Rus Pravoslav Kilsəsi ilə QMİ arasında nümunəvi dini-mənəvi əlaqələr var

 

Dekabrın 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı, dini-mənəvi əlaqələrin də səviyyəsindən razılıq ifadə olunub.

Bildirilib ki, QMİ sədrinin bu ilin dekabrında Moskvabütün Rusiya Patriarxı Kirillin dəvəti ilə Rusiyaya səfəri, Zati-müqəddəsləri Patriarx Kirillə görüşü, habelə dini liderlərin üçtərəfli görüş perspektivləri barədə fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, Rus Pravoslav Kilsəsinin sülhyaratma potensialı varonun vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alınıb. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Soçi Bəyanatında dini liderlərin sülh istiqamətində səylərinin davam etdirilməsinin mühümlüyünün vurğulandığını xatırladan şeyxülislam Allahşükür Paşazadə Patriarx Kirillə görüşü zamanı bu perspektivləri müzakirə etdiyini diqqətə çatdırıb. QMİ sədri Rus Pravoslav Kilsəsinin uzun illər ərzində dinlərarası dialoq müstəvisində nümunəvi sülhyaratma fəaliyyətinə toxunaraq Patriarx Kirillin bu istiqamətdə səylərini iştirak etdiyi bütün platformalarda hər zaman qeyd etdiyini və yüksək qiymətləndirdiyini səfirin diqqətinə çatdırıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq sahəsində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğundan, ölkəmizin dini həyatında, dini konfessiyalar müstəvisində fəal icma olaraq iştirak etməsindən razılıq ifadə edilib. Vətən müharibəsində Azərbaycan xalqının işğaldan azad etdiyi ərazilərdə gedən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri ilə yanaşı, vandalizmə məruz qalmış dini-mənəvi irsin dirçəldilməsi, məscidlərlə yanaşı, pravoslav, Alban-Udi kilsələri, digər məbəd və ziyarətgahların yenidən qurulması, bərpası və qorunması sahəsində misilsiz işlər görüldüyünü qeyd edən şeyxülislam Allahşükür Paşazadə bütün bunların Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Prezidentinin azad Qarabağa elə bir səfəri olmur ki, dini-mənəvi əhəmiyyətli abidələrə qayğı və dövlət himayəsini nümayiş etdirməsin. Multikultural dəyərlər ölkəsi olan Azərbaycanda bu ali diqqət təkcə məscid, İslam abidələrini deyil, xristian, yəhudi məbədlərini də ehtiva edir.

QMİ sədri son zamanlar RusiyaUkrayna ətrafında yaşanan gərginlikdən xeyli narahat olduğunu, bu mövzunun tezliklə xoş məramla həllini tapması, iki yaxın qardaş olan xalqlar arasında münasibətlərin yoluna qoyulması üçün dualar etdiyini rusiyalı səfirin diqqətinə çatdırıb.

Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mərhum Arxiyepiskopu Aleksandrın əziz xatirəsini hər zaman andığını və onun Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafına uzun illər ərzində verdiyi töhfələri yüksək dəyərləndirdiyini bildirib.

Səfir Mixail Boçarnikov görüşə görə şeyxülislama təşəkkürlərini bildirib, Rusiya ilə Azərbaycan arasında geniş spektr üzrə münasibətlərin hər iki dövlətin mənafeləri naminə uğurla davaminkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Rusiyada Azərbaycanın regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı mövqeləri bütün tərəflər üçün faydalı kimi yüksək qiymətləndirilir.

Dövlət başçılarımızın səyləri sayəsində ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, logistik əlaqələrin getdikcə dərinləşməsindən, kommunikasiya layihələrindən, çoxtərəfli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edən rusiyalı səfir Pus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası dialoq çərçivəsində nümunəvi dini-mənəvi əlaqələrin mövcudluğunu böyük dəyər kimi qiymətləndirib. Bu işdə böyük nüfuza malik dini lider olaraq şeyxülislam Allahşükür Paşazadənin səylərinin, 40 ildən çox müddət ərzində sülhyönümlü, xoşməramlı fəaliyyətinin böyük əhəmiyyət daşıdığını bildirib. Xalqlarımız, dövlətlərimiz arasında mövcud dostluq, qardaşlıq, strateji əməkdaşlıq bağlarının qorunub saxlanılmasının, inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Aleksiy Nikonorov da iştirak edib.

 

Azərbaycan.- 2022.-23 dekabr.- S.10.