Milli mübarizənin nümunəsi

 

Ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və media mənsublarının ekoloji terrora son qoyulması tələbi ilə Şuşa-Laçın yolunda başlatdıqları etiraz aksiyası 10 gündür ki, davam edir.

Bu aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarının qarşısının alınması  məqsədilə keçirilir. Aksiya iştirakçıları "Eko-terrora son!", "Mina terroruna son!", "Təbiəti qoruyaq!",  "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" kimi şüarlar səsləndirir, tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.

Ermənilər isə həmişə olduğu kimi, riyakar xislətlərinə uyğun olaraq bu aksiyanın guya mülki əhali üçün problemlər yaratdığını iddia edir, hadisələrə müxtəlif don geyindirməyə çalışırlar. Lakin elə sülhməramlılar da görür ki, bu aksiya ekoloji tarazlığı bərpa etmək məqsədilə təşkil edilib, sivil formada həyata keçirilirheç bir təhlükə ehtiva etmir.

Laçın yolunda keçirilən aksiya xalqımızın milli birliyinin növbəti təzahürü, həmrəyliyimizin təcəssümüdür. Təsadüfi deyil ki, aksiya başlayan gündən ictimaiyyət nümayəndələri Şuşaya gedərək eko-aksiyaya dəstək olmağa can atır, tələblərimizi əzmkarlıqla səsləndirir və dünyaya sülh mesajı ötürürlər.

 

Minlərlə gənc aksiyaçılara qoşulmaq üçün məqam gözləyir

 

Aksiya iştirakçısı, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə deyib ki, Şuşa-Laçın yolunda keçirilən aksiyanın əsas səbəbi Azərbaycanın suveren ərazilərində ermənilər tərəfindən törədilən ekoloji terrordur: "Aksiyanın məqsədi "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarının, ətraf mühitin çirklənməsinin, oradakı su hövzələrinin tamamilə yararsız hala düşməsi və meşə massivinin qırılmasının qarşısını almaqdır. Biz hüquqlarımız çərçivəsində tələblərimizi irəli sürür, ekoloqlarımızın həmin faydalı qazıntı yataqlarında monitorinq aparmasına şərait yaradılmasını tələb edirik. Tələblərimiz yerinə yetirilənə qədər bu aksiyanı davam etdirəcəyik. Beynəlxalq hüquqa görə, bizim öz ərazilərimizdə monitorinq keçirməyə tam haqqımız var. Elə buna görə də xalqımız həmrəylik nümayiş etdirir, minlərlə gənc aksiyaçılara qoşulmaq üçün məqam gözləyir".

F.Həsənzadə qeyd edib ki, ermənilərin Qarabağda ekosidi uzun illərdir ki, davam edir, ərazilərimizdə hektarlarla meşə massivləri qırılıb, təbii sərvətlərimizin qeyri-qanuni istismarı zamanı ətraf mühit, ən çox da su hövzələri çirkləndirilib: "Aksiya iştirakçılarının əsas tələbi də bu ekosidə son vermək, suveren ərazilərimizdə ekoloji mühitə nəzarəti ələ almaqdır. Hər gün yüzlərlə könüllü, vətəndaş cəmiyyəti institutlarının nümayəndəsi, jurnalist və qeyri-hökumət təşkilatı üzvü aksiyaya qoşulurlar. İştirakçıların əhvali-ruhiyyəsi çox yüksəkdir. Fəallar gecə-gündüz demədən, şaxtalı hava şəraitinə məhəl qoymadan "ekoloji terrora son!" deyir. Onlar bir dəqiqə belə olsa, postu tərk etmir, ocaq ətrafında səhərə kimi Vətən naminə şüarlar səsləndirməyi özlərinə borc bilirlər".

Gənc fəalın sözlərinə görə, ermənilər həmişə olduğu kimi, yenə də vəziyyətdən sui-istifadə edib iyrənc təbliğatla məşğul olur, azərbaycanlıları sülhməramlılarla qarşı-qarşıya qoymağa çalışırlar: "Onlar aksiya iştirakçıları ilə sülhməramlılar arasında hansısa problemlərin yaşandığına dair əsassız iddialar səsləndirirlər. Hər kəs şahiddir ki, sülhməramlılarla fəallar arasında heç bir insident yaşanmır, aksiya iştirakçıları tərəfindən problem yaradılmır. Əksinə, bizim gənclər Rusiya hərbçilərinə su, yemək və başqa azuqələr  təklif edirlər. Şahidi olmuşam ki, Rusiya sülhməramlılarından bəziləri bizi salamlayır, azərbaycanlılara "qardaş" deyə müraciət edirlər. Bu baxımdan, bəzi xarici dairələrin, eləcə də ermənilərin növbəti iddiaları  reallığı əks etdirmir. Bu təxribatdan başqa bir şey deyildi".

 

Sülhməramlılar zirehli texnikanı kənara çəkiblər

 

F.Həsənzadə bildirib ki, biz humanist xalq olduğumuza görə ölkəmizdə yaşayan bütün şəxslərin hüquqlarını qorumağa çalışırıq: "Aksiya artıq 10 gündür ki, davam edir. Rusiya sülhməramlıları bu günlər ərzində bir daha əmin oldular ki, bizim aksiya özündə kin-küdurət ehtiva etmir, biz ermənilərdən fərqli olaraq nasist siyasət həyata keçirmirik. Ekofəallar dinc erməni əhaliyə problem yaratmır, humanitar yardım daşıyan maşınların keçidinə əngəl olmur. Ermənistanın təbliğ etdiyi kimi, guya bəzi erməni gənclərin və şagirdlərin İrəvandan Xankəndiyə dönə bilməmələri həqiqəti əks etdirmir. Ona görə ki, Xankəndi Azərbaycan ərazisi olduğu üçün orada yaşayan ermənilər də bizim vətəndaşlarımız hesab edilirlər və onların sərbəst hərəkətlərinə heç bir maneə törədilmir". 

Aksiya iştirakçısı onu da qeyd edib ki, sülhməramlılar Şuşa-Laçın yolunda yerləşdirdikləri zirehli texnikanı kənara çəkib, postların yerini qismən dəyişiblər: "Bunun səbəbi odur ki, Rusiya hərbçiləri bizim aksiyanın dinc xarakter daşıdığının şahidi olublar. Onlar biz tərəfdən heç bir təhlükə hiss etmədikləri üçün zirehli texnikanı kənara çəkiblər. Aksiya sivil ermənilərə, eləcə də  sülhməramlılara qarşı hansısa təhlükə yaradılması məqsədilə təşkil edilməyib. Aksiya iştirakçıları onlar üçün ayrılmış ərazidən bir addım belə irəli atılmırlar ki, bu, təhlükə kimi başa düşülməsin".

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 22 dekabr.- S.8.