"İTi Zəka"lılar mükafatlandırıldı

 

Dekabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə təşkil etdiyi uşaqlar arasında "İTi Zəka" hakatonunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir-dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan hökuməti və Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasına, onların sağlam yaşamasına, eyni zamanda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə böyük diqqət və qayğı göstərir.

Qeyd edilib ki, Azərbaycan Ordusu 30 ilə yaxın davam etmiş münaqişəyə 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə son qoyub. Belə möhtəşəm qələbə qazanan bir ölkədə uşaqlarla bağlı siyasihüquqi qərarların qəbulunda və həyata keçirilməsində onların fikirlərinin nəzərə alınması üçünmühüm addımlar atılır.

Digər çıxış edənlər bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, ölkənin gələcəyi insan kapitalına bağlıdır. Həmçinin vurğulanıb ki, gənc nəslin nümayəndələri Azərbaycanı gələcəkdə gözləyən çağırışlara hazır olmalıdırlar. Bu günün yarış iştirakçıları gələcəyin elm adamları, startapçılarıdırlar.

Sonra "İTi Zəka" hakatonu barədə videoçarx nümayiş olunub.

Müsabiqənin yekununda mükafatlandırma mərasimi keçirilib. İştirakçılar yarış zamanı uşaq inkişafı, təhsil və uşaqlar, zorakılıqdan müdafiə, uşaqların informasiya təhlükəsizliyi, uşaqların asudə vaxtı mövzularında tapşırıqları icra ediblər. Hazırlanmış layihələr münsiflər tərəfindən qiymətləndirilib və üç qalib komanda müəyyən edilib. Belə ki, müsabiqədə birinci yeri "NN Edu" komandası, ikinci yeri Heydər Əliyev Liseyinin komandası, üçüncü yeri isə "İntellekt" komandası tutublar.

Qeyd edək ki, müsabiqənin məqsədi uşaqlara öz hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, innovativ həll yolları ilə bağlı təkliflər irəli sürmək üçün şərait yaratmaq, onlarda kreativ düşüncəni formalaşdırmaq, eyni zamanda komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək olub.

 

Azərbaycan.- 2022.- 14 dekabr.- S.9.