Qələbənin, inkişafın və qətiyyətin təntənəsi

 

 

Qarabağ və Şərqi Zəngəzurun xilaskarı olan İlham Əliyev indi bu ərazilərə yeni həyat bəxş edir

 

 

 

Vətən müharibəsindəki qələbə Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı olmaqla yanaşı, ölkədə gedən inkişafquruculuq proseslərini də yeni mərhələyə yüksəltdi.

Bu mərhələdə əsas prioritetlərdən biri işğaldan azad olunmuş bütün ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin olunması və bunun üçün hər bir imkanın yaradılmasıdır.

 

 Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib

 

 

İşğaldan azad olunmuş rayonlarımızın hər biri vaxtilə özünəməxsus inkişaf göstəricilərinə və infrastruktura malik olub.

İşğal dövründə Ermənistan həm bu rayonlardakı nəqliyyat, kommunikasiyasosial infrastrukturları, həm də vətəndaşlarımıza məxsus fərdi evləri, təsərrüfatları yerləyeksan edib. Günlərin birində bu torpaqları tərk edəcəyini anlayan düşmən şəhər və kəndlərimizi talan edərək Ermənistana daşıyıb. Apara bilmədiklərini isə dağıdıblar. Düşmən hətta təbiətimizə, tariximizə, mədəniyyətimizə də qənim kəsilib.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra üzə çıxan mənzərə hər birimizin qəlbini göynətdi. Qarabağa və Şərqi Zəngəzura səfərləri təşkil olunan xarici ölkə nümayəndələri gördüklərindən dəhşətə gəldilər. Azad olunmuş ərazilərimizdəki gerçəkliklər erməni xalqının işğalçı mahiyyətini dünyaya nümayiş etdirdi. Ermənilər tərəfindən azərbaycanlılara məxsus məzar daşlarının daşınaraq evlərin zirzəmilərinə yığılması onların hansı xislətin sahibi olduğunu bir daha bəşəriyyətə göstərdi.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Füzuli rayonuna səfəri zamanı Prezident İlham Əliyev bildirmişdi ki, sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib: “Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib”.

 

 

Görülmüş işlərin miqyası böyük, layihələrin əhatə dairəsi isə daha möhtəşəmdir

 

 

 

İşğaldan azad olunmuş ərazilərimizdə 2020-ci ilin oktyabr ayından, hələ döyüşlərin davam etdirildiyi günlərdən başlanan bərpa və quruculuq işləri sürətlə davam etdirilməkdədir.  Azərbaycan hökuməti azad olunmuş ərazilərin bərpası və iqtisadi potensialının hərəkətə gətirilməsi üçün titanik fəaliyyət ortaya qoyub. Yol-nəqliyyat, sosialistehsal infrastrukturunun yaradılması strateji məqsəd kimi müəyyən olunub. Aradan ötən qısa müddətdə görülmüş işlərin miqyası olduqca böyükdür. Həyata keçirilən layihələrin əhatə dairəsi isə daha möhtəşəmdir.

 

Qarabağın və Şərqi Zəngəzurun kənd və şəhərlərinin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıdışı, burada məşğulluğun təmin edilməsi və yeni istehsal sahələrinin yaradılması üçün, ilk növbədə, tələblərə cavab verən infrastruktur mövcud olmalıdır. Sosial-iqtisadi inkişafı və yüksəlişi şərtləndirən əsas amillərdən biri də hər bir sahə üzrə mükəmməl infrastrukturun yaradılmasıdır. Qısa dövr ərzində bu istiqamətdə zəruri olan tədbirlər uğurla həyata keçirilir. Bir neçə ay ərzində bir sıra mühüm infrastruktur layihələrinin icrası başa çatıb.

“Zəfər yolu”, Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng layihələr Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin bərpasındakı əzmini bütün dünyaya bəyan etdi. Bütün bunlar dövlətimizin iqtisadi gücündən, torpaqlarımızın bərpası istiqamətində Prezident İlham Əliyevin qətiyyətindən xəbər verir.

 

 

 

Azərbaycan dövləti öz vətəndaşları üçün ən yüksək standartları tətbiq edir

 

 

Fevralın 2-də Gənclər Forumunda iştirak edən Prezident İlham Əliyev gənclərin suallarını cavablandırarkən Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin gedişatı ilə də bağlı məlumat verdi. Dövlət başçısının qeyd etdiyi kimi, bu il infrastruktur layihələrinin davam etdirilməsi ilə yanaşı, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da başlanacaq. Prezident İlham Əliyev qeyd etdi ki, işğaldan azad edilmiş torpaqlarda bu il 5 su-elektrik stansiyası inşa ediləcək, Zəngilan Hava Limanı açılacaq. Eləcə də, azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilirbu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur.

Zəngilanın Ağalı kəndinin sakinləri cari ildə doğma yurdlarına qayıdacaqlar. “Bu il nəzərdə tutulan layihələr arasında mən Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd etməliyəm. Bu, pilot layihədir, bunun böyük rəmzi mənası var. Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür. Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb”, - deyə Prezident İlham Əliyev bildirdi.

Doğma torpaqlarından köçkün düşmüş soydaşlarımızın geri qayıtması üçün həyata keçirilən layihələr “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına əsaslanır. Bu həm də ondan xəbər verir ki, Azərbaycan dövləti öz vətəndaşları üçün ən yüksək standartları tətbiq edir. O cümlədən Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl enerji” zonası yaradılır ki, bu da müasir qlobal çağırışların Azərbaycanda uğurla reallaşdığını göstərir. Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə böyük maliyyə tutumu olan bütün işlər dövlətimizin öz daxili maddi imkanları hesabına görülür. Bərpa prosesində dost dövlətlərin şirkətləri iştirak etsələr də, bütün maliyyəni Azərbaycan özü ayırır.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli bərpa işləri inkişafın, qətiyyətin və Zəfərin təntənəsidir. Qarabağ və Şərqi Zəngəzurun xilaskarı olan İlham Əliyev indi bu torpaqlara yeni həyat bəxş edir.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 5 fevral.- S.1;6.