10-nun arzusu

 

 

"Futbolun Messiyə dünya kuboku borcu var". Bu fikirlər "DÇ-2022" başlayandan etibarən dünyanın bir çox azarkeşləri tərəfindən səsləndirilir. Hətta o yerə çatıb ki, argentinalı futbolçular da bu düşüncəni əsas şüar edərək məhz kapitanları Messi üçün oynadıqlarını açıq şəkildə çəkinmədən belə söyləyirlər.

Bəli, artıq şərəfini qoruduğu, kapitanı olduğu Argentina millisi adını finala yazdırıb. Mundialın yarımfinalında Xorvatiya seçməsini 3:0 hesabı ilə məğlub edən Cənubi Amerika təmsilçisi həlledici mərhələyə yüksəlib.

Lionel Messi bir təqvim ilində Argentina millisində vurduğu qollara görə şəxsi rekorda imza atıb. O, Xorvatiyaya penaltidən fərqlənməklə 2022-ci ildə 16-cı qolunu vurub. Bundan başqa, 35 yaşlı argentinalı mundialların 1/8, 1/4 və 1/2 final mərhələsində qol vuran 6-cı futbolçu olub. Onadək italiyalı Salvatore Skilaççi (1990), Roberto Baco (1994), bolqar Xristo Stoiçkov (1994), xorvat Davor Şuker (1998) və niderlandlı Vesli Sneyder (2010) bu nəticəyə nail olmuşdu. Məşhur argentinalı həm də 11-ci qolunu vuraraq, Dünya çempionatlarında qol sayına görə millinin rekordçusudu.

Millinin nümayiş etdirdiyi futbolun, hətta meydançada tətbiq edilən oyun planının yekununda belə qənaətə gəlmək olar: Messi və komandası. Bəli, çünki bu heyətin qurulmasında, baş məşqçidən futbolçusuna qədər məhz məşhur 10 nömrənin rolu böyükdür. Messi ilə şəxsi münasibətləri yaxşı olmayan bir çox tanınmış futbolçular var ki, onun seçiminə görə millinin heyətinə dəvət almayıblar.  

Lionel Messinin futbola gəliş hekayəsi çox fərqlidir... "Kafedə Messi, atası böyük qardaşı ilə oturmuşduq. Həmin vaxt yanımızda kağız yox idi. Ona görə müqaviləni salfet üzərində bağladıq". Bu fikirlər illər sonra dünya futbolunun bir nömrəli ulduz futbolçularından birinə çevriləcək argentinalı Lionel Messi haqqında "Barselona"nın uşaq məktəbinin məşqçisi Karles Reksaça aiddir.

Bəli, kim düşünə bilərdi ki, salfet üzərinə atılan imza uzun illər sonra qəlblərə həkk olunacaq.  Uzun illərdir şərəfini qoruduğu İspaniyanın "Barselona" klubundan ayrılan ulduz futbolçu Fransanın PSJ klubu ilə ikiillik müqavilə imzaladı. Ən maraqlısı da o oldu ki, komandadan ayrılacağı gün isə imzasını atdığı salfetlə 21 il sonra gözyaşlarını sildi.

Məlumat üçün qeyd edək ki, 5 yaşında olarkən Messi atasının məşqçilik etdiyi yerli Qrandoli futbol məktəbində məşqlərə başlayıb. 1995-ci ildə doğma şəhəri Rosarioda məskunlaşan "Nyuels Old Boyz" klubuna keçib. Bununla o, komandanın gənc ulduzuna çevrildi növbəti dörd ildə yalnız bir oyunda meydana çıxmadı. Messi təvəllüdünə uyğun olaraq "87-ci ilin maşını" ləqəbi ilə məşhurlaşdı.

Messinin uşaq vaxtı ciddi xəstəliyi olub. Doqquz yaşına qədər onun boyu sadəcə 124 sm olub. "Barselona"ya gələndə onun boyunda bir az artım olsa da,136 sm-lik Messi yaşıdları ilə müqayisədə çox qısa idi. 11 yaşında Messiyə inkişaf hormonu çatışmazlığı diaqnozu qoyuldu. O vaxt argentinalının xəstəliyinin müalicəsi üçün 700-1000 avroya ehtiyac vardı. Çoxuşaqlı ailə üçün bu məbləğ olduqca böyük idi. Argentinanın "River Pleyt" klubu futbolçunu müalicə etməkdən imtina etmişdi.

"Barselona"nın idman direktoru K.Reksaç Messinin Kataloniyanın qərbində Leyda əyalətində yaşayan qohumları sayəsində onun istedadından xəbərdar idi bir müddət sonra atası ilə Messini sınamaq üçün baxışa çağırdı. Salfet üzərində imzalanan müqaviləyə görə Messi İspaniyaya köçəcəyi halda müalicə xərcini "Barselona" öz üzərinə götürəcəkdi. Beləliklə, argentinalı   dünya futboluna yeni hekayə yazmaq üçün yola çıxdı. Kataloniya klubunda Messi ilə ayrıca fiziki hazırlıq məşqçisi Xuanxo Brau məşğul olurdu.

Göründüyü kimi, Argentinanın 10 nömrəsi heç bir zaman təslim olmadı yaranan çətinlikləri dəf etdi. Argentinalı bütün qollarını bir vaxtlar onu futbol bölməsinə aparan mərhum nənəsinə həsr edib. Messinin sol çiynində anasının portreti, sol ayağında oğlu Tiaqonun əl izləri var. İstedadı oyun tərzi ilə tez-tez bənzədildiyi Dieqo Maradona da Messini öz xələfi kimi göstərmişdi.

... Messi artıq uzun illərdir xəyalını qurduğu dünya kubokunun bir addımlığındadır. Görəsən, dünya futbolu məşhur argentinalıya kubok borcunu qaytaracaqmı?

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 15 dekabr.- S.11.