Fransa Cənubi Qafqazdakı yeni geosiyasi reallıqla barışmaq məcburiyyətindədir

 

Rəsmi Parisin qərəzli siyasətinin ən böyük zərbəsi Ermənistana dəyəcək

 

 

İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsi ilə regionda yeni geosiyasi reallıq yaratmış Azərbaycanın hazırda ümumən Avropada əsas söz sahiblərindən birinə çevrilməsi, davamlı sülh və sabitliyə xidmət edən sülh gündəliyini diktə etməsi Ermənistanı aşkar himayə edən bəzi dövlətləri, eləcə də ermənipərəst dairələri ciddi narahat edir. Fransa Senatının ardınca noyabrın 30-da bu ölkənin Milli Assambleyasında Azərbaycan əleyhinə hüquqi-siyasi əsası olmayan növbəti qərəzli qətnamənin qəbulu da bunu bir daha sübut edir.

Fransanın qanunverici orqanı reallığı təhrif edən bu cəfəng qətnaməsi ilə faktiki olaraq, beynəlxalq hüquq normaları və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirib, dövlətimizin ərazi bütövlüyünüsuverenliyini hədəfə alıb. Fəqət, güclü erməni diasporulobbisinin mövcud olduğu Fransanın bu ermənipərəst mövqeyi, əslində, o qədər təəccüblü də görünmür. Fransada Türkiyə və Azərbaycan əleyhinə bu kimi əsassız və qərəzli kampaniyalara zaman-zaman rast gəlinib. Xatırladaq ki, hələ 2012-ci ildə "erməni soyqırımı"nı inkar edənlərin bir il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutan qanun layihəsi də Fransa parlamentində qəbul edilmişdi. Bu fakt Fransanın söz və mətbuat azadlıqlarına, demokratik prinsiplərə gerçək münasibətini bir daha təsdiqləmişdi. Məhz buna görə də sonda ölkənin Konstitusiya Məhkəməsi sözügedən qanunu ləğv etmək məcburiyyətində qalmışdı.

Ermənistanı aşkar şəkildə himayə edən Fransa müxtəlif dövrlərdə, eləcə də İkinci Qarabağ müharibəsi günlərində və sonra Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qərəzli qətnamələrin "əsas dirijoru" olub. Halbuki uzun illər ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olmuş Fransa münaqişənin ədalətli və beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətində hansısa ciddi addım atmayıb. Əksinə, təcavüzkar Ermənistana loyal və bəzən də açıq dəstək ifadəsi olan davranışlara yol verərək, bitərəflik prinsipini kobud şəkildə pozub.

Fransa vasitəçi olmasına rəğmən İkinci Qarabağ müharibəsinin ilk günlərindən Ermənistana açıq dəstək verən bəyanatlar səsləndirib. Xüsusilə də Prezident E.Makronun açıqlamaları qərəzli və əsassız olması ilə diqqəti çəkib. Hərbi əməliyyatlar zamanı ermənilərin başladığı iftira xarakterli kampaniyaya açıq dəstək ifadə edən Fransa Prezidenti "Azərbaycanın guya müharibədə Yaxın Şərqdən gətirilmiş muzdlu döyüşçülərdən istifadə etməsinə" dair qeyri-ciddi bəyanatlar səsləndirib. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, rəsmi Paris bununla bağlı heç bir fakt ortaya qoya bilməyib. Bu cür dezinformasiyalar Azərbaycanı təcavüzkar kimi təqdim etmək, döyüş meydanında sözünü deyən ordumuzun qüdrətini təhrif etmək məqsədi güdürdü.

Fransa mediasının Azərbaycana qarşı qərəzli mövqe tutması, Ermənistanın maraqlarını birtərəfli qaydada müdafiə etməsi də ifrat hal almışdı. Fransanın "TF-1" televiziyasının əməkdaşının Qarabağdan obyektiv reportaj hazırlandığına görə təhdid və təzyiqlərə məruz qalması söz və mətbuat azadlıqlarına, azad fikrə aşkar qəsd idi. Xatırladaq ki, həmin zaman hətta "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı "TF1"ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyən bəyanat yaymışdı.

Azərbaycanla sülh müqaviləsinin imzalanmasının gecikməsi, ölkəmizə qarşı absurd iddialar səsləndirməsi faktiki olaraq hər keçən gün daha çox Ermənistanın özünün əleyhinə işləyir, onu yenə müəyyən xarici güclərin əlində vasitəyə çevirir. Fransa hakimiyyət rəhbərliyinin Ermənistana birmənalı şəkildə verdiyi dəstək, eləcə də Fransa parlamentinin məlum anti-Azərbaycan qətnamələri daha çox rəsmi Parisin İrəvandan istifadə etməklə Cənubi Qafqazda mövqelərini gücləndirməsinə xidmət edir. Təəssüf ki, Ermənistan bu məsələdə böyük məmnuniyyətlə Fransa üçün alət rolunu icra etməyə razılıq verir. Bununla Ermənistan hərbi-siyasi rəhbərliyi öz ölkələrinin maraqlarını arxa plana atır. Çünki Ermənistanın maraqları bu gün Azərbaycanla, Türkiyə ilə sülh və əməkdaşlıq mühitində yaşamağı tələb edir. Ancaq bunun əvəzinə adıçəkilən ölkə rəhbərliyi xarici maraqlara xidmət edir.

Fransa Senatında və Milli Assambleyasında qəbul edilmiş layihələr Azərbaycana qarşı iftiraböhtandan savayı başqa anlam ifadə etmir və hansısa təsir qüvvəsinə malik deyil. Bu qətnamə indiki halda sadəcə Ermənistanı sülh prosesindən yayındırmağa xidmət etməkdən savayı, heç nəyə yaramır. Ermənistanın sülhdən uzaq durması isə nəticə etibarilə bu ölkənin özünə zərər vurur, onun inkişafına, təhlükəsizliyinə ciddi təhdid yaradır. Deməli, Fransada qəbul edilən anti-Azərbaycan xarakterli qətnamələr, atılan digər addımlar daha çox Ermənistana zərbə vurur.

Əlbəttə, Fransada erməni lobissinin güclü olması, ermənilərin sayının çoxluğu ölkənin siyasətinə ciddi şəkildə təsir göstərir. Azərbaycan Minsk qrupunun tarixə qovuşduğunu nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə qarşı çıxmadı. E.Makronun vasitəçiliyi ilə 4 fevral 2022-ci və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər keçirildi. Lakin Fransa Prezidentinin sonuncu görüşdən cəmi bir həftə sonra Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanan, birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri onun "vasitəçilik təşəbbüsləri"nin neytrallığını və qərəzsizliyini ciddi sual altına aldı. Belə ki, Emmanuel Makronun "France-2" telekanalına müsahibəsində ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlar, bunun ardınca Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi anti-Azərbaycan xarakterli sənədlər, Parisin Frankofoniya Sammiti vasitəsilə Bakıya qarşı təxribatçı mövqe sərgiləməsi indi böyük sürətlə Qafqazda fransızların əleyhinə işləməyə başlayıb.

Azərbaycan Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı qeyd etdiyi kimi, Fransa artıq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Bu, regionda çox mühüm bir prosesdən Fransanın kənarda qalmasıdır və indiki vəziyyətə görə də bütün məsuliyyət adıçəkilən dövlətin üzərindədir: "Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. ÇünkiRusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub".

Fransanın Azərbaycan və Ermənistan arasında sülh əldə edilməsində vasitəçi olmasının mümkünsüzlüyü Beynəlxalq Frankofoniya Təşkilatının Tunisin Cerba şəhərində keçirilən Zirvə görüşü kontekstində bir daha öz təsdiqini tapdı. İllik büdcəsinin 40 faizinin Fransa tərəfindən təmin edildiyi, bu ölkənin himayəsi və dəstəyi altında fəaliyyət göstərən, əsası 1970-ci ildə qoyulan təşkilat son Zirvə görüşündə rəsmi Parisin təhriki ilə mandatına uyğun olmayan qərar və qətnamələr qəbul etməklə, əslində, iflasa doğru getdiyini təsdiqlədi. Beynəlxalq Frankofoniya Təşkilatının missiyasından kənar fəaliyyətlərə cəlb edilməsi quruma beynəlxalq marağı azaldır. Təşkilat beynəlxalq münasibətlər sistemində əvvəlki rolunu oynaya bilmir.

Fransa-Ermənistan tandeminin fəaliyyəti iflasa uğrasa da, Cerba şəhərində keçirilən Zirvə görüşünün yekununda qəbul edilən bir sıra sənədlər, məsələn, "Frankofoniya ərazisində böhranlı vəziyyətlər, onların aradan qaldırılması və sülhün möhkəmləndirilməsi haqqında" qətnamədə ölkəmizə qarşı qərəz elementləri özünü qabarıq göstərir. Bu elementlər məhz Fransa tərəfindən həyata keçirilən təzyiqlər nəticəsində sənədə daxil edilib. Burada Azərbaycana qarşı açıq qərəz, iftira dolu məqamlar yer alıb. Beləliklə, reallıqdan uzaq qətnamənin qəbulu Ermənistanın "böyük bacısı" hesab edilən Fransanın sayəsində baş tutub. "Sənəddə" İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün bərqərar olmasına əngəl yaradan, təxribatçı və destruktiv fəaliyyətlə məşğul olan Ermənistana hansısa irad bildirilməyib. Əksinə, Ermənistanın baş naziri Nikol Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın Zirvə görüşü çərçivəsində cəfəng fikirlər səsləndirməsinə Fransa tərəfindən hər cür şərait yaradılıb.

Bütün bu kimi hallar Beynəlxalq Frankofoniya Təşkilatının onsuz da zəifləyən nüfuzunun daha sürətlə pisləşməsinə səbəb olur. Təşkilatın liderləri olan Fransanın və Kanadanın səylərinə baxmayaraq, indi onun sıralarına yeni ölkələri cəlb etmək mümkünsüz hala gəlib. Əvvəllər təşkilata üzvlük üçün müraciət edən bəzi dövlətlər sonradan buna lüzum görmədikərini bəyan ediblər. Sözügedən qurumda yer alan bir sıra ölkələr isə vaxtilə Fransanın müstəmləkələri olublar. Təşkilata üzv Əlcəzair, RuandaÇad kimi ölkələrdə Fransa yüz minlərlə insanı qətlə yetirib. Şimali Afrikada bir çox ölkələr isə Fransanın təşkilatı amorf quruma çevirməsindən, ondan öz məqsədləri üçün istifadə etməsindən narazıdır. "Frankofoniya ərazisində böhranlı vəziyyətlər, onların aradan qaldırılması və sülhün möhkəmləndirilməsi haqqında" qətnamə  isə Fransanın belə çirkin fəaliyyətinə son qoymadığını göstərir.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın bu beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrin əksinə qərar çıxarması, ölkənin qanunverici orqanında Azərbaycanla bağlı əsası olmayan müzakirələr aparılması təşkilatın Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Rəsmi Paris son 30 ildə dəfələrlə Azərbaycanın ərazi bütövlüyüsuverenliyini dəstəkləyən bəyanatlarla çıxış edib. Belə olan halda Fransa parlamentinin postmünaqişə dövründə tutduğu qeyri-obyektiv, qərəzli mövqe anlaşılmazlıq və təəssüf hissi doğurur. Bu cür destruktiv gedişlərlə danışıqlar prosesində rəsmi Bakıya təsir göstərmək, onun mövqelərini zəiflətmək qətiyyən mümkün deyil.

Aparılan təhlillər həm də bu qənaətə gəlməyə əsas verir ki, Fransanın Azərbaycana qarşı atdığı addımların iki əsas səbəbi var. Bunlardan birincisi Fransadakı erməni diasporu ilə bağlıdır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqları Ermənistan kimi, erməni diasporu da qəbul etmək istəmir. Fransadakı erməni diasporunun bu xüsusda istəyinin təmin edilməsinə Makron hakimiyyəti də müəyyən cəhdlər edir. Erməni diasporunu razı salmaq üçün Azərbaycan əleyhinə addımlar atan rəsmi Paris Cənubi Qafqazda nüfuz və mövqeyinə öz əli ilə ağır zərbələr vurur.

Digər tərəfdən, Makron hakimiyyəti istər daxili, istərsə də xarici siyasətində davamlı şəkildə fiasko ilə üzləşir. Bu durumda hansısa nailiyyətin olması Makronaonun hakimiyyətinə hava-su kimi lazımdır. Elə bundan irəli gələrək Fransa Cənubi Qafqazda aparıcı aktorlardan biri kimi özünü göstərməyə çalışır, Azərbaycan və Ermənistan arasında sülh üçün vasitəçi olmağa can atır. Lakin burada yol verilən çoxsaylı yanlışlıqlar, xüsusən də Azərbaycan əleyhinə sərgilənən qərəzli mövqe Fransanın növbəti fiasko hekayəsinə çevrilib, Parisin nüfuzuna növbəti zərbəni vurub.

Regionda Azərbaycan faktorunun düzgün dəyərləndirilməməsi Fransanın xarici siyasətində növbəti uğursuzluğu şərtləndirib. Fransa Nikol Paşinyan hakimiyyətini sülh prosesindən yayındırmaqla, Ermənistanı çıxılmaz vəziyyətdə qoyur. Müəyyən müddətdən sonra bundan həm Ermənistanın, həm də erməni diasporunun bu vəziyyətdən narazılıq etməsi qaçılmaz olacaq. Bu, Fransa hakimiyyətinin Ermənistana yönəlik siyasətinin də yanlışlığının təzahürü kimi özünü göstərəcək, eyni zamanda erməni diasporunun Makrondan üz döndərməsini reallığa çevirəcək.

Doğrudur, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi tələsik açıqlama verərək, qəbul edilmiş qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini bəyan edib. Qətnamənin guya "tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq" qəbul edildiyi bildirilib. Bu açıqlamadan narazı qalan Ermənistan rəsmiləri isə hazırda Fransa hakimiyyətini qətiyyətsizlikdə ittiham edirlər.

Ümumiyyətlə, Vətən müharibəsindən sonra Fransanın regionda yaranmış yeni geosiyasi reallıqlarla barışmaqdan savayı yolu qalmayıb. Aşkar ermənipərəst mövqe tutan Fransa Azərbaycanın maraq və mənafelərini nəzərə almadan, balans saxlamadan Cənubi Qafqazdakı proseslərə nüfuz etmək imkanlarını tamamilə itirə biləcəyini anlamalıdır. Ən əsası, Azərbaycanı Avropanı əsas enerji təchizatçılarından biri kimi qəbul edən Avropa İttifaqı Fransanın ölkəmizə qarşı qərəzli mövqeyini qətiyyən bölüşmür.

 

İsaxan VƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor

Azərbaycan.-2022.- 16 dekabr.- S.9.