İdman ölkəsinin gəncləri yeni zəfərlər qazanmağa hazırdırlar

 

Gənclik gücdür, ümiddir. Düzgün tərbiyə olunmuş, təhsil almış, öz biliyi daxilində hər hansı bir peşəyə yiyələnmiş, zəkalı, bacarıqlı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial sahələrdə tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gəncliyinin idman sahəsində də irəliləməsi, uğurlar qazanması üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.

Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi etməsi, idmançılarımızın Olimpiyadünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlar qazanmalarında mühüm rol oynayır.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, həmin tarix Azərbaycan Gəncləri Günü elan edilib. Bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Azərbaycan gəncliyi onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edirPrezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Prezidentin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli fəaliyyətin, davamlılığının daha bir əyani sübutudur.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, postneft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlət başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, bu nəslin sağlamlığını qorumaq, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Bu Zəfərdə idmançılarımızın da payı az olmadı. Həmişə beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran gənc idmançılarımız bu dəfə əzəli torpağımız olan Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi, gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi yazdılar. Onlardan yaralanan da oldu, şəhidlik zirvəsinə yüksələn də... Vətən müharibəsində ümumilikdə 988 idmançı iştirak edib ki, onlardan 320-si canlarından keçiblər. Şəhidlərin 179-u futbolla, 27-si güləşlə, 24-ü isə cüdo ilə məşğul olublar.

Hakimlik fəaliyyətimlə bağlı mütəmadi olaraq beynəlxalq yarışlarda, çempionatlarda iştirak etmişəm.  Dünyaca tanınmış həmkarlarımla söhbətlərdə xüsusilə vurğulanır ki, Azərbaycan gənc idmançılarının yüksək potensialına, uğurlarına görə fərqlənir. İyirmi ildən artıqdır ki, beynəlxalq səviyyədə hakimlik fəaliyyəti göstərirəm. 3 Olimpiya oyununda dəfələrlə ən ali idman yarışlarını idarə etmişəm. Bunları deməkdə məqsədim nüfuzlu xarici idman mütəxəssislərinin gənclərimiz haqqında səsləndirdikləri rəyləri, mülahizələri diqqətə çatdırmaqdır. Şübhəsiz ki, bu nailiyyətlərlə yalnız gənc idmançılarımız deyil, elə bütün xalqımız qürur duyur. Çünki bu gün hər bir dövlətin, xalqın beynəlxalq miqyasda daha səmərəli, effektiv tanınması, nüfuz qazanması üçün onun idman yarışlarında qazandığı nailiyyətlər qədər təsirli vasitə yoxdur.

Gənclər sırasında güləşçilərimizin ölkə idmanına verdiyi töhfələr danılmazdır. Birmənalı həqiqətdir ki, güləş ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından da ön sıralarda dayanır. Tarixi kökü olan bu idman növü Azərbaycanda heç vaxt ənənəsini itirməyib. Azərbaycan güləş məktəbinin yetirmələri olan gənc olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi idmançılar sayılırlar. Yəni pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər.

Unutmamalıyıq ki, qazanılan uğurların fonunda arxayınçılıq əsla olmamalıdır. Daha məsuliyyətlə işinə davam etməli, inkişafın miqyasını artırmalısan. Ancaq son illər güləş idman növündə həm problemlərlə üzləşdik, həm də lazımsız arxayınçılıq yarandı. Bunun nəticəsini Tokio Olimpiadasında pəhləvanlarımızın medal göstəricilərində aydın gördük. Rio olimpiadasında ölkəmizin aktivinə 9 medal yazdıran güləşçilərimiz Yaponiyada 3 mükafatla kifayətləndilər.

Bu problemlərlə bağlı Prezident İlham Əliyev iradlarını bildirmiş, problemləri göstərmişdi. Bu vəziyyəti Milli Olimpiya Komitəsi çərçivəsində, idman federasiyaları içində mütəxəssislərlə uzun-uzun müzakirə edirdik. Nəhayət, Prezidentin qərarı ilə Azərbaycan idmanının inkişafının yeni mərhələsi başladı. Fərid Qayıbov gənclər və idman naziri vəzifəsinə təyin olunarkən cənab Prezidentin onun qarşısında qoyduğu konkret vəzifələr islahatların başlanğıcı oldu.

Azərbaycan Güləş Federiyasında rəhbər dəyişikliyi nəticəsində struktur, məşqçi və yığma komandaların yenidən təşkili sürətlə gedir. Öz sahələrində müasir, səmərəli fəaliyyət göstərən şəxslərin federasiyadakı ətaləti, ləngimələri tezliklə aradan qaldıracaqlarına inanırıq. Federasiya daxilində, məşqçilər korpusunda hər kəs öz vəzifəsini, məsuliyyətini dəqiq bilməli, buna uyğun da fəaliyyət göstərməlidir. Çünki son bir il ərzində təkbaşına idarəçiliyin, qərar qəbul etmənin uğursuz nəticələrini görmüşük. Qərarların qəbulunda müzakirələr aparılmalıdır, baş məşqçi belə tələb edir  deyə qərarlar qəbul olunmamalıdır.

Ən mühüm islahat isə bölgələrdə aparılmalıdır. Azərbaycanın region güləş məktəblərinə həm dəstək artırılmalı, həm də onlardan mütləq şəkildə tələblər olmalıdır.  Uşaq, yeniyetmə idmanına diqqətin artırılması xüsusi önəm daşımalıdır. Güləş mütəxəssislərinin, təşkilatçılarının paytaxtda, ondan da daha çox bölgələrdə formalşadırılması üçün xüsusi fəaliyyət tədbirləri müəyyənləşdirilməlidir. Problemlər yetərincədir. Sevindirici haldır ki, federasiya rəhbərliyi və onun komandası fəaliyyətlərinə düzgün istiqamətdən başlayıblar. Biz, idman mütəxəssisləri, onilliklərini güləş idmanına həsr edən şəxslər də bu prosesdə nazirinfederasiya rəhbərliyinin daim yanındayıq.

Beləliklə, Azərbaycan dövləti idmançılara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməməlidirlər. Bunu bir çox gəncimizin idman bioqrafiyası sübut edir. İnanırıq ki, bu sahədə başladılan islahatlar nəticəsində beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldıran, himnini səsləndirən onlarca gənc yeni idmançımız, yeni adlar olacaq.

 

Hicran ŞƏRİFOV,

Milli Olimpiya Komitəsinin Nəzarət-Təftiş Komissiyasının sədri,

Əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim

 

Azərbaycan. - 2022.- 2 fevral.- S.9.