə çarpmır. Paytaxtdan tutmuş ən ucqar kəndə və işğaldan azad edilmiş ərazilərə qədər bütün ölkədə quruculuq işləri gedir, yeni turizm obyektləri inşa edilir, parklar salınır.
Bu il avqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu mövzuya ətraflı toxunmuş, bir sıra tarixi abidələrin bərpasına göstəriş verdiyini demişdir: "Diri Baba" türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir".
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, dövlət başçısı üçün ölkənin paytaxtı və hər hansı ucqar bir qəsəbəsindəki bərpa işlərində heç bir fərq yoxdur. Bütün abidələrə, milli-mədəni irsimizə yanaşma yüksək tələbkarlığı ilə seçilir. Hələ bir neçə il əvvəl Prezident Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı xüsusi sərəncam imzalamış, Dövlət Turizm Agentliyi isə artıq işlərin təqribən 50 faizini başa çatdırmışdır.
Prezident İlham Əliyev belə deyir: "Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın, - bunu da biz təmin etdik, - iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın. Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Yəni həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar, bildiyiniz kimi, indi Lahıca durmadan səfərlər edirlər. Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır".
Prezidentin bu səfərində aydın görünəni odur ki, pandemiya və qlobal gərginliklərin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanın bütün bölgələrində turizmin inkişafına ciddi vəsaitlər ayrılır, onun müasir dünya tələbləri ilə uzlaşmasına diqqət yetirilir. Ümumiyyətlə, biz onun şahidiyik ki, son illərdə verilən bütün qərarlar və göstərişlərdə bu və digər bölgələrin inkişafında turizm perspektivli sahələrdən biri kimi nəzərdə tutulur.
Elə həmin gün, avqustun 12-də Prezident İlham Əliyevin Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etməsi bir daha onu təsdiqləyir ki, dövlət başçısı tərəfindən Azərbaycan mədəniyyətinin təbliğinə, milli-mədəni irsimizin və turizmin inkişafına fərqlı konseptual baxış sərgilənir. Mərkəzdə 36 yerlik akt zalı, məşq səhnəsi, teatr dərnəyi, rəsm, heykəltaraş, foto, dərzi otaqları, moda nümayişi podiumu var. Yəni bura gələn hər hansı bir ziyarətçi ecazkar bir dünyaya qədəm qoyur, özü ilə apardığı xatirələrin qanadlarında bir də buralara dönəcəyini yaddaşına həkk edir.
Dövlət Rəmzləri Muzeyinin sərgi zalında yaradılan 16 bölmədə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, Orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, həmin dövrdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları, çoxsaylı poçt markaları, orden və medallar nümayiş olunur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin İsmayıllı rayonunda "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. Burada Şeyx Məhəmməd məscidinin içərisində, Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində tarixi Basqal qalasının divarlarının yeri aşkar edilmiş, XVII əsrə aid edilən tarixi hamamın ətrafında Azərbaycanın ən qədim kanalizasiya sistemlərindən biri hesab olunan kürəbənd sisteminin işləmə prinsipi aşkara çıxarılmışdır. Etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanmış, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək fonda təhvil verilmişdir.
Bircə günün ərzində dövlət başçısının ziyarət etdiyi və açılışında iştirak etdiyi obyektlər belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycan dünya turizmində öz layiqli yerini tutmağa can atır. Son iki ildə turizm iqtisadiyyatına ağır zərbə dəysə də, bu gün hamı perspektivləri nəzərdən keçirir, yeni hədəflərə köklənirlər.
Pandemiyanın dünya iqtisadiyyatına vurduğu yüz milyardlarla ziyan yəqin ki, hamıya məlumdur. Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, dünya üzrə koronavirus böhranının ilk ilində bir ölkədən digərinə bir gecəlik ziyarətə gələnlərin sayı 73 faiz azalmışdır. 2021-ci ildə vəziyyət tədricən bərpa olunmağa başladı. Dünya turizmi 2021-ci ildə 2020-ci ilə nisbətən 4 faiz artsa da, 2021-ci ildə turistlərin sayı 2019-cu ilə nisbətən 72 faiz az olmuşdur. Keçən il turist qəbul edən dövlətlərin sırasında Karib hövzəsinə daxil olan ölkələrin beynəlxalq turizm göstəriciləri 2020-ci illə müqayisədə 63 faiz qalxmışdır. Turistlər üçün 2020-ci ildə Cənubi Aralıq dənizi əraziləri (57 faiz) və Mərkəzi Amerika (54 faiz) dəbə minməkdədir. Şimali Amerikaya turist axını 17 faiz, Mərkəzi və Şərqi Avropaya isə 18 faiz artmışdır. Amma Asiya-Sakit okean hövzəsinə gələn turistlərin sayı 2020-ci ilə nisbətdə 65 faiz aşağı düşmüşdür. Bunun da əsas səbəbi ölkələrin əksəriyyətinin sərhədlərini turistlərin üzünə qapaması olmuşdur.
Belə gərgin məqamda Azərbaycan Prezidentinin turizmin inkişafına diqqət verməsi, əslində, alqışa layiqdir. Xatırladaq ki, dünyada turizmdən gələn gəlirlər ciddi məbləğdir.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2022.- 20 avqust.- S.9.