Milli dəyərlərin sadiq daşıyıcıları

 

Çağdaş dövrümüzdə dövlətin inkişaf səviyyəsini və aydın gələcəyini müəyyənləşdirən vacib meyarlardan biri də gənclərlə sahəsində əldə olunan nailiyyətlərdir. Bu reallığı düzgün dəyərləndirən Ulu Öndər Heydər Əliyev gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmiş, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşmışdır.

Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda gənc nəslin problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı. Respublikanın hər yerində gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq Heydər Əliyev 1997-ci ildə imzaladığı sərəncamla gənclərin I Forumunun keçirildiyi günü - fevralın 2-sini Azərbaycan Gəncləri Günü elan etdi. Artıq 25-ci ildir ki, bu tarix respublikamızda Gənclər Günü kimi qeyd olunur.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə mühüm uğurlara yol açıb. Ötən 18 ildə gənclərlə bağlı bir neçə dövlət proqramının, o cümlədən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi gənclərin cəmiyyət həyatında daha fəal iştirakına, onların xarici ölkələrdə təhsil almalarına, öz bilik və bacarıqlarını realizə etmələrinə geniş imkanlar yaradıb. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, regionlarda Gənclər evinin yaradılması dövlət gənclər siyasətinin daha uğurlu nəticələr əldə etməsinə təkan verib.

Azərbaycanın gənclər siyasətində əsas istiqamətlərdən biri idmanın inkişaf etdirilməsinə, gənc nəslin sağlam ruhda formalaşmasına nail olmaqdır. Bu gün respublikamızda 40-dan artıq olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, idmanın ayrı-ayrı növləri üzrə müasir komplekslərin yaradılması bu siyasətin uğurla həyata keçirilməsindən xəbər verir. Bu qayğını yüksək dəyərləndirən gənclərimiz üzərlərinə düşən vəzifələri layiqincə doğruldurlar. Təsadüfi deyil ki, idmanın müxtəlif növləri üzrə beynəlxalq miqyaslı yarışlarda Azərbaycanı təmsil edən gənclərimiz böyük nailiyyətlər qazanırlar. Qalib olmaqla üçrəngli bayrağımızı ucaldan, himnimizi səsləndirən məhz gənc nəslin təmsilçiləridir. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlara imza atmasında mühüm rol oynayır.

Bizim gənclərimiz idmanda böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Hər bir idman qələbəsi hər bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır. Görün, biz hansı böyük nailiyyətlərə çatdıq. Son yay olimpiya oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi qələbədir. Bu qələbəni müstəqillik dövründə doğulmuşboya-başa çatmış gənclər əldə ediblər”, - deyə Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında idmançı gənclərin uğurları barədə danışarkən bildirmişdi.

Eləcə də gənclik Azərbaycanın intellektual elitasının təmsilçisi kimi elmi müstəvidə, ölkəmizin və xalqımızın qlobal səviyyədə ən böyük təbliğatçısıdır. Gənclərimiz beynəlxalq miqyasda ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə həm dünyaya inteqrasiya olunmuş, həm də respublikamızı tanıtmışlar.

Azərbaycan gəncliyi həm də vətənpərvərliyi ilə nümunələr yaradır. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən qəhrəman döyüşçülərimizin böyük bir qismi gənclərdən ibarət idi. Üstəlik, bu gənclər heç vaxt Qarabağı görməmişdilər. Onlar Birinci Qarabağ müharibəsinin şahidi deyildilər. Lakin ölkəmizdə həyata keçirilən gənclər siyasəti bu nəsli vətənpərvərlik ruhunda formalaşdırdı. Bu baxımdan Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərliyinin, ən yüksək milli keyfiyyətlərin daşıyıcısı olduğunu təcəssüm etdirdi.

Bu gün respublikamızda gənclərlə sahəsində həyata keçirilən bütün tədbirlər cəmiyyətimiz tərəfindən təqdir edilir. Qazanılan uğurlar həm də ondan xəbər verir ki, gənclik də öz məsuliyyətini bilir və göstərilən etimadı layiqincə doğruldur.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2022.- 2 fevral.- S.8.