Azərbaycanın mütərəqqi və demokratik Konstitusiyası var

 

 Zaman keçdikcə Əsas Qanunun təkmilləşməsi dövlətimizin inkişafına yüksək töhfə verir

 

Konstitusiya hər bir sivil ölkənin Əsas Qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu ali sənəd dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqiiqtisadi əsaslarını təsbit etməklə, həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir.

Dövlətçiliyin və dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri  ilə hər bir xalqın həyatında xüsusi rola malikdir.

 

Müstəqillik tariximizin mühüm siyasi hadisəsi

 

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qarşıda duran ilk vəzifələrdən biri dövrün, siyasi-iqtisadi quruluşun tələblərinə uyğun yeni Konstitusiyanın hazırlanması qəbulu idi.

1991-ci il oktyabr ayının 18-də qəbul edilən "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı müddəa öz əksini tapmışdı. Lakin 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətdə olan iqtidarlar bu barədə düşünmək belə istəməmişdilər.

Azərbaycanda yeni Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır.

Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu cəmiyyət həyatında demokratik dəyişikliklərə böyük yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı. Eyni zamanda bütün sahələrin inkişafına təkan verdi, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, ölkədə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasihüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu. Konstitusiyanın qəbulundan bir il sonra - Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrikində Ulu Öndər Heydər Əliyev demişdir: "Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".

Bütövlükdə 1995-ci ildə Azərbaycanda demokratik Konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin və keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Bu Konstitusiya ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək dövlətimizin və cəmiyyətimizin inkişaf yollarını, xalqımızın iradəsini özündə əks etdirir.

 

Obyektiv reallıqdan irəli gələn tarixi dəyişikliklər

 

Konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik qanunu olmaqla yanaşı, digər qanunlar kimi dəyişməz deyildir, o da daim inkişafda olmalıdır. Bu baxımdan bu sənədə müəyyən vaxtlarda dəyişikliklərin olunması, müasir tələblərə uyğunlaşdırılması bütün dövlətlər üçün səciyyəvi haldır. Çünki normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır.

Ölkəmizdə indiyə kimi üç dəfə konstitusiya islahatı həyata keçirilib. Əsas Qanunumuza dəyişikliyin edilməsi ilə bağlı ilk dəfə referendumun keçirilməsindən bu gün 20 il ötür. İlk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac bütün sahələrdə qabarıq nəzərəçarpan inkişafdan irəli gəlirdi. Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etməsi, dövlətin iqtisadi siyasətində sosialyönümlü məsələlərin prioritetə çevrilməsi, habelə insan hüquq və azadlıqlarının maksimum müdafiəsinə xidmət edən təkmil qanunvericilik bazasının formalaşması Konstitusiyaya zamanın tələbi ilə səsləşən bir sıra əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirmişdi. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında" 22 iyun 2002-ci il tarixli fərmanına əsasən 2002-ci il avqustun 24-də  keçirilən referendumun da başlıca məqsədi Əsas Qanunda insan hüquq və azadlıqlarının sırasını genişləndirmək, ölkənin siyasihüquqi sistemini təkmilləşdirmək məqsədi daşıyırdı.

Referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edildi. Bu dəyişikliklər Konstitusiyanın qəbul edildiyi 1995-ci ildən ötən dövrdə baş verən proseslərdən, hüquqqanunvericilik sahəsində ortaya çıxmış yeniliklərdən, demokratik inkişafdan irəli gəlməklə, məhkəmə islahatlarının həyata keçirilməsinə, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etdi.

 

İnam və etimadın göstəricisi

 

Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avroatlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi.

Sürətlə bir-birini əvəzləyən uğurlar, dinamik inkişaf Konstitusiyaya nəzər salmağı və daha da təkmilləşdirməyi zəruri etdi.

Bu məqsədlə 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi. Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, bir sıra məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçildi.

Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqisiyasi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inam və etimadının bariz təcəssümü kimi diqqəti çəkdi. Bütövlükdə isə referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa alternativ görmür.  

 

İlham Əliyevə ümumxalq dəstəyin növbəti təcəssümü

 

Respublikamızda növbəti konstitusiya islahatı 2016-cı ildə keçirilib. Həmin vaxt Əsas Qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevikeffektiv idarəetmə mexanizmi formalaşdırmaq idi.

Hələ o vaxt təhlillər göstərirdi ki, dəyişiklikləri zəruri edən səbəblər yaranıb. Belə ki, zamanın nəbzini tutmaq lazım idi. Son konstitusiya islahatlarından sonra respublikamızda vitse-prezident vəzifəsi təsis olundu. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bu institutun nə qədər səmərəli və effektiv olduğunu təsdiqlədi.

2016-cı il sentyabrın 26-da Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı keçirilən referendum bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə növbəti demokratik siyasi hadisə kimi düşdü. Azərbaycan xalqı özünün tarixi və ən doğru addımını ataraq bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa səs verdi. Referendumun nəticələri, yəni  seçicilərin əksəriyyətinin səsvermədə iştirakı və onların təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibət bildirməsi isə Prezident İlham Əliyevə cəmiyyətimizdə olan böyük inamın növbəti təsdiqi oldu. Başqa cür ifadə etsək, Konstitusiyaya edilən dəyişiklikləri ölkə vətəndaşlarının müsbət dəyərləndirməsi növbəti dəfə İlham Əliyevə ümumxalq dəstəyin nümayişinə çevrildi. Bu, xalqımızın öz Prezidentinə və iqtidarına etimadını bir daha müəyyənləşdirən tarixi səsvermə idi. 

Konstitusiyaya edilmiş hər bir əlavə və dəyişiklik respublikamızın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yoluna, demokratik dəyərlərə sadiqliyini əyani şəkildə təcəssüm etdirib. Mütərrəqi müddəalarla daha da təkmilləşən Əsas Qanunumuz öz hüquqi funksiyası ilə dövlətimizin inkişafına layiqli töhfələr verir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 24 avqust.- S.1; 4.