Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir

 

 

Dekabrın 15-də Milli Məclisin Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Çili Milli Konqresinin Çili-Azərbaycan parlamentlərarası dostluq qrupu arasında onlayn görüş olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov qarşı tərəfi salamlayaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışıb. Bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad olunmasından sonra həmin ərazilərdə hazırda sürətli tikinti-quruculuq və bərpa işləri aparılır, “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri həyata keçirilir. Artıq məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması prosesinə başlanılıb.

Onlayn görüşdə Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Xavyer Çauan Çili və Azərbaycan arasında əlaqələrin gələcək inkişafı, belə görüşlərin əhəmiyyəti, Azərbaycanın Vətən müharibəsində Qələbəsi barədə danışıb.

Söhbət zamanı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın perspektivlərindən bəhs edilib.

Görüşdə Milli Məclisin deputatları, Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Nigar Arpadaraiİqbal Məmmədov çıxış edərək Azərbaycan-Çili dostluq münasibətləri barədə fikirlərini bölüşüblər, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıblar.

Onlayn söhbətdə iki ölkə arasında iqtisadi, ekoloji, investisiya və digər sahələrdə əməkdaşlığın daha da inkişaf edəcəyinə inam ifadə olunub.

 

 

Azərbaycan.-2022.- 16 dekabr.- S.4.