Naxçıvan təhsilin inkişafında liderdir

 

 

Muxtar respublikanın ucqar dağ kəndlərinin şagirdləri bilik səviyyəsinə görə Azərbaycan miqyasında davamlı şəkildə necə rekordçu olurlar?

 

 

 

...Azərbaycanda ən çox xarici tələbənin hansı ali məktəbdə təhsil aldığını bilirsinizmi?

Bu, heç də yaşı 80-100 olan universitetlər, tanınmış akademiyalar deyil. Blokada şəraitinin ağır çətinlikləri, fəsadları altında fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetidir...

Bu informasiya muxtar respublikada təhsillə bağlı eşitdiyimiz ilk, ancaq son müsbət təəccübümüz olmadı. Bəli, təhsildə heyrətə səbəb olan faktlar, proseslər nə yaxşı ki, hələ də var imiş...

 

 

55 yaşlı müdrik cavan

 

 

1967-ci ildə 3 ixtisas üzrə 3 ştatlı müəllim və 102 tələbə ilə Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi ilk qədəmini atan, 1972-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna çevrilən, artıq 22 ildir dövlət universiteti kimi fəaliyyət göstərən bu 55 yaşlı ali məktəb indi muxtar respublikanın təhsil bayraqdarıdır. Bununla bərabər, ölkə miqyasında xeyli təhsil ilklərinə müəlliflik edir və pafoslu planları, bəlağətli hədəfləri ilə deyil, məhz konkret fəaliyyət nəticələri, real uğurları ilə çox “təhsil flaqmanından” önə keçir.

Heydər Əliyev Naxçıvan Dövlət Universitetini (NDU) hər zaman xüsusi himayə edib, onun inkişafı üçün düzgün yol müəyyənləşdirib. İlk dəfə 48 il əvvəl - 1974-cü ildə olduğu, sonradan isə dəfələrlə ziyarət etdiyi universitet barədə Ulu Öndər deyirdi: “Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam. Böyük iftixar hissi keçirirəm ki, əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir. Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Naxçıvan Dövlət Universiteti isə Naxçıvan təhsilinin zirvəsidir”.

Bu qayğı Prezident İlham Əliyev tərəifndən də davam etdirilib. Dəfələrlə olduğu, hər dəfə də mühüm infrastruktur açılışlarını etdiyi universitet barədə dövlət başçısının bu sözləri xüsusilə diqqət çəkir: “Naxçıvan Dövlət Universiteti böyük və şərəfli yol keçmişdir. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr oxuyur. Bu da onu göstərir ki, Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir. Burada görüləcək işlər, yeni fakültələrin açılması və gələcək planlar, əlbəttə, imkan verəcək ki, Naxçıvan Dövlət Universiteti nəinki regionda, hətta dünya miqyasında tanınmış ali məktəblərin birinə çevriləcəkdir”.

Prezident NDU qarşısında konkret məqsəd müəyyənləşdirmişdi və 15 il öncə elan edilən bu hədəf indi gerçəyə çevrilir. Bu mövzuda universitetin rektoru Elbrus İsayev böyük şövqlə, qürurla danışır. Ölkənin ən gənc rektoru olan Elbrus müəllim universitetin sabahı ilə bağlı aydın vizyona, prinsipial mövqeyə, ən əsası isə əminliyə sahibdir. Onunla söhbətləşdikcə, əməl hesabatını dinlədikcə onun öz fəaliyyətində müasir çağırışlarla mükəmməl ənənələri uğurla birləşdirdiyini, məsuliyyət daşıdığı sahəni nəticəsiz, populist eksperimentlərdən qoruyaraq düzgün məcrada inkişaf etdirdiyini və etimada bəslədiyi sədaqəti aydın görmək olur. Maraqlı məqam odur ki, rektorun tələbəlikdən etibarən həyatı məhz bu universitetlə bağlıdır. Burada bakalavr, magistr, doktorantura təhsili alıb, tələbəlik illərində universitet Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb. Müəllimi, baş müəllimi, dekanı olduğu universitetə rəhbərlik 3 il öncə ona həvalə edilib. Çoxsaylı təltif, mükafata sahibdir, elə ən sonuncusunu xatırladaq: “2021-ci ilin ən yaxşı rektoru” sosial sorğusunun qalibi olub.

Rektorla bərabər universitetin korpuslarını gəzirik. Onun “universitet şəhərciyi” ifadəsi ilə razılaşmıram. Bura şəhərcik deyil, elə şəhərdir - müasir gənclər şəhəri, modern təhsil şəhəri! 108 hektarlıq ərazidə 13 tədris korpusundan əlavə, elektron kitabxana, konservatoriya, sosial xidmət mərkəzi, universitet xəstəxanası, olimpiya idman mərkəzi, Tələbə evi, Qonaq evi, 2 stadion və digər çoxsaylı təhsil-sosial infrastrukturları yerləşir. Hər biri də 4-6 mərtəbəli, tam təmirli, ən son nəsil avadanlıqlarla təchiz edilmiş, zövqlə tikilmiş binalar...

 

Əslində, bütün korpuslarda olmaq üçün heç bir gün də kifayət etməz. Həyat burada hər addımda qaynayır. Hazırda universitetdə 451 professor-müəllim heyəti çalışır ki, onların da  arasında Milli Elmlər Akademiyasının müxbir üzvü, elmlər doktoru, professor, fəlsəfə doktoru, Xalq rəssamı, Əməkdar elm xadimi, Əməkdar müəllim, Əməkdar artist, Əməkdar mədəniyət işçisi və digər yüksək elmi-ictimai statusu şərəflə daşıyanlar var. 12 fakültədə bakalavriat səviyyəsi üzrə 70 ixtisas, magistraturada 82 ixtisaslaşma, doktoranturada 52 və rezidentura üzrə 32 ixtisasda ümumilikdə 8 minə yaxın tələbə təhsil alır. 13 ixtisasda 516 tələbəyə təhsil verən Musiqi kolleci də ötən il universitetin tabeliyinə verilib. Rektor növbəti iki il ərzində tələbə sayının 10 min nəfəri keçəcəyinə əmindir.

 

Xarici tələbələrlə qarşılaşırıq. Elbrus İsayev məlumat verir ki, ümumilikdə burada bakalavr və magistratura səviyyəsində 9 ölkədən 1493 tələbə təhsil alır. Bu rəqəm indi ölkə üzrə rekord göstəricidir. Demək, illər boyu muxtar respublikada minlərlə xarici tələbə təhsil alıb. Tələbələrin hansı ölkələrdən gəlmələri ilə maraqlanırıq. Türkiyə, İran, Rusiya, Pakistan, Özbəkistan və digərləri sırasında dünyanın ən modern təhsil modellərindən birinə malik Cənubi Koreyadan da tələbə olduğunu eşidəndə təəccüblənirik. Cənubi Koreyanın KOICA təşkilatı ilə birlikdə “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsini həyata keçirən NDU-nun ABŞ-dan İngiltərəyə, Çindən Rusiyaya, Fransadan Misirə, Almaniyadan Pakistana, İspaniyadan İrana qədər, bir sözlə, dünyanın 50-dən çox ölkəsinin 100-dən artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq əlaqələri var.

 

Maraqlıdır, axı o uzaq ölkələrdən gələn tələbə, özü də minlərlə tələbə niyə məhz Naxçıvanı seçir? Rektor bunun səbəblərini izah edir: həm normal yaşam üçün tələb olunan bölgənin yüksək inkişaf və sabitlik göstəriciləri, həm təhsil nailiyyətləri, həm də burada gördükləri yüksək qayğı, himayə, qonaqpərvərlik... Digər səbəblərin də hər biri əsaslıdır. Məsələn, əcnəbi tələbələrə davamlı olaraq ərzaq payı ayrılır. Pandemiya dövründə isə muxtar respublika rəhbərliyi tərəfindən xarici tələbələrə maddi dəstək göstərilir, soyuducuları boş qalmır. Bu mənəvi dəyərlər kontekstində NDU-nun xaricdə əsas təbliğatını məhz burada təhsil almış, indi də təhsil alan tələbələr aparır və həmvətənlərini universitetə cəlb edirlər.

 

Xatırladaq ki, NDU-da təhsil alan yerli tələbələrin coğrafiyası Azərbaycanın bütün bölgələrini əhatə edir.

 

 

 

Populist planlar yox, məhz real nəticəli innovasiyalar var

 

 

 

Avropa Rektorlar Klubu tərəfindən “Minilliyin universiteti” adına layiq görülən NDU yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə Azərbaycan ali məktəblərinin reytinq cədvəlində də iki dəfə birinci yerə sahib olub.

 

Universitetin bir nailiyyəti də tələbələrin təkmil təcrübə keçməsini və nəticədə sonradan rahat iş tapa bilməsini təmin edəcək layihənin artıq üç ildir icra olunmasıdır. Muxtar Respublika Ali Məclisi Sədrinin müəllifi olduğu bu təşəbbüs əsasında universitetdə bakalavriat səviyyəsi üzrə 70 ixtisas müvafiq olaraq 34 dövlət təşkilatına, subbakalavriat səviyyəsi üzrə isə 13 ixtisas 4 dövlət təşkilatına hamiliyə verilib. Dövlət strukturlarının rəhbərləri, nazirlər tələbələrlə mütəmadi görüşür, təmsilçiləri onlara mühazirələr oxuyur, təcrübə prosesinin keyfiyyətli gedişini təmin edir, nəticədə fərqlənən tələbələr işlə təmin olunur. Rektorun təbirincə desək, ixtisasların dövlət qurumlarına hamiliyə verilməsi kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.

 

Bu, Azərbaycan təhsilində bir ilkdir, amma Naxçıvan miqyası üçün yeganə ilk deyil... Ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzi istifadəyə verilib. Elektron universitetin fəaliyyətə başlaması isə Azərbaycan ali təhsil məkanında büdcəsinə və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdəndir. Elektron təhsil, onlayn sənəd dövriyyəsi, akademik idarəetmə və digər təhsilin idarəedilməsi modellərini özündə birləşdirən Elektron universitet təhsilin elektron vasitələrlə həyata keçirilməsi ilə yanaşı, elektron imtahanları da əhatə edir.

 

İnnovasiyalar, dövrün qlobal trendlərinə qoşulma, yeni çağırışlara uyğun mütəxəssis yetişdirmə müasir təhsilin əsas faktorlarıdır. Ancaq ölkə miyqasında bu sahədə hələ də yetərincə səmərəli nəticələr əldə etməyən ali məktəblər var. Bəs NDU-da bu sahədə vəziyyət necədir?

 

Rektor Elbrus İsayev bu istiqamətdə həyata keçirilən çoxsaylı layihə, onların nəticələrindən danışır. Məsələn, Ali Məclis Sədrinin təşəbbüsü ilə yaradılan “Startap Naxçıvan” hərəkatı universitetin müasir təfəkkürlü peşəkar mütəxəssis hazırlığına, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasına, yaradıcı düşüncənin inkişafına xidmət edir. Universitetdə gənclərin layihələrini, ideyalarını dəstəkləmək üçün yaradılan “İnnovasiya mərkəzi” və “İnnovasiya laboratoriyası” tələbələrin startapla bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurulması, maarifləndirici treninqlərin keçirilməsini təmin edir. Eyni zamanda startap hərəkatına qoşulmanı optimallaşdırmaq və operativ əlaqələrin qurulması məqsədilə “İdeya bankı” fəaliyyət göstərir. Hazırda 20-yə yaxın startap layihəsi icra olunur.

 

Tədris prosesində İKT-nin tətbiqi sahəsində professor-müəllim heyətinin fənlər üzrə mühazirə mətnləri elektronlaşdırılıb və ixtisaslar üzrə tələbələrin şəxsi kabinetlərinə yerləşdirilib. Bu isə etiraf edək ki, ölkə ali məktəblərində rastlanan azsaylı faktlardandır və daim tələbələrin haqlı narazılığını yaradır. İmtahan sessiyasından əvvəl tələbələrin imtahanaqədərki balları şəxsi kabinetlərinə yüklənilir. Ötən il elektron test üsulu ilə 1141 imtahan keçirilib. Ali təhsil ocağının “E-cədvəl” mobil tətbiqi Azərbaycanın milli internet mükafatına layiq görülüb. Rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi məqsədilə tələbələrə yeni nəsil smart tələbə kartları verilib.

 

Tikintisi davam edən nəhəng kompleksin qarşısındayıq. Elbrus İsayev “Bura gələcəkdə yalnız universitetimizin və muxtar respublikanın deyil, bütün Azərbaycanın ən müasir elmi-texnoloji mərkəzlərindən olacaq” deyir. Rektorun mütləq əminliklə gələcək təyinatını müəyyənləşdirdiyi məkanla maraqlanırıq. Bura Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkı olacaq.

 

Bu infrastrukturu Ali Məclisin Sədri Vasif Talıbovun növbəti innovasiya təşəbbüsü kimi səciyyələndirən rektor qeyd edir ki, ümumiyyətlə, dünyada az sayda universitetdə texnopark vardır. Bura universitetin imkanlarını daha da genişləndirməklə yanaşı, beynəlxalq rəqabətqabiliyyətliliyin təmin olunması, innovativ layihələrin dəstəklənməsi və keyfiyyətli kadr hazırılığı kimi məsələlərə böyük təsir imkanları yaradacaq. 5 mərtəbəli Texnologiyalar Parkı universitetin 43 ixtisasının fəaliyyət sahəsinə daxil olacaq.

 

Layihəyə nəzər salırıq. Nano araşdırmalar, biotexnologiyalar, prototip mərkəzləri, proqramlaşdırma və avtomatlaşdırma, texnoservis, innovasiya, layihələrin əlaqələndirilməsi, informasiya texnologiyaları, süni intellekt elmi-tədqiqat mərkəzləri, incəsənət, dizayn və memarlıq layihələri xidməti, biznes inkubatoru, ideya bankı, energetika, startap mərkəzləri, nəbatət bağı, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, meliorasiya, arıçılıq sahələri, biopark, texnopark binaları... Bəli, bunlar Naxçıvan Dövlət Universitetində mövcud olacaq!

 

 

 

Qədim alimlər yurdunda modern elmi yeniliklər

 

Universitet ərazisində hərbi geyimli gənclərlə qarşılaşırıq. Məlum olur ki, onlar Tibb fakültəsində ötən ildən fəaliyyətə başlayan “Hərbi həkim” ixtisası üzrə təhsil alan tələbələrdir. Tibb fakültəsində olarkən isə maraqlı məqamla rastlaşırıq. Əczaçılıq və biokimya laboratoriyalarında müəllimlərlə yanaşı, tələbələr də iş başında idi. Yeni dərman vasitələri üzrə araşdırmalar aparılırdı. Məlum oldu ki, fakültənin dekanı, dosent Elsevər Əsədovun “Arı vərəmumu əsaslı oral və nazal sprey” layihəsi artıq patent üçün Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinə göndərilib və ilkin mərhələdən keçib. Qeyd edək ki, bu dərman vasitəsi universitetin müəllim və tələbələri ilə yanaşı, artıq ətrafda da geniş populyarlıq qazanıb və pandemiyanın fəsadlarından qorunmaq üçün təsirli sprey kimi qəbul olunur.

 

Bəs NDU-da - bu gənclər şəhərində tələbələrin dərsdənkənar asudə vaxtı necə keçir? Əvvəl yataqxanadan başlayaq. Tam təminatlı, müasir təchizatlı, yüksək təmirli, 2 korpuslu, ən əsası, bəlkə də simvolik sayılan ödənişli yataqxana 500-ə yaxın tələbənin isti ocağına, evinə çevrilib. Yaxınlıqdakı üç mərtəbəli Sosial Xidmət Mərkəzində isə tələbənin cibinə uyğun kafelər, istirahət, sərgi, mədəniyyət məkanları günboyu tələbələrin istifadəsindədir. Universitetin öz xəstəxanası da var. 3 mərtəbəli korpusda cərrahiyyə bloku, reanimasiya palataları, elektrokardioqrafiya, ultrasəs, rentgen və müayinə otaqları, klinik laboratoriya, aptek, 3 auditoriya, oftalmoloji, stomatoloji kabinələr və digər lazımi mükəmməl tibbi infrastruktur yaradılıb. Tələbə və müəlliflərin ixtiyarında təmənnasız olan bu xəstəxana həm də Tibb fakültəsinin təcrübə məkanıdır.

 

Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Turizm Assosiasiyası, Tələbə İnformasiya Mərkəzi, tələbə teatr və opera studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu universitetdə tələbələrin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşlərinin, təşkilatçılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə, asudə vaxtlarının səmərəli təşkilinə geniş imkanlar yaradır. Universitetin gənc müəllimi Əziz Qasımovun bu günlərdə gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə fərqləndiyinə görə Prezident mükafatına layiq görülməsi isə həm də elə NDU-ya dövlət başçısının növbəti etimadıdır. Qeyd edək ki, Universitetin Tələbə Gənclər Təşkilatı da “İlin ən yaxşı Tələbə Gənclər Təşkilatı” nominasiyası üzrə mükafata layiq görülüb.

 

100 mindən artıq kitabxana fondu olan Naxçıvan Dövlət Universitetində ən yüksək kampus simsiz internet şəbəkəsindən istifadə olunur. Burada 3 internet mərkəzi, Media mərkəzi, Universitet televiziyası, radiosu, nəşriyyatı, “Elmi əsərlər” jurnalı, “Yeni fikir” qəzeti və bir neçə muzey fəaliyyət göstərir.

 

NDU müasir təhsil mərkəzi olmaqla yanaşı, həm də mükəmməl elm məkanı kimi formalaşır. Bu isə universitetin əsas fəaliyyət göstəricilərindən, mühüm qiymətləndirmə əmsallarından biri olmaqla yanaşı, daim “alimlər yurdu” kimi səciyyələnən Naxçıvanın nüfuzuna da böyük töhfədir.

 

Yeri gəlmişkən, bu ənənənin yaşaması üçün Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi də xüsusi səy göstərir. 20 il öncə fəaliyyətə başlayan bölmədə 6 elmi tədqiqat institutu birləşib. Burada çalışan 248 əməkdaş, o cümlədən 93 elmi işçi sırasında iki akademik, 4 müxbir üzvü, 5 elmlər doktoru, 50 fəlsəfə doktoru var. İndiyədək dissertasiya şuralarında 17 elmlər, 98 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub. Əməkdaşlarının 252 monoqrafiyası, 235 kitabı, çoxsaylı metodik və dərs vəsaiti, elmi məqalələri, atlas və xəritələri çap olunan bölmənin alimləri tərəfindən 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, 2 cilddə “Naxçıvan coğrafiyası” və digər fundamental nəşrlər işıq üzü görüb.

 

 

 

Prezident qayğısının əməli nəticələri

 

 

 

Blokadanın məhrumiyyətləri altında fəaliyyət göstərən 55 yaşlı universitetin hələ çox kiçik qisminə toxunduğumuz genişmiqyaslı nailiyyətləri ümumilikdə Naxçıvanda təhsilə, elmə olan qayğının və himayənin təcəssümüdür. Naxçıvan ənənələr diyarıdır, burada hər bir bucaqda hansısa tarixi ənənənin nişanına rastlamaq, hər bir evdə ənənələrin yaşadıldığına şahid olmaq mümkündür. Bu ənənələrin ən mükəmməllərindən biri də elə qeyd etdiyimiz təhsilə və elmə olan bağlılıqdır.

 

Naxçıvanda ən ucqar yaşayış məntəqəsində, ən hündur dağ kəndində belə iki-üç mərtəbəli, tam isidilən, dərslikdən kompüterə, idman zalından laboratoriyalara qədər müasir təhsil üçün tələb olunan bütün vasitələrlə təmin olunan orta məktəblər tikilib. Hələ kəndlərdə üçmərtəbəli musiqi məktəblərini görmək də böyük təəccüb yaradır.

 

Prezident İlham Əliyevin Naxçıvanda açılış lentini kəsdiyi onlarca orta məktəb necə modern və təminatlıdırsa, dağ kəndlərindəki yüzlərlə digər məktəb də onlardan əsla və əsla fərqlənmir!

 

Son onilliklərdə muxtar respublikada 200-dən artıq məktəb binası istifadəyə verilib, hamısı da ən müasir səviyyədə! Muxtar respublikanın ümumtəhsil məktəblərində oxuyan 53 mindən çox şagirdin təhsili ilə 7257 müəllim məşğul olur. 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılan təhsil müəssisələrinin hamısında sürətli internetə çıxış var. 22 mindən çox şagird 103 ümumtəhsil məktəbində STEAM təhsilinə cəlb olunub. İstedadı ilə fərqlənən şagirdlərin adı gənc istedadların “Qızıl kitabı”na yazılır və onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünü alırlar.

 

Bu yüksəksəviyyəli və təchizatlı məktəb infrastrukturları Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nəzarəti, birbaşa himayəsi, göstərişi əsasında inşa olunub, Ali Məclis Sədri Vasif Talıbovun fədakarlığı, zəhməti ilə ərsəyə gəlib. Amma Azərbaycan reallığında bir həqiqət də var: əsas məktəbin vizual göstəricisi deyil, mühüm olan oradakı təhsilin keyfiyyətidir!

 

Düzgün istiqamət, mükəmməl təcrübə və vicdanlı müəllim hesabına çıraq işığında oniliklər boyu əsl ziyalılar yetişib, akademiklərin təhsil yolu uçuq məktəb binalarından başlayıb! Təhsil - sabahımızdır, təhsilin bugünkü durumu sabahımızın necə olacağını elə indidən müəyyənləşdirir! Təhsilin keyfiyyət göstəricisi kimi yəqin, onlarca amil var. Bəs biz nəyə, hansına istinad edək?

 

İndi əlacsız valideynlər, on minlərlə ailə ümidi, yəni normal təhsili məktəbdə yox, ondan kənarda axtarır. Ən böyük gerçəklik isə “repetitor məktəbi”nin orta məktəbdən daha səmərəli, daha əhəmiyyətli nəticə verən olmasıdır! Naxçıvan timsalında isə biz fərqli, ürəkaçan, təsəlli verən nümunəni görürük. Təhsilin keyfiyyət nəticələrini sadə insanlar birmənalı olaraq, ali məktəblərə qəbulun nəticə statistikasında axtarır ki, bu göstəricidə də əsas payı, əlbəttə, “repetitor məktəbi” tutur. Naxçıvanda isə repetitorluq sadəcə yoxdur! Dil, sənət, ilkin təlimləri öyrədən kurslar və təmənnasız, yalnız öz 3-4 geri qalan şagirdinə gücləndirici əlavə dərsdənkənar vaxt ayıran vicdanlı müəllimləri kənara qoysaq, yalnız və yalnız məktəb var!

 

 

 

Təcrübə və məsuliyyət - islahatların uğur rəhni

 

 

 

Ötən tədris ilinin qəbul statistikasının monitorinqini Dövlət İmtahan Mərkəzi (DİM) hələ ki, yekunlaşdırmayıb. Sadəcə o məlumdur ki, 2021-ci ildə muxtar respublika məzunlarının ali təhsil müəssisələrinə və orta ixtisas məktəblərinə qəbul göstəricisi 73 faiz təşkil edib. 261 məzun 500-dən yuxarı bal toplayıb, 3-ü Prezident təqaüdünə layiq görülüb.

 

Amma öncəki illərin rəqəmlərini DİM elan edib. Kiçik araşdırma apardıq. Məsələn, 2020-ci ildə I mərhələ üzrə buraxılış imtahanlarında bölgələr üzrə ən yaxşı göstərici, yəni lider mövqe Naxçıvan Muxtar Respublikasına - Ordubada məxsusdur. II mərhələdə isə rayonlar üzrə təsnifatların ilk onluğunda muxtar respublikanın 4 rayonu var! Hətta paytaxt Bakının bura düşmədiyi, ilk yerində isə ən məşhur dövlət və özəl liseylərin toplusunun yerləşdiyi siyahıda ikinci yeri Ordubad, 5-ci yeri Naxçıvan şəhəri, 7-ci yeri Kəngərli, 9-cu yeri Şahbuz tutur. Yüksək bal toplayan tələbələr siyahısında ilk beşlikdə isə muxtar respublika 2 yaşayış məntəqəsi ilə təmsil olunur: Naxçıvan şəhəri və Şahbuz. 2019-cu ildə də abituriyentlərin qəbul göstəricilərinə görə ilk 15-likdə muxtar respublika 4 yaşayış məntəqəsi ilə təmsil olunub: Şahbuz, Kəngərli, Ordubad və Naxçıvan şəhəri (paytaxt Bakıdan bir pillə öndə).

 

Yaxud ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə 2020-ci il qəbulunda qruplar üzrə orta bal göstəricilərində də Naxçıvan Dövlət Universiteti öndədir. II qrupda NDU görün kimləri üstələyir: BDU, Dövlət Neft və Sənaye, Texniki, Memarlıq və İnşaat, Pedaqoji, Dillər, Slavyan, Bakı mühəndislik, Mədəniyyət və İncəsənət, Turizm və Menecment və digər bütün bölgə universitetlərini... III qrupda yenə də paytaxtın xeyli, bölgələrin isə bütün ali məktəblərini gerirdə qoyan Naxçıvan Dövlət Universiteti IV qrupda Tibb Universitetindən sonra ikinci nəticə ilə 17 ali məktəbdən öndədir. Ümumilikdə isə NDU qəbul balına görə 42 ali məktəb arasında 12-ci mövqedə olub.

 

Unutmayaq, Dövlət İmtahan Mərkəzinin real rəqəmləri, hesabatı təhsilin keyfiyyəti barədə mülahizə yürütməyə, rəy söyləməyə əsas verən hələ ki, yeganə istinaddır və bunun timsalında ölkə təhsilinin, o cümlədən Naxçıvan təhsilinin vəziyyətini düzgün dəyərləndirə bilərik. Ancaq bir məqam da var: “Ordubad, Şahbuz, Kəngərli və digər rayon məktəbləri ölkə üzrə öndədir” deyib, mövzunun üstündən sakitliklə keçməyək. Blokadanın ağır və çətin məhrumiyyətlərini, dağ kəndlərinin spesifik problemlərini, təbiətin bu bölgə üçün davamlı fəsadlarını və digər onlarca obyektiv amili nəzərə alaraq, qazanılan nailiyyətə qiymət verək.

 

Bu, qəhrəmanlıqdır, səmimi vətənpərvərlikdir, əsl Azərbaycansevərlikdir, sabahımıza ən dəyərli töhfədir!..

 

Naxçıvanda Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın təhsillə bağlı tələblərinin, hədəflərinin, məqsədlərinin gerçəkləşməsinə vicdanla, məsuliyyətlə yanaşırlar və bunu vətəndaşlıq borcu kimi qəbul edirlər!

 

Buna görə də Prezident İlham Əliyev Naxçıvanı inkişafın bütün istiqamətləri üzrə Azərbaycanın lider və rekordsmen bölgəsi elan edib!

 

Təhsil səviyyəsini Azərbaycan miqyasında lider və rekordsmen mövqeyinə çıxardan Naxçıvanın indi Prezident İlham Əliyev qarşısında bir öhdəliyi də var: bu nailiyyətləri qlobal məkana keçirtmək. Bunu da bacaracaqlar!..

 

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2022.- 6 fevral.- S.1;4.