Tələbələrin yataqxana problemi

 

Hələ də həll olunmamış qalır

 

Yataqxanalar ali təhsil müəssisələrinin reytinqində vacib meyarlardan biri hesab olunur. Lakin statistik rəqəmlər və real mənzərə göstərir ki, respublikamızda bu sahədə vəziyyət qənaətbəxş deyil. Bu gün tələbələrin yataqxana ilə təminatının olduqca aşağı səviyyədə olması onların ailəsi üçün əlavə xərclərin yaranmasına gətirib çıxarır. Ailənin maddi təminatı aşağı olduqda isə bu vəziyyət daha da kəskinləşir.

Birinci kurs tələbəsi olan Günay Müslümova da bu çətinlikləri yaşayan tələbələrdən biridir. Ali məktəbə daxil olduğu zaman  ailəsinin maddi imkanını nəzərə alaraq, oxuduğu təhsil müəssisəsinin yataqxanasında qalmağı planlaşdırsa da, buna nail olmayıb, çünki yer tapa bilməyib. Buna görə də bir necə tələbə yoldaşı ilə birlikdə kirayə evdə qalmaq məcburiyyətindədir. Günay növbəti tədris illərində bu məsələnin həll ediləcəyinə ümid bəsləyir. Lakin mövcud reallıq tələbələrin bu ümidlərini gercəkləşdirməyə imkan verirmi?!

 

Ali təhsil alanların cəmi 2,5 faizi yataqxana ilə təmin edilir

 

Hazırda ali təhsil müəssisələrinin ümumi tələbə sayının 200 min nəfərə yaxın olmasına baxmayaraq, yataqxana ilə təmin edilən tələbələrin sayı 2,5 faiz təşkil edir. Bu isə bir çox dünya ölkələri ilə müqayisədə olduqca aşağı göstəricidir.

Mövcud yataqxanalar təhsilalanların çox az hissəsinin yaşayış yeri ilə təminatına imkan verdiyindən tələbələr vəziyyətdən yeganə çıxış yolunu dərs ilindən əvvəl münasib qiymətlərlə kirayə evlər tapmaqda görürlər. Əmlakçılar da dərs ili ərəfəsində kirayə bazarında canlanmanın artmasının və qiymətlərin yüksəlməsinin bundan qaynaqlandığını etiraf edirlər.

Əmlakçıların sözlərinə görə, kirayə bazarında canlanma artdıqca tələbələrin ucuz qiymətə kirayə ev tapması da çətinləşir. Digər tərəfdən, şəhərin mərkəzində ucuz kirayə evlərin verildiyi binaların sökülməsi və onların yerində hündürmərtəbəli binaların tikilməsi qiymətlərin iki dəfə artmasına gətirib çıxarır. Bu səbəbdən tələbələrin məktəblərə yaxın ərazilərdə, yəni şəhərin mərkəzində kirayə ev tutması onlara getdikcə daha baha qiymətə başa gəlir. Şəhərdən kənarda kirayə evlərin tutulması isə gediş-gəlişin çətinliyi baxımından sərfəli olmur. Bütün bu amillər tələbələrin yataqxanalara olan ehtiyacını getdikcə daha çox artırır və bu problemin həlli zərurətini aktuallaşdırır.

 

Ölkə üzrə 53 yataqxanadan 16-sı təmirlidir

 

Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali təhsil müəssisələrinin tabeliyində 53 yataqxana binası olsa da, onlardan yalnız 3859 nəfərlik tutumu olan 16 bina təmirlidir. Hazırda fəaliyyət göstərən bu təmirli yataqxanalar Azərbaycan Memarlıq və İnşaat Universitetinə (1 bina), Azərbaycan Dövlət Pedaqoji Universitetinə (1 bina), Naxçıvan Dövlət Universitetinə (2 bina), Lənkəran Dövlət Universitetinə (2 bina), Bakı Mühəndislik Universitetinə (2 bina), Azərbaycan Dillər Universitetinə (1 bina), Bakı Dövlət Universitetinə (1 bina), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (1 bina), Azərbaycan Dövlət Aqrar Universitetinə (2 bina), Gəncə Dövlət Universitetinə (3 bina) aiddir.

Bunlardan əlavə, 1141 nəfərlik tutumu olan 11 təmirsiz yataqxana binası mövcuddur. Təmirsiz yataqxanası olan binaların 2-si Bakı Dövlət Universitetinin, 1-i Azərbaycan Texniki Universitetinin, 1-i Bakı Slavyan Universitetinin, 1-i Azərbaycan Dillər Universitetinin, 4-ü Gəncə Dövlət Universitetinin, 2-si Azərbaycan Texnologiya Universitetinin tabeliyindədir. Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşdığı üçün onların tələbələrin istifadəsinə verilməsi mümkünsüzdür. Bu binaların 5-i Azərbaycan Texniki Universitetinin, 5-i Azərbaycan Memarlıq və İnşaat Universitetinin, 5-i Azərbaycan Dövlət İqtisad Universitetinin, 5-i Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 3-ü Bakı Slavyan Universitetinin, 1-i Azərbaycan Dillər Universitetinin, 1-i Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, 2-si Sumqayıt Dövlət Universitetinin, 1-i Gəncə Dövlət Universitetinin balansındadır.

Son illər ərzində bəzi yataqxanalar təmir edilib. 2020-2021-ci illərdə Gəncə Dövlət Universitetinin 706 nəfərlik tutumu olan 3, Bakı Dövlət Universitetinin isə 216 nəfərlik tutumu olan 1, Dövlət Aqrar Universitetinin 1040 nəfərlik tutumu olan 2 yataqxana binası təmir edilib. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində  800 nəfərlik yataqxana binası tikilərək istifadəyə verilib.  Lakin mövcud vəziyyət göstərir ki, hazırkı yataqxana sayı tələbələr üçün yetərli deyil və bu sayın artırılması üçün yeni işlərin görülməsi vacibdir.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirir ki, tələbə şəhərciklərindəki yataqxanalarda 1988-90-cı illərdə məcburi köçkün ailələri məskunlaşıblar. Yataqxanalarda ümumilikdə 900-dək məcburi köçkün ailəsi yaşayırdı. Hazırda binalarda 124 ailə qalıb: “Yataqxana kompleksi tamamilə yararsız hala düşüb. Binalardakı vəziyyət hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Məcburi köçkünlər köçürüldüyü təqdirdə belə yataqxanalar əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz”.

S.İsgəndərova bildirir ki, hazırda universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünlər yeni qəsəbələrə köçürülür və proses davam edir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxanalar əsaslı şəkildə təmir olunacaq.

Dövlət İqtisad Universitetindən isə bildirdilər ki, hazırda 5 yataqxanaları olsa da, onların hamısında məcburi köçkünlər məskunlaşdığından tələbələri yerləşdirə bilmirlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynovun sözlərinə görə, hazırda bu təhsil müəssisəsinin 240 nəfərlik 1 yataqxanası var. Yataqxana universitetin “Gənclik” metrosuna yaxın olan ikinci korpusunun yanında yerləşir: “Otaqlar geniş və iki nəfərlikdir, tam təmir edilib. Aylıq ödəniş 70 manatdır. Yataqxananın tam şəraiti var. Əsaslı təmir olunub. Yataqxanaya yerləşdirmə zamanı maddi vəziyyəti ağır olan xanım tələbələrə üstünlük verilir, daha sonra boş qalan yerlərə digər tələbələr yerləşdirilir”.

 

Tədris müəssisələrinin özləri də problemə laqeyd yanaşırlar

 

Bir çox ölkələrdə tələbələrin yataqxana ilə təminatı həm dövlət, həm də özəl sektorun dəstəyi hesabına öz həllini tapır. Məsələn, Türkiyədə təhsil alan tələbələr üçün həm dövlət,  həm də özəl yataqxanalar fəaliyyət göstərir. Tələbə maddi büdcəsinə və müraciət tarixinə görə hər hansı bir yataqxana seçə bilər. Dövlət yataqxanalarında aylıq ödəniş 120-250 türk lirəsidir. Bu vəsaitə gündə 1 dəfə yemək, kommunal xərclər, çamaşırxana və digər xidmətlərin ödənişləri də daxildir.

Özəl yataqxanalarda isə aylıq ödənişlər 500-2000 lirə arasında dəyişir. Bu qiymətlər yataqxananın yerləşdiyi şəhərə, otaqda adam sayına görə dəyişir. Yataqxanalarda yüksək sürətdə internet, 10 gündən bir camaşırların yuyulması, məşq zalı, stolüstü tennis, sinema otağı, sağlıq mərkəzi, mətbəx, dinlənmə və dərs otaqları, çanta və yüklərin saxlanılması üçün depolar, qaraj və s. təklif edilir. Yataqxanaların təhlükəsizliyi özəl güvənlik şirkətləri tərəfindən təmin edilir.

Azərbaycanda isə tələbələrin yaşadıqları yataqxanalar, demək olar ki, dövlət tərəfindən tikilib.

Tələbələrin yataqxana ilə təminatı onların akademik nailiyyətlərinə təsir göstərdiyi üçün bütün ali məktəblər, istər dövlət, istərsə də özəl məktəblər yataqxanalarının olmasına maraq göstərməlidirlər. Ərazisi olan məktəbə yataqxana tikməyə icazə verilir. Məktəblər bu imkandan istifadə etməlidirlər. Onlar təhsil haqlarından əldə etdikləri gəlirlərdən bu problemin tam olmasa belə, qismən həllinə vəsait yönəldə bilərlər. Özəl sektoru da ərazilərində yataqxanaların inşasına cəlb edərək kirayədə qalan tələbələrin bu ağır yükün altından çıxmasına yardım göstərmək mümkündür.

Ancaq bir çox dövlət məktəbləri bu məsələyə laqeyd yanaşaraq yataqxana probleminin yalnız dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həll edilməsini gözləyir, mövcud yataqxanaların təmiri və ya yeni yataqxananın inşası üçün öz büdcələrindən vəsait xərcləmək istəmirlər. Hesablama Palatasının ötən illər ərzində apardığı araşdırmalardan da bu qənaətə gəlmək olur ki, ali məktəblər istədikləri təqdirdə bu istiqamət üzrə maliyyə vəsaiti xərcləyə bilərlər. Yoxlamalar nəticəsində aşkarlanan faktlar - ali məktəblərin minlərlə manat həcmində büdcə və qeyri-büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi də bunu təsdiq edir ki, məktəblərin vəsaitləri var, sadəcə, bu problemin həlli üçün istəkləri yoxdur...

Digər tərəfdən, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da özəl sektor bu sahədə müstəqil bir subyekt olaraq fəallıq göstərə bilər. Lakin bu gün ölkəmizdə özəl sektor tələbələrin yataqxana ilə təminatında nəinki iştirak etmir, hətta buna maraq belə göstərmir. Əsas səbəbsə şirkətlərin bu sahəyə daha az mənfəət verən sahə kimi baxması, tikdikləri binaların yataqxana kimi istifadəsindənsə, mənzillərin satılmasına daha çox üstünlük verməsidir.

Sözsüz ki, tikinti şirkətləri özəl sektor olaraq, daha çox öz iqtisadi maraqlarını önə çəkərək yataqxana probleminin həllində maraqlı deyillər. Ancaq ali məktəblər bu məsələnin həllindən kənarda qalmamalı və tələbələri üçün ayrıca yaşayış binasının tikilməsində, yaxud mövcud olanının təmir edilib istifadəyə verilməsində təşəbbüskar  olmalıdırlar.

Qiymətlərə gəldikdə, Azərbaycanda dövlət ali məktəblərin yataqxanalarında aylıq ödənişlər 30-100 manat arasında dəyişir. Yalnız “Univerium” yüksək səviyyəli yataqxana olduğu üçün burada aylıq ödənişlərin məbləği 200 manatdır. Dövlət müəssisələri yataqxanalarının ödəniş qiymətlərini özləri müəyyən edirlər. Qiymətlərin müəyyən edilməsi zamanı oradakı şərait nəzərə alınır.

Tələbə yataqxanasının inşasının planlaşdırılmış şəkildə aparılması da olduqca əhəmiyyətlidir. Bunun üçün tədqiqat aparılaraq müvəqqəti yaşayış yerinə ehtiyac duyan tələbələrin təxmini sayının müəyyən edilməsi vacibdir. Çünki elə ali məktəblər var ki, oraya rayondan gəlib qəbul olanların sayı azlıq təşkil etdiyindən yataqxanaya o qədər də ehtiyacı yaranmır. Başqa bir universitetdə isə bunun əks vəziyyəti müşahidə edilir.

 

Yataqxana yerləri ən azı dörd-beş dəfə artırılmalıdır

 

Təhsil üzrə ekspert Elçin Süleymanov deyir ki, hazırda universitetlərin tələbələrə təqdim edə biləcəyi yataqxana yeri təxminən 4-5 min nəfər civarındadır. İki yüz minlik tələbə kontingentinin ən azı 30-40 faizinin regionlardan gələn tələbələr oldugu nəzərə alınarsa, bu yerlər ən azı dörd-beş dəfə artırılmalıdır.

Ekspert belə hesab edir ki, yataqxanası olan universitetlər istisna olmaqla, digər universitetlərə ya birbaşa, ya da dolayı yolla dəstək verilməlidir. Dövlət və ya özəl sektorla birgə yataqxanalar inşa etməklə problemi həll etmək mümkündür: “Düzdür, dövlət sifarişli yerlərin artması və tələbə təhsil krediti sisteminin fəaliyyətə başlaması tələbələrin maliyyə  problemini qismən həll edib. Amma yenə də kirayə qiymətlərinin yüksək olmasını nəzərə alıb yataqxana tikintisinə diqqət artırılmalıdır. Tələbənin xərclərinin əhəmiyyətli bir hissəsini yaşayış xərcləri təşkil edir. Yataqxana məsələsi tələbələrimizin üzləşdiyi ən böyük problemdir. Kirayə qiymətləri çox zaman tələbələrin büdcələrinə ekvivalent olmur. Bəzi tələbələr var ki, universitetə qəbul olur, amma təhsil haqqı və kirayə qalmaq məsələsinə görə təhsilini davam etdirə bilmir. Milli Məclisin Elm və təhsil komitəsinin hazırladığı “Ali təhsil haqqında” qanun layihəsinə görə, ali təhsil müəssisələri qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq yaşayış yerinə ehtiyacı olan tələbələri yataqxanada yerləşdirməlidirlər. Belə bir  maddənin qanun layihəsində yer alması çox təqdirəlayiqdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həssas kateqoriyadan olan tələbələrin yataqxanalarda yaşayış yeri ilə ilk növbədə təmin ediləcək kateqoriya olması da çox aktual addımdır”.

E.Süleymanov hesab edir ki, məcburi köçkünlərin məskunlaşdıqları, uzun müddət təyinatı üzrə istifadə edilməyən yataqxanaların təmirinin və ya yenidən tikilməsinin hansısa bir proqram çərçivəsində həll edilməsi daha yaxşı olardı. Onun sözlərinə görə, tələbələr üçün sosial yataqxanalar tikilə və onlar güzəştli qiymətlərlə təklif edilə bilər: “Məsələn, Türkiyədə Kredit və Yataqxanalar Qurumu tərəfindən ehtiyacı olan tələbələrə bu sistemdən yararlanmağa şərait yaradılır. Nəticədə tələbələr yaşayış yeri üçün cüzi vəsait ödəyirlər. Qalan borcu isə məzun olduqdan sonra işləyərək geri qaytarırlar. Tələbənin oxuduğu dövrdə dövlət onun həm təhsil, həm də yaşayış haqqını öz öhdəsinə götürür. Məzun olduqdan sonra isə tələbə ödənişi geri qaytarır və qurum da o vəsaitdən daha yaxşı, keyfiyyətli xidmət üçün istifadə edir”.

E.Süleymanovun fikrincə, yataqxanaların olması universitetlərin reytinqində önəmli nüanslardan və istifadə edilən meyarlardan biridir. Hazırda bəzi universitetlərin komfortlu şəraiti olan yataqxanaları olsa da, onların ödənişləri bahadır. Ona görə də tələbə orada qalmaqda çətinlik çəkir. Bu səbəbdən sosial yataqxanaların açılması önəmlidir.

Sirr deyil ki, bəzi tələbələr kirayə pulunu ödəyə bilməkdən ötrü dərsdən sonra işləmək məcburiyyətində qalırlar. Bu isə sözsüz ki, tələbənin akademik nailiyyətlərinin zəifləməsinə və onun gələcəkdə savadlı kadr kimi yetişməməsinə gətirib çıxarır.

Azərbaycanda son illərdə yataqxanaların bərpası istiqamətində müəyyən işlər görülsə də, bunlar tələbənin münbit təhsil şəraitində oxuması üçün yetərli deyil. Buna görə də inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da ehtiyacı olan tələbələrin yaşayış yeri ilə təminatı ali məktəblər üçün ən vacib məsələlərdən biri olmalı və bu istiqamətdə səmərəli addımlar atılmalıdır.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2022.- 2 fevral.- S.13.