"Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi

 

Bu gün qaz ixracı üçün resurs bazamız "Şahdəniz" yatağıdır

 

"Biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu memorandum vasitəsilə biz "Cənub qaz dəhlizi"nin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutuduronun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq".

Bu sözlər  Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenə məxsusdur. O, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə bağlı bəyanatında belə deyib.

Qaz ixracının artırılması bir sıra şərtlərlə bağlıdır ki, bunların sırasında hasilatın çoxalması önəmli yer tutur. Hazırda Xəzərin Azərbaycan sektorunda bir sıra ümid verən yataqlarda gedir və yaxın gələcəkdə onlardan hasilata başlanacağı gözlənilir. Prezident İlham Əliyev  cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu barədə demişdir: "Perspektivli yataqlardan çıxarılacaq qazı həm daxili tələbatı ödəmək üçün, eyni zamanda ixrac üçün də nəzərdə tutmuşuq. Hələ ki, bizim ixrac resurs bazamız "Şahdəniz" yatağıdır. Amma yaxın gələcəkdə "Abşeron", "Şəfəq", "Asiman", "Ümid-Babək" və "Azəri-Çıraq-Günəşli"nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni çox böyük resursdurbütün sadaladığım layihələr üzrə fəal işlər gedir".

Beləliklə, "Cənub qaz dəhlizi"nin əsas ehtiyat mənbəyi "Şahdəniz"dir. Bəs "Şahdəniz" artan tələbatları necə qarşılayır? Ümumiyyətlə,  layihədə hansı işlər gedir?

"Şahdəniz"in tərəfdaşlarını xatırladaq: bp (operator - 29,99 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz), SOCAR (14,35 faiz), NİKO (10 faiz), "Cənub qaz dəhlizi" (6,67 faiz). Əməliyyatçı şirkətin bu ilin birinci yarısına aid açıqlamasında bildirilir ki, yataqdan Azərbaycan ("Azərkontrakt" ASC-yə), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edir. İlin ilk altı ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon ton (18 milyon bareldən artıq) kondensat hasil olunub. "Şahdəniz"in mövcud qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

"Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində aparılan tikinti işləri qərb-cənub cinahından bu ilin üçüncü rübünə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib. "Xankəndi" sualtı tikinti gəmisi həmin cinahda əsas sualtı quraşdırma işlərini təhlükəsiz şəkildə başa çatdırıb. Bu işlərə sualtı boru xətlərinin, hasilat üçün fontan armaturlarının, manifoldlar və idarəetmə sistemləri üçün sualtı elastik kabellərin quraşdırılması daxildir. Sualtı xətlərin bağlanması üçün dalğıc işləri də əsasən yekunlaşıb.

Qərb-cənub cinahından hasilatın başlanması layihəsi çərçivəsində "Şahdəniz Bravo" platformasının üzərində aparılan işlər də irəliləyib və hazırda tamamlanmaq üzrədir. Layihənin hər iki hissəsində - həm platformanın üstündə, həm də sualtı hissədə ilkin istismar sınaqları və yoxlama fəaliyyətləri qrafikə uyğun gedir. İlk dərinsulu cinah olan şərq-şimal cinahının keçən il işə salınmasından əldə edilmiş ən yaxşı təcrübə və bilgilər qərb-cənub cinahının istismara verilməsi üçün aparılan bütün tikinti işlərində geniş tətbiq olunur. İkinci rübdə "Şahdəniz Alfa" platformasından quyularda bir sıra işlər aparılıb, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam edib.

Qeyd edək ki, hazırda "Şahdəniz" layihəsinin illik proqramının bir hissəsi olaraq "Şahdəniz Alfa" platformasında və Səngəçal terminalının "Şahdəniz-1" qurğularında planlaşdırılmış profilaktik işlər gedir. Bu proqram həyata keçirilərkən "Şahdəniz-2" qurğuları fəaliyyətdə olacaq, regionun və Avropanın bazarlarına qaz təchizatı davam edəcək.  

"İstiqlal" və "Maersk Explorer" qazma qurğuları indiyədək "Şahdəniz-2"-nin hasilatı və onun sonrakı tədrici artımı üçün ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unda işlər sona çatıb. Yatağın şimal cinahında 5, qərb cinahında 4, şərq-cənub cinahında 4, qərb-cənub cinahında 4, şərq-şimal cinahında 2 quyu tamamlanıb. Qərb-cənub cinahında bir quyu  və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

 "Şahdəniz" qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Gürcüstana, Bakı-Tbilisi-Ərzurum kəməri və TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) ilə Türkiyəyə nəql edilir. TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə "Şahdəniz"in mavi yanacağını Avropaya çatdırır. Azərbaycan  qazına tələbat getdikcə artır və "Şahdəniz" də bunun öhdəsindən layiqincə gəlir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 23 avqust.- S.5.