Bizə Zəfər yaraşır!

 

İlham Əliyevin V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü qalib  Azərbaycan atletlərini daha böyük uğurlara ruhlandırdı

 

"Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq".

Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında bayrağımızı yüksək zirvələrdə dalğalandıran atletlərimizlə keçirilən görüşdə Prezident İlham Əliyev qalib Azərbaycanın qalib idmançılarının uğurlarını çox yüksək dəyərləndirdi və Milli Olimpiya Komitəsinin rəhbəri kimi onların qarşısında yeni vəzifələr müəyyənləşdirdi.

 Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən bu görüşdə İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan idmançılarına stimul verməklə yanaşı, onları növbəti beynəlxalq yarışlara, xüsusən də Yay Olimpiya Oyunlarına daha məsuliyyətlə hazırlaşmağa köklədi.

 

Atletlərimizin uğurları Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqlədi

 

Azərbaycan idmançıları İlham Əliyevin söylədiyi kimi, V İslam Həmrəyliyi Oyunlarına qalib ölkənin atletləri kimi qatılmışdılar və nəticə də göstərdi ki, onlar ölkəmizi şərəflə, ləyaqətlə təmsil etdilər.

Azərbaycan bu oyunlarda ən böyük nümayəndə heyəti ilə - 282 idmançıdan əlavə, məşqçi, texniki heyət, media və rəsmi nümayəndələr ilə birlikdə 484 nəfərlə təmsil olundu. Oyunlardan öncə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanm Əliyevanın avqustun 9-da Konyada Atletlər kəndində idmançılarla görüşləri onları qələbələrə ruhlandırdı və nəticədə atletlərimiz 99 medal qazandılar. 19 idman növündə qazanılan medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü bürünc olmaqla, Azərbaycan 55 ölkə arasında 4-cü yerdə qərarlaşdı.

Bakıda idmançılarla görüşdə İlham Əliyev atletlərimizin uğurlarını dəyərləndirərkən vurğuladı ki, xalqımızın hər zaman fəxr etdiyi idmançılarımız bütün dünyaya bir daha Azərbaycanın idman ölkəsi olduğunu göstərdilər.

V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülməyi çox böyük nailiyyət adlandıran Prezident dedi ki, bu qələbə əvvəlki uğurların təsadüfi xarakter daşımadığını göstərdi. Onu da vurğulamalıyıq ki, idmançılarımızın bu oyunlarda 19 idman növündə medallar qazanması uğurlu nəticə olmaqla yanaşı, son illərdə idmanın bir çox növlərinin ölkəmizdə inkişaf etdiyini bir daha təsdiqləyir.

 

Yüksəksəviyyəli təşkilatçılıq, qardaş dəstəyi

 

Konyada tarixə çevrilən V İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq səviyyəsini də qiymətləndirən İlham Əliyev qardaş ölkəyə həm yarışlarda birinci yer tutduğu, həm də yüksəksəviyyəli təşkilatçılığa görə təşəkkürünü bildirdi:

"Bu oyunlar qardaş ölkədə keçirilmişdir və əlbəttə ki, bizim idmançılar özlərini çox rahat hiss edirdilər. Hər bir idmançı özünü öz evindəki kimi hiss edirdi. Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb. Bu, doğrudan da, bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda xalqlarımız, idmançılarımız qardaşdırlar. Orada - stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşılamışdır".

Həqiqətən də, oyunların açılış mərasimində çox maraqlı məqam yaşandı. Azərbaycan Prezidentininiştirak etdiyi mərasimdə ölkəmizin nümayəndə heyəti stadiondan keçərkən, yəni üçrəngli bayrağımız açılarkən 42 minlik insanın idmançılarımızı coşqu ilə qarşılaması, Türkiyənin qalib Azərbaycana qardaş alqışı oldu. Bu hisslər idmançılarımıza unudulmaz xoş duyğular yaşatdı. Xatırladaq ki, 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində də eyni hisslər yaşanmışdı. Qardaş Türkiyənin nümayəndə heyəti Olimpiya stadionuna daxil olarkən 62 min tamaşaçı onları ayaqda alqışlamışdı. 

Bütün bunlar iki qardaş ölkənin sarsılmaz birliyinin bariz təcəssümüdür. Azərbaycan və Türkiyə hər zaman birlikdədir və bu bağlılığı kimsə sarsıda bilməz.

 

MOK prezidentinin tapşırıq və tövsiyələri

 

İlham Əliyev bildirdi ki, oyunlar artıq tarixdir. İdmançılarımız bu medalları qürur hissi ilə daşıyacaqlar. Ancaq indi gələcəyə baxmağın zamanıdır və bundan sonra da Azərbaycan idmanının inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır.

MOK prezidenti son vaxtlarda müxtəlif federasiyalarda baş verən dəyişikliklərə də toxunaraq bəzi məsələlərə aydınlıq gətirdi. Qeyd etdi ki, bu islahatlar qaçılmaz idi. Səbəb isə o idi ki, bəzi federasiyalarda durğunluq hökm sürürdü, nəticələr əldə edilmirdi, hətta  bəzi idmançılarımız beynəlxalq yarışlardan məhrum edilirdilər. Müvafiq beynəlxalq idman qurumları bəzi hallarda əsaslı, bəzi hallarda isə əsassız olaraq onları, bütövlükdə federasiyaları cəzalandırırdılar. Bu da onu göstərdi ki, artıq yeni təkana ehtiyac var.

Prezident bu yaxınlarda federasiyalardaeyni zamanda Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklərin həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Çünki nəticələr göz qabağındadır. İdmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalı, hər bir idmançını tanımalı, onun problemləri ilə məşğul olmalıdırlar. İndi isə edilmiş dəyişikliklərin nəticəsində qazanılan uğurlar bir daha təsdiq edir ki, bu islahatlar labüd idi: "Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik varbu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir".

İlham Əliyev bir daha vurğuladı ki, bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət gəncləri, uşaqları idman bölmələrinə gətirir və bu proses daha da sürətlənəcək. Çünki idmanın inkişafı üçün dövlət hər cür şərait yaradıb, yeganə şərt odur ki, idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır.

Təbii ki, istənilən yarışdan sonra istirahət dövrü olmalıdır. İdmançılar bir qədər dincəldikdən sonra növbəti yarışlara köklənməlidirlər. Prezident bildirdi ki, amma bu, çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları var. Ona görə yaxın aylarda artıq hazırlığa başlamaq lazımdır: "Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik".

 

Prezident ənənəsi - uğur qazanmış idmançılar, məşqçilər, digər mütəxəssislər mükafatlandırıldı

 

İlham Əliyev hər zaman olduğu kimi, bu görüşdə də qalibləri, medal qazanmayan idmançıları da yeni qələbələrə kökləyərək onlara mənəvi dəstək verdi. Bildirdi ki,  Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan nə siyasətdə, nə idmanda, nə həyatda heç bir nəticə olmur.

Azərbaycanda idmana dövlət dəstəyi, idmançılara daim göstərilən qayğı onu deməyə əsas verir ki, bundan sonra da dünyanın idman arenalarında bayrağımız yüksək zirvələrdə  dalğalanacaq və respublikamızın idman ölkəsi kimi nüfuzu yüksələcək.   

Onu da qeyd edək ki, bütün mötəbər yarışlardan sonra dövlət başçısının idmançılarımızı mükafatlandırması ənənəsinin davamı olaraq V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş atletlərimizin, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin uğurları dəyərləndirildi. Prezident avqustun 22-də imzaladığı sərəncamla 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə 10 milyon manat vəsait ayırdı.

Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq edəcək.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2022.-24 avqust.- S.1; 3.