Hələlik talançılara qarşı ayaqda ekoloqlardır

 

Amma lazım gələrsə hamımız bu yolda sinəmizi sipər etməyə hazırıq

 

 

Rusiya "sülhməramlıları"nın himayəsi ilə Ermənistanın Vətənimizin sərvətlərini çapıb-talaması nəhayət geniş səbrimizi daşırdı. Xalq ayağa qalxdı. Yenə də əliyalın xalq silahlanmış Rusiya-Ermənistan birləşmələrinin üstünə yeridi.

Bu, 1988-ci ildə Topxana meşəsinin qırılmasına qarşı gənclərimizin əliyalın Əsgərana - düşmən üzərinə getməsini xatırlatdı. İlk şəhidlərimiz Əli və Bəxtiyarın ruhu şad olsun. Amma bu dəfə nə Azərbaycan o illərdəki kimi, silahsız, təşkilatçısız, arxasız, köməksiz Azərbaycandır, nə də qarşımızdakı düşmən həmin düşməndir.

Məlum olduğu kimi, 30 il işğal altında olmuş ərazilərimizdə ölkəmizin iqtisadi potensialı üçün əhəmiyyətli 155 müxtəlif növ faydalı qazıntı yataqları var.  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin sözlərinə görə, ermənilərin talançılıq əməllərində erməni əsilli adamlarının dəvəti ilə cəlb olunmuş İsveçrə, Kanada, Avstraliya, Hindistan və digər ölkələr də iştirak ediblər. Ə.Əliyev bildirir ki, ərazisi zəngin yeraltı təbii mineral xammal ehtiyatlarına malik olan Azərbaycandakı yataqların böyük hissəsi ölkəmizin Uralı sayılan Kiçik Qafqaz filiz zonasında yerləşib. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmiş regionumuzda təsdiq edilmiş ehtiyatlara malik filiz, qeyri-filiz, tikinti materialları, yeraltı içməli və termal-mineral sular olmaqla 167 yataq mövcud olub. Bu yataqlardan 40-ı Laçın, 34-ü Kəlbəcər, 8-i Şuşa, 4-ü Xocalı, 2-si Xocəvənd, 15-i Ağdam, 6-sı Füzuli, 11-i Tərtər, 11-i Zəngilan, 26-sı isə Cəbrayıl rayonları ərazisində yerləşir: "Ölkəmizin ən iri qızıl, gümüşmis yataqları həmin bölgələrdə kəşf edilib. Bu sırada Kəlbəcər rayonunda yerləşən Söyüdlü (ehtiyatı: qızıl 112,5 ton, gümüş 190,3 ton, selen 249 ton, tellur 45,8 ton), Qızılbulaq (ehtiyatı: qızıl 17,5 ton, gümüş 18,9 ton, mis 47,9 min ton, kükürd 274,4 min ton), Ağduzdağ (ehtiyatı: qızıl 13,5 ton) və Zəngilan rayonunda yerləşən Veynəli yatağı (ehtiyatı: qızıl 6,52 ton, gümüş 10,74 ton, mis 2942 min ton) xüsusi qeyd edilməlidir. Bundan əlavə, həmin rayonlarımızda çox böyük xammal resurslarına malik mişar daşı, tikinti daşı, gil, əhəng, daş kömür, üzlük və əlvan daşı və digər faydalı qazıntılar da mövcuddur", - deyə Ə.Əliyev söyləyib. O, həmçinin bildirib ki, Kəlbəcər və Şuşa rayonları özünəməxsus balneoloji xüsusiyyətləri ilə fərqlənən termal-mineral su ehtiyatlarına (İstisuTurşsu yataqları) malikdir. Bu yataqların gündəlik debiti 3974 kubmetrdir.

Təbii ki, Rusiya-Ermənistan silahlı birləşmələrinin 30 ildə viranəyə çevirdiyi şəhər və kəndlərimizin və indiyə qədər daşıdıqları sərvətlərin məsuliyyəti var və nə vaxtsa onları ödəmə vaxtı gələcək. İndi isə Azərbaycan xalqına heç olmasa geridə qalan sərvətlərimizi qorumaq hava-su kimi lazımdır. Çünki günü bu gün də ermənilər rus "sülhməramlıları"nın və İranın köməyi sayəsində Laçın yolu vasitəsilə gecə-gündüz Azərbaycanın sərvətlərini daşımağa davam edirlər. Təkcə son illər keçmiş Dağlıq Qarabağ ərazisində ermənilər təbii sərvətlərin talan edilməsi məqsədilə 30-dan çox şirkət yaradıblar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfindən yaradılan "Base Metals" şirkəti Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının (Drmbon) istismarı ilə məşğul idi. Ağdərə yatağında mədən və sənaye fəaliyyətinin təşkili haqqında saziş isə "Valeks qrup" şirkəti və separatçı hökumət tərəfindən 2012-ci ilin mart ayında imzalanıb. Bu sazişin şərtlərinə görə, "Valeks qrup" şirkəti istehsalatın yaradılmasına 80 milyon dollar sərmayə qoymaq niyyətində idi. Heyvalıda yerləşən Drmbon dağ-mədən zavodu da keçmiş Dağlıq Qarabağda xarici investisiya əsasında olan uğurlu müəssisələrdən biri hesab olunurdu.

Onu da qeyd edək ki, adları çəkilən və çəkilməyən şirkətlər Ermənistanın iri vergi ödəyicilərindən sayılırdılar. Bu isə o deməkdir ki, 44 günlük Vətən savaşında qazandığımız zəfər bir yandan talançı və oğru şirkətlərin əksəriyyətinin Azərbaycan ərazisindən qaçmasına, digər tərəfdən də işğalçı Ermənistanın əlindən gəlirlərinin çıxmasına səbəb olmuşdur.

Bununla belə, qələbədən sonra ölkəmizdə "sülhməramlı" adı altında müvəqqəti qonaq olan Rusiya yenə də etimadı doğrultmur, daha doğrusu, özünü nə "sülhməramlı", nə də qonaq kimi aparır, erməninin talanlarına göz yumur, bizim haqlı tələbimizə göz bərəldir. Belə getsə, "dəmir yumruq" yenə işə qarışmalı olacaq, lakin bu dəfə həmişəlik hüzur tapmaq üçün.

Hələlik isə ekoloqlarımız, jurnalistlərimiz, Azərbaycan QHT-ləri Xankəndi yolunu bağlayıblar. Bağlayıblar ki, ermənilər talana son qoysunlar. Qoymasalar, hamımız o yollara düzülüb Vətənimizin suverenliyi, xalqımızın dincliyi, hüzuru naminə sinəmizi sipər edəcəyik.

 

Zəkurə QULİYEVA,

Azərbaycan.2022.- 15 dekabr.- S.7.