“Açıq qapı” günü keçirilib

 

 

Fevralın 2-də 2 nömrəli Bakı Baza Tibb kollecində 2021/2022-ci tədris ili üzrə keçirilən payız imtahan sessiyasını izləmək üçün “Açıq qapı” günü təşkil olunub.

“Açıq qapı”  günündə kollecin Direktoryanı Şurasının,Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri, mətbuat nümayəndələri və tələbələrin valideynləri iştirak ediblər.

Artıq 2013/2014-cü tədris ilinin payız sessiyasından başlayaraq imtahanlar kollecdə yaradılan “Virtual Test Mərkəzində” (VTM) keçirilir. İmtahanlar keçirilən zalda kompüterlər quraşdırılaraq, lokal şəbəkədə birləşdirilib, ümumi server vasitəsilə idarə edilir. Kompüter zalında yerləşdirilmiş xüsusi veb-kameralar vasitəsilə imtahan prosesinin video yazılışı aparılır. VTM-də imtahanların mütəşəkkil keçirilməsi məqsədilə tələbələr üçün xüsusi qaydalar və təlimatlar hazırlanmışdır. İmtahan prosesində tələbə monitorda gördüyü sualın cavabını daxil edirsonda operativ olaraq topladığı balı bilir.

Diş texnikliyi ixtisası üzrə bəzi fənlərin imtahanlarında tələbələrin  qiymətləndirilməsi onların əyani şəkildə yerinə yetirdikləri işlərin nəticələrinə və  əl vərdişlərinə əsasən aparılır.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq imtahanda iştirak edən bütün tələbələr tibbi maska və digər qoruyucu vasitələrdən istifadə edirlər. Həmçinin imtahan zamanı tələbələr arasında sosial məsafənin qorunmasına riayət olunur. Sessiya müddətində koronavirusa yoluxmuş tələbələr üçün sonradan xüsusi imtahan günləri təyin olunacaq.

İmtahan sessiyası dövründə kollecin rəhbərliyi zərurət yarandıqda tələbə, valideyn və ictimaiyyətin nümayəndələrini qəbul edir, təklif, problemlər və digər məsələlər obyektivoperativ şəkildə öz həllini tapır.

Payız imtahan sessiyası fevralın 4-də yekunlaşacaq.

İmtahanların gedişatı ilə tanış olduqdan sonra 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmişOrta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın ixtisasları üzrə müasir tələblərə cavab verən kompetensiyaəsaslı və tələbəyönümlü təhsil proqramları vahid struktura uyğun olaraq hazırlanmış və 2021/2022-ci tədris ilindən yeni tədris proqramlarına əsasən fənlər tədris olunmuşdur. Təlim prosesində müasir bilik mənbələrinin (multimedia qurğuları: interaktiv lövhə, kompüter, internet, elektron disklər) imkanlarından istifadəsi bir tələb kimi qarşıya qoyulur. Kollecdə bütün kliniki fənlər üzrə simulyasion kabinetlər təşkil olunub. Burada tələbələr ilkin tibbi yardım göstərməyi, müxtəlif növ manipulyasiyalar, reanimasion tədbirlər, doğuşa qədər və doğuş zamanı və s. təcrübi vərdişlərə yiyələnirlər. Bunlarla yanaşı, tələbələr təcrübə biliklərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in razılığı ilə seçilmiş klinikalarda mənimsəyirlər. Kollecin rəhbərliyi və müəllim heyəti hər zaman çalışır ki, tələbələr ən yüksək təhsilə, etik tərbiyəyə nail olmaqla yanaşı, bir vətəndaş, şəxsiyyət kimi yüksək vətənpərvər ruhda formalaşsın, milli-mədəni dəyərləri qoruyub saxlayaraq  humanizm, əxlaqi saflıq, şəfqət, mənəvi kamillik, mütərəqqi üsullarının tətbiqi ideyaları ilə yaşayıb fəaliyyət göstərsinlər, özlərində sərbəst işləmək, əməyə sevgi hissləri aşılasınlar.

Sonda direktor hər zaman kollecin qapılarının hər kəsə açıq olduğunu vurğuladı.

 

 

 

Bəhmən MİRZƏYEV,

Azərbaycan.-2022.- 3 fevral.- S.11.