Bədəlbəylilər

 

 

Bədəlbəylilər Şuşanın yalnız bu şəhərdə deyil, bütün Azərbaycanda tanınmış nəsillərindən biridir. Bu nəslin istedadlı və vətənpərvər övladları müxtəlif sahələrdə fəaliyyət göstəriblər. Onlar öz şərəfli soyadlarını Azərbaycanda maarifin,  mədəniyyətin, incəsənətin, elmin inkişafında əvəzsiz xidmətləri ilə tarixiləşdiriblər.

...Şuşalı Bəşir bəylə Əzizə xanım 1875-ci ildə dünyaya gələn oğullarına Bədəl bəy adını veriblər. İlk təhsilini molla yanında alan Bədəl bəy sonralar şəhər realnı məktəbində və Qori Müəllimlər Seminariyasında oxuyub. Sonra Şuşada müəllimlik edib. Elə o vaxtlardan fədakar maarifçilərimizdən biri kimi tanınıb. Xalq arasında təhsilin vacibliyini təbliğ edib.

Bədəlbəylilər Şuşanın bir çox tanınmış nəsilləri ilə qohum olublar. Bədəl bəyin anası Əzizə xanımla dahi bəstəkar Üzeyir bəyin anası Şirinbəyim xanım bacı idilər. Bədəl bəy Bədəlbəyli isə məşhur Qacarlar nəslindən olan Rəhimə xanımla evlənib.

XX əsrin əvvəllərində Bakıya köçüb.  Bədəl bəy bu şəhərdə otuz beş il rus-müsəlman məktəbinin müdiri olub. O, yalnız pedaqoji fəaliyyəti ilə tanınmayıb. “Nicat” cəmiyyətinin ən fəal üzvlərindən olub. Azərbaycan teatrının inkişafı uğrunda çalışan ziyalılarımızla bir sırada dayanan Bədəl bəy xalası oğlu Üzeyir bəyin “Leyli və Məcnun” əsərində Məcnun, İbn Salam rollarını məharətlə ifa edib.

Bədəl bəy Bədəlbəyli 1932-ci il sentyabrın 12-də vəfat edib.

Bəşir bəyin digər oğlu - Əhməd bəy də XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz xidmətlər göstərib. 1910-cu ildə “Nicat” Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlayıb. Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Hüseynağa Hacıbababəyov və digər sənət fədailəri ilə tərəf-müqabili, həm də dost olub.

Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya hazırlananda Leyli roluna ifaçı tapmaq problemə çevrilib. Çünki kişilərin belə səhnəyə çıxmasına qarşı çıxan bir cəmiyyətdə teatrın qapıları qadınların üzünə bağlı olub.

Üzeyir bəy xalası oğlu Əhməd bəyə müraciət edib. O zaman Əhməd bəy Bədəlbəyli tələbə idi, ən böyük arzusuna çatmaq, müəllim olmaq üçün oxuyurdu. Ancaq teatrı da çox sevirdi, həm də sevimli xalası oğlunun sözünü yerə salmayıb. Leyli kimi səhnəyə çıxan Əhməd bəy tanınmamaq üçün afişalarda adını “Miri” yazdırıb. Özünə Ağdamski təxəllüsünü götürüb.

On iki il qadın geyimində səhnəyə çıxıb. Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əsli, “O olmasın, bu olsunda Gülnaz, “Arşın mal alanda Gülçöhrə, “Ər və arvadda Minnət, “Rüstəm və Söhrabda Təhminə, “Şah AbbasXurşudbanuda kəndli qızı və başqa əsas rolları ifa edib.

1920-ci illərin əvvəllərində orkestrdə tar çalıb. 1934-cü ildən ömrünün sonunadək, yəni 1954-cü il aprelin 1-dək Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul olub. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Bədəlbəylilərin sonrakı nümayəndələri də ata, babaları kimi, xalqını çox sevən ziyalılar, görkəmli sənətkarlar kimi tanınıblar. Bədəl bəyin oğlu Əfrasiyab Bədəlbəyli 1907-ci il aprelin 19-da Bakı şəhərində dünyaya göz açıb. 1912-ci ildə 6-cı rus-müsəlman məktəbinə daxil olub. 1917-1924-cü illərdə Bakıdakı 1-ci Realnı məktəbində oxuyub.

 

Təhsilini 1924-cü ildə Azərbaycan Dövlət Türk Musiqi Texnikumunda davam etdirməklə yanaşı, Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin lisaniyyət şöbəsinə daxil olub. O, 1925-ci il mayın 22-də texnikum tələbələri tərəfindən səhnəyə qoyulmuş “Arşın mal alan” operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edib.

İyirmi yaşında ikən Cəfər Cabbarlının “Od gəlini” pyesinə yazdığı musiqi Əfrasiyab Bədəlbəylinin parlaq istedadından xəbər verib. O, həm mükəmməl violino, həm tar ifaçısı olub.

1930-cu il mayın 15-də isə türk operalarına dirijorluq etmək üçün M.F.Axundov adına Dövlət Böyük teatrına işə qəbul edilib. Bəstəkar həmin illərdə “Almaz”, “1905-ci ildə”, “Yaşar”, “Qorxu”, “Hacı Qara”, “Müsyö Jordan” əsərlərinə musiqi bəstələyib.

1934-cü ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yollanıb. N.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyası nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsinə daxil olub. Həm təhsil alıb, həm də Leninqrad OperaBalet Teatrının baş dirijoru V.Dranişnikovun rəhbərliyi altında dirijor assistenti kimi çalışıb. 1938-ci ildə təhsilini başa vurub, Bakıya qayıdıb.

O, otuz üç yaşında yazdığı “Qız qalası” baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə “Nizami”, “Söyüdlər ağlamaz” operalarını yazıb. Bir çox dram tamaşasına musiqi bəstələyib.

Əfrasiyab Bədəlbəyli müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri işləyib, Azərbaycan radio komitəsinin musiqi redaksiyasına başçılıq edib, milli musiqi sənətimizin təbliği ilə məşğul olub. O, nəinki musiqiçi, eləcə də ədəbiyyatçı və dilçi kimiböyük nüfuz qazanıb. 1939-cu ildə qardaşı Turqud Bədəlbəylinin librettosu əsasında uşaqlar üçün birpərdəli “Tərlan” balet-nağılını bəstələyib. 1968-ci ildə isə bu iki qardaş birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında R.Mustafayevin bəstələdiyi “Aydın” operasına libretto yazıblar.

“Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adlarına layiq görülmüş Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.

Bədəl bəyin 1911-ci il fevralın 23-də Şuşada dünyaya gələn, Şəmsi adını verdiyi oğlu da Bədəlbəylilər nəslinin adını ucaldıb.

1927-ci ildə Azərbaycan Pedaqoji Texnikumunu bitirib. 1927-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalıb. Cəfər Cabbarlının əsərlərinin tamaşalarında rejissor assistenti kimi çalışıb. 1930-1932-ci illərdəGənc işçiqəzeti redaksiyasındaİncəsənət ədəbiyyatşöbəsinin müdiri, 1932-ci ildən 1942-ci ilədək Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti rejissor kimi fəaliyyət göstərib.

1933-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya rejissorluq üzrə təcrübə işinə göndərilib. 1936-cı ildə geri dönüb. Azərbaycan Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirib. Bir sıra səhnə əsərlərinin tamaşalarına quruluş verib.

1943-1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər işləyib. 1949-1956-cı illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb. 1959-1965-ci illərdə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının direktorubaş rejissoru təyin olunub. 1976-cı il oktyabrın 28-də Azərbaycan Teatr Cəmiyyəti İdarə Heyətinin sədri seçilib. 1978-ci ildə Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə Bakıda Azərbaycan Teatr Cəmiyyətinin nəzdində “Dostluq” teatrı yaradılıb.

Əməkdar incəsənət xadimi, Xalq artisti Şəmsi Bədəlbəyli 1987-ci il mayın 23-də vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

Məmməd Əhməd oğlu Ağdamski  (Bədəlbəyli) 1934-cü il oktyabrın 20-də Ağdaşda dünyaya gəlib. Orta məktəb illərindən mühəndis-neftçi olmaq istəyib. 1951-1956-cı illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil alıb. Təyinatla “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinə göndərilib. Qırx ilədək orada müxtəlif vəzifələrdə çalışıb. O  həm də elmi araşdırmalarla məşğul olub.

SSRİ neft sənayesi əlaçısı, SSRİ ixtiraçısı döş nişanları alıb, neft hasilatının artırılmasına həsr olunmuş işləri 1981-ci il ümumittifaq müsabiqəsində birinci yeri tutubMendeleyev adına diplomla təltif edilib, dəfələrlə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qalibi olub. Əməkdar geoloq fəxri adına, “XX əsrin tanınmış neftçisi” Beynəlxalq Diplomuna layiq görülüb.

Əhməd bəyin digər oğlu Telman Ağdamski 1936-cı il avqustun 6-da  Ağdaşda dünyaya gəlib. 1957-ci ildə tələbə ikən Azərbaycan Elmlər Akademiyasının Qeyri-ÜzviFiziki Kimya İnstitutunda lobarant kimi əmək fəaliyyətinə başlayıb. Sonralar həmin institutun aspiranturasında oxuyub.

Kimya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Telman Ağdamski 11 dərs vəsaitinin, 100-ə qədər elmi əsərin müəllifidir.

Fərhəd Şəmsi oğlu Bədəlbəyli 1947-ci il 27 dekabrda Bakıda dünyaya gəlib. 1965-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1969-1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

F.Bədəlbəyli Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və başqa ölkələrdə qastrol səfərlərində iştirak edib. 1986-1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin birinci müavini olub. 1971-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. Professor Fərhad Bədəlbəyli Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.

 

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 4 fevral.- S.6.