Zəfərin gəncləri

 

Gənclik bütün cəmiyyətlərdə uğur və dinamizm rəmzi, intellekt və mübarizə simvoludur. Gənclik bütün proseslərin avanqardı, lokomotivi, yüksək enerjinin, yeni ümidlərin, xəyalların yaradıcısı və ən əsası, bir ölkənin gələcəyidir.

Müasir Azərbaycan gəncliyi haqqında da ən müsbət fikirləri söyləmək və gənclərlə qürurlanmaq mümkündür. Bu gün Azərbaycan gəncinin səsi dünyanın ən nüfuzlu ali məktəblərində eşidilir, kreativ yaradıcı gənclərin yeni kəşfləri, ixtiraları dünya miqyasında yüksək mükafatlara layiq görülür. Azərbaycan gəncliyi bütün sahələrdə aparıcı qüvvə kimi iştirak edir, yaradıcılıq eşqi, yüksək potensialı ilə dövlətimizin inkişafı naminə çalışır.

Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür.

Bu gün Azərbaycan gənci həm də yüksək vətənpərvərlik ruhunda böyüyən qəhrəmandır, igiddir. 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfər bunun bariz təcəssümüdür. Məhz müstəqillik dövrünün gəncləri göstərdiyi şücaət, igidliklə adlarını Azərbaycan tarixinin şərəfli səhifələrinə yazdılar. Bu tarixi Zəfər eyni zamanda xalqın, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, Vətən, dövlət, bayraq sevgisini parlaq şəkildə nümayiş etdirdi.

Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək könüllü şəkildə silaha sarılan gənclər vətən uğrunda qan töküb can verdilər. Bu savaşda vətən uğrunda döyüşmək, vətəni sevmək, vətəni qorumaq gənclərin əsas vəzifəsi idi və bütün bunlar Azərbaycan gəncinin simasında öz ifadəsini tapdı.

Ali Baş Komandanımızın təbiri ilə desək, Qarabağı azadlığa qovuşduran əsgər və zabitlərimizin mütləq əksəriyyəti Qarabağın işğalından sonra dünyaya gəliblər. Bu vətənpərvər gənc nəsil Qarabağı görmədən onun həsrətini yaşayıblar və işğaldan qurtulması üçün qanlı mübarizəyə atılıblar. Qalib Sərkərdə haqq savaşımızda qəhrəmanlıq göstərən gənclərin şücaətini belə qiymətləndirib: “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim Prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, İlk növbədə, biz onlara borcluyuq. Əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

Həqiqətən də, dünənədək sıradan, adi, bəzən “uşaq” saydığımız on minlərlə gənc könüllü olaraq öz cəsarətləri, mərdlikləri ilə bir anın içində sanki aslana çevrildilər, “Qarabağ Azərbaycandır!” milli hərəkatının qələbə Nidasını qoydular!.

Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müasir gənclərlə bağlı səsləndirdiyi digər fikirdə də bu, bir daha öz əksini tapır: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.

Onu da qeyd etməliyik ki, gənclərimiz vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Arxa cəbhənin qəhrəmanları sırasında gənclərin çoxluq təşkil etməsi bunun əyani təsdiqidir. Müharibə dövründə, eləcə də savaşdan sonra məhz gənclərimizin müxtəlif əcnəbi dillərdə yaydıqları həqiqətlər əsl erməni xislətini, vandallığını, barbarlığını dünyaya nümayiş etdirdi.  

Vaxtilə Ulu Öndər Heydər Əliyev deyirdi ki, hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bugünüdür, həm də sabahıdır, ümididir. Bu fikir dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Vətən savaşı da bir daha təsdiqlədi ki, müasir Azərbaycan gənci əsl vətənpərvər, dövlətini, xalqını, bayrağını sevən, dövlətçiliyin mühafizəsində dayanan, lazım gəlsə canından keçməyə hazır olan igid qəhrəmandır.

Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilir. Ölkəmizdə gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2022.- 2 fevral.- S.1; 10.