Vətənpərvər gənclik gələcəyimizin təminatıdır

 

Azərbaycan ona görə xoşbəxt ölkədir ki, onun gəncliyi müstəqilliyimizin əbədi və dönməz olması üçün gələcək hədəflər haqqında düşünür, çalışır, vuruşur, yeri gəldikdə canından belə keçir. Bu cür vətənpərvər gənc nəslin yetişdirilməsi uzunmüddətli, davamlı strateji siyasətin nəticəsidir.

 

Gənclər siyasətinin təməl prinsipləri tarixi dönəmdə

 

Tarixə nəzər salsaq görərik ki, gənclərə yönəlik siyasətin təməli hələ sovet dönəmindən Ümummilli Lider Heydər Əliyevin birinci hakimiyyəti dönəmində qoyulub.

Heydər Əliyevin təşəbbüsü ilə 1970-1985-ci illər ərzində SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilib. Həmin zaman hərbi sahədə təhsilin inkişafına xüsusi olaraq diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

Ulu Öndər 70-ci illərdə Mərkəzi Komitədə təhsillə bağlı müşavirə zamanı  təhsil naziriniali məktəb rektorlarını dinlədikdən sonra Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət edərək sual verir: “Tələbələr içərisində yerli əhalinin nümayəndələri nə qədərdir?” Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev məktəbin rəisini buna görə çox kəskin surətdə məzəmmət edirona konkret tapşırıqlar verir. Bir müddətdən sonra eyni məzmunlu müşavirədə Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət edərək bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin bu sahədə təhsilə cəlb edilməsinin faizi ilə maraqlanır və müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirir.

Ulu Öndər deyir: “Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik məktəblərini bitirənləri götürürlər. Bu məsələ ilə də maraqlandım. Aydın oldu ki, SSRİ-nin təyyarəçilik məktəblərində Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun nümayəndəsi təhsil almır. Bəs, siz hara baxırsınız?!”

 Azərbaycanın gələcək inkişafına yönəlmiş strateji əhəmiyyətli bütün işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hələ o vaxtlar zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı. Ümummilli Lider Heydər Əliyev özü bu məsələlərə belə qiymət verir: “Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır!”

Heydər Əliyevin Azərbaycan gəncliyinə yönəlmiş strateji siyasi fəaliyyətinin qayəsini onun müstəqillik dönəmi üçün kadr potensialının artırılması təşkil edirdi. Dahi şəxsiyyət deyirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir!

Heydər Əliyevin  yenidən hakimiyyətə qayıtması müstəqillik dövründə müasir çağırışlara cavab verən yeni gənclər siyasətinin strateji hədəflərini və əsas prioritetlərini müəyyən etdi. 

Gənc nəslin düzgün tərbiyə edilməsində gənclər siyasətinin bir inzibati təsisat ətrafında birləşdirilməsinin zəruriliyini nəzərə alaraq, Ulu Öndər 26 iyul 1994-cü ildə  Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başlandı. Bu siyasətin davamı olaraq 26 yanvar 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən 2 fevral tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə təkan verdi. Həmçinin Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli fərmanı ilə istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və o kitaba adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

 

Azərbaycan Gəncləri Günü

 

Heydər Əliyev deyirdi ki, hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bugünüdür, həm də sabahıdır, ümididir.

Ulu Öndərin 2 fevral 1997-ci il tarixli fərmanı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıldı.

 Gənclərə strateji siyasətin davamlılığını təmin etmək məqsədi ilə qanunvericilik bazasının möhkəmləndirilməsi üçün ardıcıl olaraq Ulu Öndər tərəfindən yeni fərmanlar imzalanırdı. 29 iyul 1999-cu il tarixli “Dövlət gənclər siyasəti haqqında” fərman və 9 aprel 2002-ci il tarixli “Gənclər siyasəti haqqında” qanun da  bu məqsədə xidmət edirdi. Sözügedən qanunların qəbul edilməsi ilə bu sahədə  qanunvericilik bazası möhkəmləndi və dövlətin gənclər siyasəti daha da düzgün istiqamət aldı.

“Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir” deyə gənclərə yönəlik bu  fikirləri səsləndirən Heydər Əliyev öz strateji məqsəd və hədəflərini aydın şəkildə göstərirdi. Dahi siyasətçi başqa bir kəlamında “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bugünüdür, həm də sabahıdır, ümididir  söyləyirdi.

Uğurlu siyasi varis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Heydər  Əliyevin  gənclərə yönəlik siyasətini daha da dinamik şəkildə davam etdirdi. Prezident İlham Əliyev 16 aprel  2007-ci il tarixli sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”nı təsdiq etməklə ölkənin gələcək kadr potensialının intellektual gənclikdən keçdiyinə diqqət çəkdi.

 

Gənclər Günündən “Gənclər ili”nə

 

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda Gənclər Gününü təsis etdi, siyasi varisi Prezident İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ilielan edildi. Bununla da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, gənclərin xidmətlərinin qiymətləndirilməsinə yönəlik siyasət daha da möhkəmləndi.

Prezidentin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.

Prezident İlham Əliyevin gənc idmançıların yetişdirilməsinə yönəlik siyasəti də öz uğurlu nəticələrini verdi. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq bu göstəriciyə görə 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi idi. Milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” I Avropa Oyunlarında ikinci, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında birinci yerləri tutması, şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurların əyani göstəriciləridir.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafını, postneft dövrünün başlanmasını, eyni zamanda Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsinin zəruriliyini nəzərə alaraq dövlət başçısı bu siyasəti təmin etmək məqsədilə 26 yanvar 2015-ci il tarixdə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq etməklə bir daha diqqəti bu istiqamətə yönəltdi. Həmçinin Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni metodlarının tətbiqi zərurəti ilə əlaqədar “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair sərəncam imzaladı.

 Prezidentin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan danışarkən 2 iyul  2013-cü il tarixdə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsini qeyd etməmək mümkün deyil. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə , ictimaisosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində pul mükafatının verilməsi yaradıcı gəncliyə böyük dəstəkdir.

Gəncə şəhərinın 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülməsini də gənclərlə bağlı uğurlu siyasətin nəticələrindən hesab etmək olar. Prezident İlham Əliyevin 24 fevral 2016-cı il tarixdə “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalaması sözügedən tədbirlərin yüksək səviyyədə keçirilməsinə dövlət dəstəyinin təzahürüdür.

Prezident İlham Əliyevin 26 iyul 2019-cu il  tarixli sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsi də intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsinə, dəstəklənməsinə və ölkədə kadr ehtiyatı bankının yaradılmasına gözəl bir töhfədir.

 

Könüllü ili” töhfəsi

 

Şübhəsiz ki, müasir Azərbaycan gəncliyinin formalaşmasından danışarkən “Könüllülər hərəkatı”ndan və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətlərindən danışmamaq mümkün deyil.

Ölkəmizin “ASAN Könüllüləri” Təşkilatı, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “İslahat Könüllüləri” Təşkilatı, “Nəqliyyat Könüllüləri” Proqramı, “Miqrasiya Könüllüsüİctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Eko könüllüləri” Qrupu, Könüllülər Proqramı, Qrupu, “Gənc Könüllülər” Hərəkatı, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “Ədliyyə Könüllüləri” İctimai Birliyi, “Könüllü Qida Nəzarətçisi” “eSASKönüllülük proqramı və digər könüllü təşkilatlarında birləşən yüz minlərlə Azərbaycan gəncliyi özlərinin sağlam gələcəklərinin, təməllərini məhz burada qoyurlar. Könüllülər həmçinin ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar olan “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəliyi Oyunları, “Formula-1” yarışlarının keçirilməsində misilsiz rol oynayıblar.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə “Könüllülük həftə”sinin keçirilməsi və 2020-ci ilinKönüllü ilielan edilməsi ilə bu hərəkat daha da geniş vüsət aldı. Azərbaycan gəncləri öz şəxsi iradəsi ilə, heç bir maddi qarşılıq gözləmədən ölkəmizin inkişafı və tərəqqisinə  töhfə  vermək məqsədilə könüllülük fəaliyyəti ilə məşğul olurlar. Sonrakı mərhələdə isə könüllülər əsas kadr potensialına çevrilirlər.

 

Biz birlikdə güclüyük!”

 

Son illər  bütün dünyanı bürüyən  pandemiya təhlükəsinin  ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışına cavab olaraq  Azərbaycan könüllüləri hökumətə dəstək fəaliyyətində xüsusi rol oynadılar.

Pandemiyanın ilk başladığı günlərdən “Könüllü Qonşu”, “Böyüklərimizi qoruyaq” və digər aksiyalara start verildi. Aksiyalar çərçivəsində könüllülər ölkəmizin dörd bir yanında yaşlı vətəndaşlarımızın təhlükəsizliyinin qorunması məqsədilə onların evlərini tərk etməmələri üçün ərzaq və dərman kimi zəruri ehtiyaclarını operativ şəkildə həll edərək, kömək göstərdilər. O cümlədən yerlərini itirmiş, ehtiyacı olan ailələrə ərzaq və digər yardımların edilməsində yaxından iştirak etdilər.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan “Regional İnkişafİctimai Birliyi pandemiya dövründə genişmiqyaslı yardım layihələri həyata keçirdi. Könüllülər bütün bu sözügedən aksiyalarda böyük həvəslə iştirak edib, “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq belə bir çətin dönəmdə dövlətin yanında oldular, cəmiyyətə fayda verdilər və xalqımızın birlikdə daha güclü olduğunu bir daha sübut etdilər.

Azərbaycan könüllülərinin 44 günlük Vətən müharibəsi dövründə göstərdikləri fəaliyyət nəticəsində ölkəmizin haqlı səsinin dünyaya çatdırılmasına nail olundu. Bundan başqa, müharibə və postmüharibə dövründə şəhid və qazi ailələrinə edilən maddi və mənəvi yardımlar bu insanların çətin günlərində könüllülərimizin də münasibəti sayəsində dövlətimizin vətəndaşının yanında olduğunu bir daha təsdiqlədi.

 

Uğurlu siyasətin bəhrəsi

 

Hər bir siyasət öz nəticəsinə görə qiymətləndirilir. Qeyd etdiyimiz kimi, Azərbaycanın gənclər siyasəti möhkəm təməllər üzərində qurulub. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”  söyləyən Prezident İlham Əliyev gənclərlə özünün arasında qarşılıqlı etimadın olduğunu göstərir.

Başqa bir çıxışında  Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.

44 günlük Vətən müharibəsinə münasibətdə cənab Prezidentin səsləndirdiyi “Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim Prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi” fikirləri Azərbaycan gəncliyinin vətənsevər  ruhda  yetişdirilməsi istiqamətində aparılan siyasətin doğruluğunu bir daha təsdiq etdi!

Azərbaycan gəncliyi gələcəyimizin təminatçısıdır! Yeni zirvələrdə sizləri görmək ümidi ilə Gənclər Gününüz mübarək!

 

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri

 

Azərbaycan.- 2022.- 2 fevral.- S.8.