Çillələr Novruza hazırlığın başlanğıc mərhələsidir

 

 

Uca Tanrının insanlar və bəşəriyyət üçün xəlq etdiyi möcüzələrindən biri örpəkli qış fəslidir. Erkən inanca görə, barlı bahar öz bərəkətini qışdan alır.

Qış nə qədər şaxtalı, qarlı olarsa, bahar da bir o qədər bərəkətli olar. Türk xalqlarının mifoloji düşüncəsində qışın başlanğıcından sonuna qədər davam edən müddət təbiətin ölüb-dirilməsi dövrü kimi qəbul edilmişdir. Əcdadlarımızı müəyyən sıxıntılarla imtahan edən həmin zaman kəsiyi obrazlaşdırılmış və müvafiq çalarla insanların təfəkküründə canlanmışdır. “Ölüb-dirilmə” dövrü Azərbaycanda çillə və yaxud çilə, Anadoluda çilə, çilə ayı kimi xalq arasında yayılmışdır.

Çillə sözünün etimologiyasına gəlincə, bu bir tərəfdən “çehlsözü ilə bağlı olub, 40 rəqəmi ilə əlaqələndirilir, digər tərəfdən “çillə” türk xalqları arasında “əziyyət”, “məhrumiyyət”, “sıxıntı”, “çətinlik” mənalarını ifadə edir. Təsadüfi deyildir ki, qışın çətinliklərini, əzab-əziyyətini dəf etmək üçün əcdadlarımız müəyyən ayinlər, mərasimlər sistemini yaratmışlar.

Bəzən “Qaraqış” adlandırılan böyük çillə 40 gün - dekabrın 21-dən yanvarın sonunadək davam edir. Böyük çillənin ilk gecəsi “Şəbi-yelda”, yaxudYelda gecəsi” adlanır.

Yelda gecəsi - Yer kürəsinin şərq yarımkürəsində, ilin 365 gününün ən uzun qaranlıq gecəsidir. “Qurani-Kərimdə “il” mənasını verən “sənə (tək halda) - sinnin (cəm halda)” kəlməsindən 19 yerdə istifadə olunmuşdur. Yer kürəsinin Günəş ətrafına bir dəfə tam dövrü bir il ərzində (365 günə) gerçəkləşir. Bu müddətdə Ay həm öz, həm də Yer kürəsi ətrafında 12 dəfə dövr etmiş olur. Bu, Ay təqviminə görə, tam bir ilə bərabərdir. Lakin Yer kürəsi bu dövrü tamamlayıb başlanğıc nöqtəsinə gəldikdə Ay hələ həmin nöqtəyə gəlib çatmır. Yer kürəsinin Ayla eyni başlanğıc nöqtəsində görünməsı üçün 19 il keçməlidir. On doqquz illik bir müddət astronomiyadameton oli” adlanır.

 

355-in tək, 354-ün cüt ədəd olduğunu nəzərə alaraq, başqa bir həqiqət ortaya çıxır. “Qurani-Kərim”də “il” mənasını verən “sənə” kəlməsindən isə (tək halda) 7, “illər” mənasını verən “sinin” kəlməsindən isə (cəm halda) 12 dəfə istifadə olunmuşdur ki, onların cəmi 19-dur”.

 

Çillələrdə ayrı-ayrı ayinlər, mərasimlər icra olunar, çillələrin daxili aləmi, məramı, özəllikləri müvafiq nəğmələrdə xalq dilində diqqətə çatdırılardı. Məsələn, “Çillə kəsmək” mərasimi ağırlığı, çətinliyi aradan qaldırmaq məqsədilə icra olunurdu. Ayinə görə, çilləni kəsən çilləsi kəsilənin əl və ayaqlarının baş barmaqlarını 3 dəfə iplə bağlayır.

 

İnanca görə, bu ayinin yerinə yetirilməsi ilə insan əzab-əziyyətdən, müşküldən azad olur, yüngülləşir, çətinlikləri arxada qoyur, yeni həyata başlayır.

 

Çillələrlə, o cümlədən böyük çillə ilə bağlı xalq arasında müxtəlif nəğmələr yaranıb formalaşmış və yaddaşlara həkk olunmuşdur:

 

 

 

Böyük çillə,

 

Boyu bir belə...

 

Gəldi elə

 

Gülə-gülə,

 

Getdi gülə-gülə

 

gülünü

 

Göstərdi...

 

 

 

Böyük çillə təbiətcə mülayim, insana ziyan vurmayan bir tərzdə keçir. Böyük çillə ilə bağlı xalq arasında müəyyən mətnlər bu gün diqqəti cəlb edir: “Belə söyləyirlər ki, bir gün böyük çillə deyir ki, “Mən dolu qazanlar üstə gəlmişəm. Sonra təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım” .

 

Böyük çillə 40 gün dövran sürüb gedir. Yolda kiçik çillə ilə rastlaşır. Hal-əhvaldan sonra kiçik çillə soruşur ki, a Böyük çillə, de görüm, qırx gün gəlib atını çapdın, bu qırx gündə gördün, neynədin, işin-gücün oldu? Böyük çillə gördüyündən, etdiyindən söhbət açır. Hikkəli kiçik çillə istehza ilə gülüb cavab verir ki, eh, sən heç eləməmisən ki... Mən gəlmişəm, gör indi nələr eləyəcəyəm, tufan qoparacağam. Qazanları ağzı üstə çevirəcəyəm, adamları təndirin ağzından salıb külfədən çıxaracağam, küpləri, xaralları boşaldacağam, üzüqoylu qoyub gedəcəyəm. Onun coşduğunu görən böyük çilləÇox da öyünmə, sən insanları tanımırsandeyir. Mən qırx günlük ömrümlə bir görə bilmədim. Sənin isə cəmi-cümlətanı iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç yel olub onların yanından ötə bilməzsən. Çünki qabağın yazdır, ömrün azdır. Bu yandan da boz ay özünü irəli verib deyir ki, siz məni uzaqda görmüsünüz, asaram-kəsərəm deyirsiniz. Sizin acığınıza, indi baxın, görün mən gedib eləyəcəyəm. Buzları əridəcəyəm, torpağın donunu açacağam, əkinləri, çölləri, yamacları cücərdəcəyəm. Bağ-bağçalarda gül-çiçək açdıracağam

 

Göründüyü kimi, qış fəslinin ayrı-ayrı mərhələlərini təşkil edən böyük çillə, kiçik çillə boz ayın özəl xüsusiyyətlərini, daxili aləmini, gücünü-qüvvətini aydın şəkildə ifadə edən bədii mətnlər əcdadlarımızın təbiət hadisələrinə olan münasibətini, təbiət qüvvələrinə olan inamını bir daha əks etdirən amillərdəndir.

 

Kiçik çillənin cəmi 20 gün - fevral ayının 1-dən başlayaraq davam etməsinə, ömrünün az olmasına baxmayaraq, daha sərtdir, amansızdır, buna görə həmin müddət xalq arasındaqışın oğlan çağıadlanır.

 

Qeyd etməliyik ki, qışın ilk ongünlüyündə türk xalqlarının folklorunda bolluq, firavanlıq etiqadları ilə bağlı yaranmışXıdır Nəbimərasiminin xüsusi yeri vardır. Bu, kiçik çillənin çıxması münasibətilə keçirilən Novruzqabağı mərasimlərdəndir. MənbələrdəXıdır Nəbimərasiminin təqribən fevralın 9-11-ci günlərində keçirilməsi qeyd olunur. Xıdır, yaxud Xızır mifoloji düşüncədə əbədiyyət bəxş edən dirilik suyunu tapıb içdiyinə görə peyğəmbərlik səviyyəsinə yüksəlmiş Nəbikimi qəbul edilmişdir. Bu obraz xalq tərəfindən sevilmiş onun haqqında rəvayətlər dolaşmışdır. Rəvayətlərdən birində deyilir ki, Xızır İlyas iki qardaş olmuşdur. Makedoniyalı İskəndər Zülqərneyn bu qardaşlarla birlikdəabi-həyatı” - dirilik suyunu tapmaq üçün qaranlıq dünyaya səfər edir, müəyyən müddət keçəndən sonra qaranlıq dünyada fırtına qopur onların hərəsi bir tərəfə düşüb dirilik suyunu axtarmalı olurlar. Xızır suyun üzündə, İlyas isə quruda gəzib-dolaşır. Bir gün qardaşlar rastlaşır abi-həyatıbirlikdə axtarmağa başlayırlar. Yorulub əldən düşəndə dincəlmək üçün su kənarında dayanırlar. Quru balığı təmizləmək üçün suya salarkən balıq dirilir. Qardaşlar bunun axtardıqları dirilik suyu olduğunu bilir, həmin sudan doyunca içib, əbədi həyat qazanırlar. Makedoniyalı İskəndər Zülqərneyn isə qardaşları, dirilik suyunu tapa bilir, qeybə çəkilir.

 

Ümumilikdə, Xıdır xalqın şifahi yaddaşında müsbət, xeyirxah insana uğur gətirən bir obraz kimi əks olunmuşdur. İnanca görə, “Xıdır Nəbi” mərasimi hər evdə, hər ailədə qeyd olunmalı, Xıdırın şərəfinə məclis qurulmalı, süfrələr açılmalıdır. Əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaqdır. Mərasimin əsas atributlarından biri qovutdur, buğda qovrulub qovut çəkilir və süfrəyə qoyulur. Erkən etiqadlara görə, Xıdır əlini qovuta çəkir, bununla da özü ilə bolluq, bərəkət, xoşbəxtlik gətirir.

 

“Xıdır Nəbi” mərasiminin digər atributları su və torpaqdır. Erkən etiqadlara görə boz atlı Xıdır Nəbi torpağı, təbiəti örpəyə bürüyür, onun atının dırnağı torpağa dəyəndə il boyu insanlar quraqlıqdan əziyyət çəkmir. İnanca görə, torpaq ölməsə, yenidən dirilməz. Qarlı, şaxtalı qış fəsli torpağı təmizləyir, bolluq, bərəkət, firavanlıq gətirir. “Xıdır Nəbi” mərasimi üç gün davam edir, mərasimin birinci günü Xan Xıdır, ikinci günü Rəiyyət Xıdır, üçüncü günü isə Çillə Xıdır kimi qeyd olunur. Bu mərasim erkən əkinçilik təsəvvürləri ilə bağlı yaranan Novruzqabağı mərasimlərə daxildir. Mərasimin birinci günündə torpaq üzərində od, ocaq qalayardılar, ikinci gün əkinə yarayan hər öküzün adına üç duzsuz kömbə bişirib öküzlərin qarnının altından diyirlədib belə oxuyardılar:

 

 

 

Xıdır Nəbi, Xıdır İlyas,

 

Bitdi çiçək, oldu yaz!

 

 

 

Üçüncü gün cütçü və əkinçiləri tərif edərdilər. Xıdır Nəbinin əlində məşəl olacağını təsəvvür edir, onun gəlişi ilə istilik, su, sağlamlıq gətirəcəyinə ümid bəsləyirdilər. Mərasim zamanı insanlar əkin yerlərinə gedib Xıdır Nəbini axtarardılar. Onlara “Xıdırçılar” deyilirdi.

 

“Xıdır Nəbi” mərasiminin əsas amalı, məqsədi insanların qışdan salamat çıxmasını, üzləşdikləri çətinliklərə sinə gərməsini, yazın gəlişini gözləməsini əks etdirməkdir.

 

Qış fəslinin son ayı boz aydır. Boz ay kiçik çillənin sonuncu günündən Novruz bayramına qədər davam edir, xalq arasında həm boz çillə, ala çillə, yazayağı s. adlandırılır. Boz ayda hava dəyişkən keçir, ona görə xalq arasında belə bir deyim uzun əsrlərdən süzülüb gəlmişdir ki, “Boz ay bozara-bozara keçər”. Azərbaycanın bəzi bölgələrində boz aya döl ayı da deyilir.

 

 

Ülkər NƏBİYEVA,

filologiya elmləri doktoru

Azərbaycan.-2022.- 3 fevral.- S.11.