Maarifçi qadın

 

 

Qarabağın döyünən ürəyi qədim Şuşada ta qədimdən xanımlar arasında da ədəbiyyata, təhsilə, mədəniyyətə, musiqiyə, incəsənətə və digər həyati əhəmiyyətli sahələrə meyil güclü olmuşdur. Şuşanın məşhur şəxsiyyətlərindən olan Səfərəli bəy Vəlibəyovun qızı Nigar xanımın maarifçilik fəaliyyəti buna bariz nümunədir.

 

Xatırladaq ki, Nigar xanımın atası Səfərəli bəy Vəlibəyov 1879-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ilk azərbaycanlı tələbələrindən biri olub. Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olub. Əsli-nəcabəti də kök etibarilə Şuşadandır. O,  ilk təhsilini mollaxanada alıb, sonra Şuşa şəhər 4 sinifli rus ibtidai  məktəbində davam etdirib. 1881-ci ildə seminariyanı bitirdikdən sonra həmin təhsil ocağında rəhbər  vəzifədə saxlanılıb. Səfərəli bəy seminariyada 1896-cı ilədək fasiləsiz olaraq 15 il pedaqoji fəaliyyət göstərdikdən sonra 1896-cı ildə Bakıya köçərək burada iki il müəllimlik etmiş, sonra digər işlərdə çalışmışdır.

 

Dövrün maarifpərvər ziyalısı Səfərəli bəyin qızı Nigar xanım Vəlibəyova 1894-cü il iyunun 16-də Şuşada dünyaya göz açıb. 8 yaşında atasını itirən Nigar atasının bibisi oğlu, tanınmış yazıçı Süleyman Sani Axundovun köməyi sayəsində bacısı Sürəyya ilə birlikdə dövlət hesabına pansionatda yerləşdiriliblər.

 

1912-ci ildə Nigar xanım Bakıda Müqəddəs Nina qadın məktəbində 8 illik təhsilini müvəffəqiyyətlə başa vuraraq Qafqaz Tədris Dairəsi tərəfindən ev mürəbbiyəsi adına layiq görülmüşdür. Seçdiyi sənətə ürəkdən bağlanan 18 yaşlı Nigar xanım Vəlibəyova  Bakı Şəhər Dumasına müraciətindən sonra 2-ci rus-tatar qadın məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. O, hər birində 36 və 18 şagird olan 1-ci və 3-cü bölmələrdə  rus dilihesab  dərslərini  tədris etmişdi.

 

Təşkilatçılığı və peşəkarlığı ilə seçilən, habelə tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində uğurları ilə diqqət çəkən Nigar xanım Vəlibəyova 1919-cu il sentyabrın 29-dan 2-ci qadın türk məktəbinin müdiri vəzifəsinə irəli çəkilmişdir. Nigar xanım dövrün çətinliklərinə baxmayaraq, habelə hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə azərbaycanlı ailələrin qız övladlarının təhsilə cəlb olunmasına çalışmışdır. Onun təkidi və məsləhəti ilə yaxından tanıdığı və ünsiyyətdə olduğu  ailələrdən vaxtilə təhsil almış xanımların övladları, nəvə-nəticələri Nigar xanımın bu milli təəssübkeşliyini minnətdarlıq hissi ilə xatırlayırlar.

 

Nigar xanım Əmir bəy Zəkəriyyə bəy oğlu Aslanovla ailə həyatı qurmuşdur. Əmir bəyin atası Zəkəriyyə bəy də dövrün tanınmış pedaqoqlarından olmuşdur.  Çox təəssüf ki, repressiya maşınının daha kəskin işlədiyi 1938-ci ildə Nigar xanım da daxil olmaqla, bütün ailə repressiyaya məruz qalmışdır.

 

Azərbaycanda təhsilin inkişafında, savadsızlığın aradan qaldırılmasında, xüsusilə qadınların təhsilə, məktəbə cəlb edilməsi işində əvəzsiz zəhməti olmuş pedaqoq, repressiya qurbanı Nigar xanım Vəlibəyova xalqımız tərəfindən unudulmur, adı və maarifçilik fəaliyyəti böyük hörmət və ehtiramla xatırlanır.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 4 fevral.- S.6.