Koreya
Respublikası Prezidentinin xüsusi nümayəndəsi
işğaldan azad olunmuş ərazilərimizdə həyata
keçirilən bərpa və yenidənqurma işləri barədə
məlumatlandırılıb
Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının
Prezidentinin xüsusi nümayəndəsi So Byoq Sunun rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə
heyətinə So Byoq Su ilə yanaşı, Koreya Milli
Assambleyasının komitə sədrləri və üzvləri
daxildir.
Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun
Bayramov qonaqları salamlayaraq Azərbaycanla Koreya arasında
mövcud olan ikitərəfli münasibətlərin uğurlu
inkişafını, həmçinin iki ölkə
arasında bir çox sahələrdə geniş əməkdaşlıq
imkanlarının mövcud olduğunu bildirib. Nazir bu il
diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu
və ölkələrimiz arasında artan siyasi dialoqun,
qarşılıqlı səfərlərin, ötən ay
nazir müavinləri səviyyəsində Koreyada siyasi dialoqun
münasibətlərin daha da inkişaf etdirilməsi
baxımından vacibliyini qeyd edib. Parlamentlərarası
münasibətlərin əhəmiyyət
daşıdığı, bu çərçivədə,
Koreya Parlamentində Azərbaycan-Koreya Dostluq Qrupunun rəhbəri
kimi So Byonq Sunun səylərindən məmnunluq ifadə
olunub. Nazir iqtisadi sahədə əməkdaşlığın
daha da inkişaf etdirilməsinin vacibliyini və bu xüsusda,
Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Komissiyanın fəaliyyətini
vurğulayıb. Koreya Respublikası ilə ölkəmiz
arasındakı alternativ enerji resursları, işğaldan azad
edilmiş ərazilərdə dağ-mədən sənayesi və
sair yeni istiqamətlər üzrə əməkdaşlıq
perspektivlərinin olduğu diqqətə
çatdırılıb. O, eyni zamanda, ölkələrimiz
arasında təhsil sahəsində artan əməkdaşlığın,
Koreya təhsil standartları əsasında
yaradılmış Sənaye və İnnovasiyalar Bakı
Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin,
universitetlər arasında ikili diplom təhsil
proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın
vacib istiqamətlərindən olduğunu bildirib.
So Byoq Su iki ölkə arasında əlaqələrin
uğurlu inkişafını qeyd edib, Azərbaycan və Koreya
arasında siyasi, iqtisadi, təhsil, energetika, informasiya
texnologiyaları, investisiya və digər sahələrdə əməkdaşlıq
münasibətlərinin inkişaf perspektivlərinə
toxunub. O, Azərbaycan Prezidenti İlham Əliyevlə
keçirdiyi görüşü məmnunluqla diqqətə
çatdıraraq, görüş zamanı gələcək
əməkdaşlıq planlarına dair əsas prioritet məsələlərin
müzakirə olunduğunu və bunun ölkələrimiz
arasındakı əməkdaşlığın yeni mərhələyə
yüksəlməsinə təkan verəcəyinə
inamını ifadə edib. O, 2009-cu ildə Parlamentin Azərbaycan-Koreya
Dostluq Qrupunun rəhbəri qismində ölkəmizə səfərini
xatırlayaraq, o zamandan bəri ölkəmizin necə
inkişaf etdiyinin şahidi olduğunu, Koreya tərəfinin
ölkəmiz ilə elektron hökumət, alternativ enerji, kənd
təsərrüfatı, təhsil, “Ağıllı şəhərlərin”
yaradılması istiqamətində əməkdaşlıqda
marağını vurğulayıb.
Nazir daha sonra 44 günlük Vətən
müharibəsi nəticəsində işğaldan azad
olunmuş ərazilərimizdə həyata keçirilən bərpa
və yenidənqurma işləri barədə ətraflı məlumat
verib.
Görüşdə, həmçinin
dövlətlərimizin beynəlxalq təşkilatlarda və
platformalarda qarşılıqlı dəstək kimi məsələlərə
diqqət yetirilib, qarşılıqlı maraq doğuran sahələr
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2022.- 26 avqust.- S.2.