Azərbaycanın dəmir yolu infrastrukturu təkmilləşir

 

 

Dəmir yolunun istər dünyanın, istərsə də ayrı-ayrı ölkələrin sosial-iqtisadi həyatında oynadığı mühüm rolu şərh etməyə ehtiyac yoxdur. Polad magistrallar uzaq və yaxın əraziləri birləşdirir, çoxsaylı yükləri daşıyır, sərnişinləri mənzil başına çatdırır.

Keçən il ölkəmizin nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən daşınan yüklərin 7,8 faizi məhz dəmir yolunun payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə polad magistrallarla 15,1 milyon ton yük, 2 milyon 825,8 min sərnişin daşınıb. Bu göstəricilər ondan əvvəlki ilə nisbətən müvafıq olaraq 3 və 33 faiz artıb. Sutkada orta hesabla 361 vaqon yüklənib, 351 vaqon boşaldılıb. Dəmir yolunun şimal istiqaməti üzrə bir sutka ərzində 17,6 min ton, qərb istiqaməti üzrə 3,3 min ton, cənub istiqaməti üzrə 0,7 min ton yükləmə işi yerinə yetirilib.

Son illər ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, nəhəng infrastruktur və nəqliyyat layihələrinin icrası istiqamətində də böyük işlər görülüb. Qeyd edək ki, bütün bunlar dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinlikləri fonunda həyata keçirilir. İcra olunan layihələr sırasında Azərbaycanda dəmir yolu nəqliyyatı infrastrukturunun müasirləşməsi və təkmilləşdirilməsi, hərəkətin idarə edilməsi prosesinin yüksək səviyyəyə çatdırılması, dəmir yolu nəqliyyat vasitələri parkının genişləndirilməsi və sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər də böyük önəm daşıyır. Bu işlər “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin qovuşduğu coğrafi məkan kimi Azərbaycanın regionda rolunuyerini daha da möhkəmləndirir, iqtisadi və nəqliyyat-logistika potensialını əhəmiyyətli dərəcədə artırır.

Bakıda keçən il noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni Biləcəri lokomotiv deposunun açılışı deyilənlərə aydın misaldır. Prezident İlham Əliyev açılışda iştirak edibdepoda yaradılan şəraitlə tanış olub.

Belə ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu cür deponun istifadəyə verilməsi 4-cü sənaye inqilabına keçidlə bağlı atılan addımlardan biridir. Deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerjidən istifadə olunsun. Burada zəruri infrastruktur yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq quraşdırılıb.

Deponun tikintisi “Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun - Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi” layihəsi çərçivəsində həyata keçirilib. Yeni depolar üçün dəyişən cərəyanlı 40 yük lokomotiviikili elektrik təchizatı sistemində işləyən 10 sərnişin lokomotivi dünyanın aparıcı şirkətlərinə sifariş edilib. Beləliklə, Azərbaycana müasirAlstom” lokomotivləri gətirilib.

 

Ümumilikdə, bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşımalarında səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına, lokomotivlərin gücünün çoxalmasına imkan yaradacaq. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksək ixtisaslı işçi çalışacaq.

 

Bir sözlə, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi baxımından yeni Biləcəri lokomotiv deposu da mühüm rol oynayacaq.

 

Bu il yanvarın 31-də isə Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində burada “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun istismara verilməsində iştirak edib.

 

Gəncə lokomotiv deposu dördüncü regional inkişaf proqramı çərçivəsində icra olunan növbəti layihədir. Yeni depoda dəyişən cərəyanla işləyən elektrovozların texniki xidməti və təmiri işləri həyata keçiriləcək. Biləcəri və Gəncə depoları Azərbaycan hökuməti ilə Fransa İnkişaf Agentliyinin birgə maliyyəsi hesabına inşa edilib.

 

Gəncə lokomotiv deposunda əsas təmir zonasında eyni vaxtda 6 lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur. Bu yeni depo sifariş edilmiş bütün dəyişən cərəyanlı lokomotivlərə fasiləsiz olaraq texniki xidmət göstərmək qabiliyyətindədir.

 

Depo ABŞ, Almaniya, İngiltərə, Hollandiya, İtaliya, Türkiyə, Koreya Respublikası, Çin, Rusiyabir sıra digər ölkələrin istehsalı olan müasir avadanlıq və cihazlarla təchiz olunub. Onun ərazisində həmçinin 350 ədəd günəş paneli quraşdırılıb ki, bu da enerjiyə olan tələbatın bir hissəsini qarşılamaq imkanı yaradır.

 

Yeni depoda 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Gəncə lokomotiv deposunun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və fasiləsiz daşımaların təmin olunmasına da imkan verəcək.

 

30 il işğal altında olan torpaqlarımızın azad edilməsi də ölkənin dəmir yolu nəqliyyatı qarşısında yeni üfüqlər açır. Artıq yenidən qurulan Bərdə-Ağdam dəmir yolunda Köçərli və Təzəkənd stansiyalarının inzibati binası və sərnişin platformasının tikintisinə başlanılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamına əsasən Bərdə-Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə həmin ilin dekabr ayının əvvəlində start verilib.

 

Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrdir. Layihə çərçivəsində 4 stansiyanın, 3 körpünün, bir yolötürücünün, 23 avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin və ümumilikdə, 127 süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

 

Tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə edir.

 

Birinci mərhələ üzrə dəmir yolu xəttinin torpaq yatağının tikintisi işlərinə 2020-ci ilin sonunda, süni qurğuların tikintisinə 2021-ci ilin əvvəlində, yolun üst quruluşu elementlərinin tikintisinə isə həmin ilin avqust ayında başlanılıb.

 

Birinci mərhələ üzrə tikinti-quraşdırma işlərinin 65 faizi artıq yerinə yetirilib. İkinci mərhələ üzrə dəmir yolu xətti minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir.

 

Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

 

Azərbaycanın getdikcə genişlənən, müasirlə

 

şən və təkmilləşən dəmir yolu infrastrukturu yaxın gələcəkdə bütün regionun həyatında daha mühüm rol oynayacaq.

 

 

 

 Flora SADIQLI,

Azərbaycan.-2022.- 4 fevral.- S.4.