Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı hüquqi baza təkmilləşdirilir

 

Dekabrın 13-də Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin daxil edildiyini bildirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, sənədin tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və istehlakçıların elektrik şəbəkələrinə qoşulmasının asanlaşdırılması məqsədilə hazırlanıb.

Sənəddə qoşulmanın normativ tənzimlənməsinin təmin edilməsi, qoşulma şərtləri müəyyən edilərkən istehlakçının kateqoriyasının, aldığı enerjinin həcminin və tikinti obyektinin statusunun nəzərə alınması, habelə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və əlavə güc alması qaydasının, qoşulma xidmətinə görə ödənişin məbləğinin müəyyən edilməsinə dair metodologiyanın müəyyən edilməsi üçün hüquqi əsasın yaradılması məsələləri öz əksini tapıb.

Layihədə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı yeni maddə əlavə olunur. Əlavəyə əsasən, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji alması qoşulma müqaviləsi əsasında həyata keçirilir. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə qoşulma xidmətinə görə ödəniş edir. Habelə qeyd olunur ki, qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə müəyyən edilir. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri gərginlik səviyyəsi və elektrik şəbəkəsinin gücü baxımından uyğun olanelektrik stansiyasına ən yaxın məsafədə yerləşən qoşulma nöqtəsinə qoşulur.

Sənəddə “elektroenergetika obyektləri”, “qoşulma nöqtəsi”, “qoşulma xidmətinə görə ödəniş”, “qoşulma müqaviləsi”, “ötürücü şəbəkə”, “enerji təchizatı şəbəkəsi (paylayıcı şəbəkə)” və bir sıra digər yeni anlayışlar və onların izahları verilib.

İclasda iştirak edən Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev məsələ ilə bağlı fikirlərini açıqlayıb. Diqqətə çatdırılıb ki, sənəd ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb. Plana əsasən, qanunvericilikdə təbii qaz, suelektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi nəzərdə tutulub. İ.Ağayev qanun layihəsinin istehlakçıların və sahibkarların hüquqlarının qorunması baxımından əhəmiyyətindən bəhs edib. Təklif olunan dəyişikliklərin mahiyyətindən danışan mütəxəssis qanunda təsbit edilən qaydaların müasir standartlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib.

Komitə üzvləri Məşhur Məmmədov, İltizam Yusifov sənədlə bağlı bir sıra qeydlərini səsləndiriblər. Energetika Nazirliyinin nümayəndəsi qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonundaElektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında tövsiyə olunub.

İclasdaQaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinə də baxılıb.

Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Sadiq Qurbanov, komitənin üzvləri Naqif Həmzəyev, İltizam Yusifov, Fatma Yıldırım Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq ekoloqların, ictimai fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ilə bağlı fikirlərini açıqlayıblar. Bildirilib ki, Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aidiyyəti qurumların nümayəndələrinin yataqlarda monitorinq aparılmasına törədilən maneələr aradan qaldırılmalıdır.

İclasda komitə üzvləri Afət Həsənova, Anar Məmmədov və Əliabbas Salahzadə iştirak ediblər.

 

Azərbaycan.- 2022.-14 dekabr.- S.6.