Ekoloji terrora son qoyulmalıdır

 

Separatçı rejimin Azərbaycan ərazilərində talançılıqla məşğul olmasına imkan verilməyəcək

 

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda separatçı rejim tərəfindən Azərbaycanın təbii sərvətləri talanır, ekologiyası məhv edilir. Onlar faydalı qazıntı yataqlarımızın, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarını həyata keçirirlər.

Separatçıların sərvətlərimizi talamasına, eləcə də ekologiyamıza qarşı həyata keçirdikləri terrora qarşı etiraz olaraq dekabrın 12-dən eko-fəallarımız və QHT təmsilçilərimiz Laçın-Şuşa yolunda aksiyaya başlayıblar. İctimaiyyət nümayəndələrimiz Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına qarşı soyqırımı həyata keçirilməsinə son qoyulmasını tələb edirlər. Eyni zamanda dünya ictimaiyyətinin də diqqətini bu məsələyə biganə qalmamağa çəkirlər.

 

 

Ermənistan  Azərbaycan ərazilərində "ölü torpaq" siyasəti həyata keçirib

 

Ermənistan 30 illik işğal dövründə də Azərbaycan torpaqlarında ekoloji terror törədib. Erməni vandalları Qarabağ və Şərqi Zəngəzurda bulaqlarımızı, çaylarımızı qurudub, meşələrimizi qırıb, yandırıb, flora və faunamızı məhv ediblər. Bir sözlə, işğal müddətində Ermənistan "ölü torpaq" siyasəti həyata keçirərək, bu yerlərdə həyata dair hər nə varsa hamısına qənim kəsilib. 

Ermənistanın yürütdüyü bu ekoloji terror transsərhəd çay olan Oxçuçaydan da yan keçməyib. Bu çay Ermənistan ərazisində daim çirkləndirilib. Aparılan araşdırmalar zamanı ortaya çıxıb ki, QafanQacaran dağ-mədən sənayesinin tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır. Nəticədə çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olması Oxçuçayın su ehtiyatlarının istifadəsinin yararsız hesab edilməsinə gətirib çıxarıb.

Hazırda da, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunur.

Bununla əlaqədar dekabrın 10-da Azərbaycan mütəxəssisləri faydalı qazıntıların qanunsuz istismar olunduğu Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına səfər etmək istəsələr də, sülhməramlılar tərəfindən buna süni əngəl törədildi.

 

 

 

Azərbaycan ictimaiyyəti haqlı narazılığını bildirir

 

 

Azərbaycan ictimaiyyəti öz ərazisində pozulan hüquqlarının bərpası  uğrunda mübarizəyə qalxıb. Ekofəallar və QHT təmsilçiləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Şuşa-Laçın yolunda aksiyaya başlayıblar. Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar beynəlxalq sənədlərdə, eləcə də milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından istifadəyə maneçilik törədənlərə qarşı etiraz edirlər. Onların sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaqsair kimi hüquqları var. Bundan istifadə edərək hüquqlarının pozulmasına qarşı haqlı narazılıqlarını bildirirlər. Onlar Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edirlər.

"Ekoloji terrora son!", "Mina terroruna son!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" şüarları səsləndirən aksiya iştirakçıları Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüşmək istəyirlər.

Eyni zamanda aksiya iştirakçıları bildirirlər ki, dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırdırlar. Artıq aksiya iştirakçıları nömrələrini də internetdə yerləşdiriblər. Lakin neçə gündür ki, bununla bağlı ekofəallar öz köməklərini təklif etsələr də, müraciət edən olmayıb.

Bir məsələni də vurğulayaq ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, ekofəallarımızın bu aksiyasına da yalan don geyindirib beynəlxalq aləmə sırımağa çalışırlar, bu aksiyada hərbçilərimizin iştirak etdiyini iddia edirlər. Amma Şuşa-Laçın yolunda keçirilən bu aksiya heç bir siyasi məqsəd güdmür, ictimaiyyət nümayəndələrimiz haqlı olaraq separatçı rejimin torpaqlarımızda qanunsuz istismarına son qoyulmasını tələb edirlər.

 

 

 

Vətəndaşlıq borcumuz

 

 

 

Bütün bunlar Azərbaycan vətəndaşlarının milli mənafelərinə zidd olan fəaliyyətlərə qarşı həmrəy olaraq mübarizəyə atılmasının bariz göstəricisidir. Xalqımız ərazi bütövlüyünə, milli təhlükəsizliyinə təhdid olan bütün qüvvələrə qarşı canlı sipər olmağa, mənfur qüvvələri öz yerində oturtmağa və hüquqlarını təmin etməyə hər an hazırdır.

Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Şuşa - Laçın yolunda gecə-gündüz aksiya keçirmələri də buna əyani nümunədir. Onu da bildirək ki, hər ötən vaxt aksiya iştirakçılarının sayı durmadan artır.

Vətənin səsinə hay verən bütün ictimaiyyət nümayəndələrimiz, xüsusilə də gənclərimiz vətəndaşlıq borclarını yerinə yetirmək üçün Şuşa-Laçın yoluna axışır. Artıq könüllülər də haqq səsimizi ucaltdığımız həmin aksiyaya qoşulub.

Bəli, Azərbaycanın vətənpərvər gəncliyi millətinin, dövlətinin müdafiəsi uğrunda aparılan bütün mübarizələrin aparıcı qüvvəsi, öncülləridir.

Azərbaycan gəncləri tükənməz vətən sevgilərindən aldıqları güc və əzmlə də girdikləri bütün döyüşlərdən, qalxdıqları mübarizələrdən qalib ayrılmağı bacarırlar.

Bu dəfə də belə olacaqimkan verməyəcəyik ki, separatçı rejim Azərbaycan ərazilərində talançılıqla, ekoloji terrorla məşğul olsun.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 15 dekabr.- S.6.