Erməni vandallarının dağıtdıqları abidələr bərpa edilir

 

Ötən ay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı  demişdir: "Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni baş katibi Azərbaycana səfər etmişdir. Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik.

Əslində, biz bu təşkilatın çox fəal üzvüyükbizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Bu dəfə isə yeni seçilmiş baş katib eyni zamanda  azad edilmiş torpaqlara səfər edib - Füzuliyə, Şuşaya. Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, - erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik".

Ölkəmizdə dini abidələrə, dini-mənəvi dəyərlərimizə dövlət səviyyəsində çox böyük diqqət və qayğı var. Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədə tənzimlənir. Bu münasibətlər başqa ölkələrə bir örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən buna xüsusi diqqət göstərilir. Dövlət səviyyəsində işğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına da böyük önəm verilir. İşğaldan azad olunan ərazilərimizdə Heydər Əliyev Fondu dinitarixi abidələrin bərpasını uğurla aparır.

Erməni vandalları işğal dövründə məscidlərimizi, ziyarətgahlarımızı, qəbirüstü abidələrimizi məhv ediblər. Yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq onları vəhşicəsinə dağıdıblar. Tarixi saxtalaşdırmaqla özlərinə tarix yazmaq istəyən mənfur düşmənlərimiz milli sərvətimiz olan abidələri  məhv etməklə, onların Azərbaycana məxsusluğunu itirməyə çalışıblar. Xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür saxtakarlığa əl atıblar.

Azərbaycanın multikulturaltolerant ölkə olmasına şahidlik edən hər kəs  bilir ki, respublikamızda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Təbii ki, bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. 30 ilə yaxın erməni əsirliyində qalmış Qarabağdakı dini abidələrimiz üçün intibah mərhələsi başlayıb.

Vətən müharibəsi ilə erməni talanına son qoyuldu. İyirmi yeddi ildən sonra Ağdam Cümə məscidində yenidən azan sədaları yüksəlməyə başlayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmin məscidi ziyarət ediblər. Dövlət başçısı Məkkədən gətirdiyi müqəddəs "Qurani-Kərim"i məscidə hədiyyə edərkən demişdir: "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq".

Azərbaycan Prezidenti dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə, habelə politoloqlar, jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirib ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə bizləri sevə bilməz. İllərlə erməni işğalı altında olmuş rayon və kəndlərimizdəki məscidlər, ziyarətgahlar və digər dini abidələr pis günə salınıb. Misal üçün, XVIII əsrdə inşa edilmiş Qubadlıdakı Məmər kənd məscidi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra tamamilə dağıdılıb. Rayonun Dondarlı, Dəmirçilər kəndlərindəki məscidlər də həmin taleyi yaşamışdılar. Zəngilanda dağıdılmış məsciddə ermənilər donuz saxlayırdılar. İndi həmin məsciddə Heydər Əliyev Fondu bərpa işlərini həyata keçirir. Prezident bu məsciddə olarkən bildirmişdir ki, tezliklə bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılacaq. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq, Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək.

Ümumiyyətlə, respublikamızda bütün dinlərin məbədləri yüksək səviyyədə mühafizə olunur. Kilsələr, sinaqoqlar, erməni kilsələri, o cümlədən Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunur. Bəs ermənilər nə ediblər? Azərbaycan Prezidenti çıxışlarından birində bu suala çox müdrik cavab verib: "Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər. Beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox". 

Erməni vandalları və onların havadarları utanmadan belə bir yalan məlumat yaymışdılar ki, Yuxarı Gövhər ağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu riyakarlıqdır. Əslində, bu "təmirçilər" Azərbaycanın icazəsi olmadan, qanunsuz  torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub terror planları həyata keçiriblər. Təəssüf doğuran budur ki, Türkiyə və Pakistan istisna olmaqla, müsəlman dövlətləri bu məscidlərin erməni vandalları tərəfindən bərbad günə salınmasına heç bir reaksiya verməmişlər. Hətta beynəlxalq təşkilatlar bu məsələyə etinasız yanaşaraq susmuşlar.

Görünən odur ki, işğaldan azad edilmiş ərazilərdə  erməni vandalları tərəfindən dağıdılmış dini abidələr bərpa edilir, yenidən qurulur. Artıq illərlə həsrətində olduğumuz bu müqəddəs torpaqlarımıza, Ağalıya dönüşlə dədə-baba yurdumuza Böyük qayıdışın uğurlu yolları  açılıb. Bunun davamı kimi yaxın günlərdə Laçına, Zabuxa  qayıdışla işğaldan azad edilmiş bütün Azərbaycan torpaqlarında yeni həyat başlanır.    

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 23 avqust.- S.6.