Regionda reallığı yalnız Azərbaycan yaradır

 

Diplomatik mərkəzə çevrilən Şuşada keçirilən beynəlxalq konfransda səslənən fikirlər bunu bir daha təsdiqləyir

 

Avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirildi.

Bu, mədəniyyət paytaxtımızda keçirilən növbəti beynəlxalq tədbir idi. Bu konfrans bir daha təsdiqlədi ki, Şuşa həm də diplomatik mərkəzə çevrilib. Konfransda çıxış edən Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşanın Cənubi Qafqazın ən mühüm şəhərlərindən birinə çevrildiyini, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma layihələrinin sürətlə həyata keçirildiyini vurğuladı. Hikmət Hacıyev qeyd etdi ki, 30 illik işğal dövründə kəndlər və şəhərlər xarabalığa çevrilib, binalar dağıdılıb. 30 il sonra isə bölgəyə yenidən həyat qayıdıb. Prezidentin köməkçisi mina probleminə də toxunaraq bunun regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaratdığını söyləyib və vurğulayıb ki, Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir.

 

Yenidənqurma və bərpa işləri sürətlə davam edir

 

Şuşa torpaqlarımız azad olunandan sonra bir çox mədəni, beynəlxalq konfransların mərkəzinə çevrilib. İki ilə yaxın müddətdə mədəniyyət paytaxtımızda çoxlu möhtəşəm tədbirlərə şahidlik etmişik. Eyni zamanda əksər konfranslarda xarici nümayəndələr də iştirak ediblər.

Budəfəki konfransda da ilk olaraq Şuşa şəhərində aparılan yenidənqurma və bərpa işləri haqqında qonaqlara ətraflı məlumat verilib. Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, işğaldan azad olunduqdan sonra şəhərin tarixi, mədəni və strateji əhəmiyyətə malik ərazilərinin, abidələrinin bərpasına başlanılıb. Onun sözlərinə görə,  abidələr erməni vandalizminə məruz qalıb, bir çoxu isə tamamilə dağıdılıb. Hazırda abidələrin bərpası və yenidən qurulması həyata keçirilir.

Aydın Kərimov bildirib ki, Şuşada dağıdılmış evlərin bərpası prosesinə də başlanılıb. Hazırda bu proses davam edir, yeni yaşayış məntəqələri inşa olunur və 2023-cü ilin sonunda evlər istifadəyə veriləcək. Daşaltı kəndinin böyük turizm potensialından danışan  xüsusi nümayəndə deyib ki, kəndin baş planının hazırlanması işləri tamamlandıqdan sonra orada yenidənqurma işlərinə başlanılacaq.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov vurğulayıb ki, otuzillik işğal dövründə ermənilər regionun ekosisteminə ziyan vurublar, etnik və mədəni abidələr dağıdılıb. O bildirib ki, 54 min hektar ərazidə dağıntılar törədilib.

Emin Hüseynov mədəni irsin qorunub saxlanılmasının prioritet olduğunu, bu istiqamətdə Ağdamda Cümə və Qiyaslı məscidlərinin bərpa olunduğunu deyib.

 

İki ölkədən başqa, bütün qitələri təmsil edən dövlətlərin nümayəndələri Şuşada olublar

 

Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda Ankarada, Tehranda Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri olmaqla 160-dan çox nümayəndə iştirak edib.

Nümayəndələr arasında Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərin əməkdaşları və hərbi attaşeləri yer alıblar.

Konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərimizə səfəri Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Füzuli şəhərində, eləcə də rayonun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə işləri ilə tanış olub, tapılmış minaların zərərsizləşdirilməsi prosesinə baxıblar. Sonra Şuşa şəhərinə yola düşən heyət Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə yolüstü baxış keçiriblər.

Amma nümayəndələr arasında ABŞ və Fransa səfirləri yer almayıb. Həmin ölkələrin beynəlxalq konfransda yer almaması isə bu ölkələrin hələ də Azərbaycanın ərazi bütövlüyü ilə barışa bilmədiyini, gerçəkliyi qəbul etmədiyini göstərir.

Şuşada çıxışında bu məsələyə də toxunan Hikmət Hacıyev qeyd edib ki, konfransda dünyanın dörd bir tərəfindən nümayəndələr iştirak edirlər: "Hazırda Şuşada, demək olar ki, dünyanın bütün qitələrini təmsil edən dövlətlərdən nümayəndələr var. Məsələn, Avropa, Asiya, Latın Amerikası ölkələri - Qvatemala, Panama, Argentina, həmçinin Afrika ölkələri - Uqanda, Çad və digər ölkələr, eyni zamanda AvstraliyaOkeaniya regionu ölkələrinin təmsilçiləri bu gün buradadır. Bu iştirak onlar üçün də kifayət qədər maraqlıdır. Həqiqətən, Azərbaycan tərəfindən qısa müddətdə həyata keçirilən rekonstruksiya layihələrinə bizim diplomat dostlarımız və həmkarlarımız təəccüblərini gizlədə bilmirlər. Bütün bunların qısa dövr ərzində həyata keçirilməsi çox böyük maraqla qarşılanıb".

Prezidentin köməkçisi tədbirdə iştirak etməyən iki dövlətin - bunların ABŞ Fransa olduğunu qeyd edib. O, həmin ölkələrin iştirak etməmək səbəbinin başa düşülmədiyini bildirib: Düzdür, Şuşa şəhərinin məhz o ölkələrin iştirakına ehtiyacı yoxdur. Gələ də bilərlər, gəlməyə də. Yəni ki, bundan sonra biz onları heç dəvət də etməyəcəyik".

 

Reallıqla barışmaq lazımdır

 

Hikmət Hacıyev deyib ki, bu dövlətlərin nümayəndələrinin gəlməməsi, Minsk qrupu çərçivəsində və Minsk qrupunun yenidən bərpası və reanimasiyası haqqında bəzi bəyanatlarla çıxış etməsi onların 30 illik danışıqlar prosesi çərçivəsində hansı missiyanı həyata keçirməsini bir daha göstərir. Onlar Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur. Ona görə də ilk növbədə onlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər. Əgər onlar özlərini Azərbaycana dost ölkə hesab edirlərsə, bilməlidirlər ki, Şuşa Azərbaycan xalqı üçün böyük bir dəyərdir, Şuşa Azərbaycan xalqının göz bəbəyidir, hər bir Azərbaycan vətəndaşının qəlbində olan bir şəhərdir. Bura gəlməmələri 30 illik dövrdə onların hansı məqsədlərə qulluq etməsini və nələrdə maraqlı olduqlarını bir daha göstərir.

Məlumat üçün bildirək ki, ABŞ və Fransa səfirləri bundan əvvəl də Şuşada keçirilən beynəlxalq tədbirlərdə iştirak etməyiblər.

Hikmət Hacıyev bu məsələyə də münasibət bildirərək deyib ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstəriblər: "Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".

Bu gün artıq regionda reallığı Azərbaycanın yaratdığı heç kəsə sirr deyil. Torpaqlarımız işğal altında olarkən Azərbaycana qarşı hər hansısa etinasızlıq, ikili standartlar prinsipinin tətbiqi ciddi narazılığımıza səbəb olurdu. Nə qədər etiraz etsək də, nə Ermənistana, nə də ona dəstək verənlərə "gözün üstə qaşın var" deyən olmurdu.

Lakin bu gün Azzərbaycan qüdrətli dövlət kimi Cənubi Qafqazın lider ölkəsidir və öz gücünə Qarabağ münaqişəsini həll etdi. İndi diktəni Azərbaycan Prezidenti edir və kimsə ölkəmizlə təhdid dili ilə danışa bilməz.

 

Əsmər QARDAŞXANOVA,

 

Azərbaycan.- 2022.- 30 avqust.- S.2.