Möhtəşəm minilliklərin şanlı 98 ili

 

Muxtar respublikanın yüksəlişi  Heydər Əliyev ideyalarının təntənəsi, İlham Əliyevin inkişaf kursunun təcəssümüdür

 

Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən və dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri...

Nuh peyğəmbərin məskən saldığı qədim yurd yerimiz...

Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsinin yaranmasında böyük rolu olan diyar...

Dövlətçilik irsimizin formalaşmasına tarixi töhfələr ərməğan edən ulu torpaq...

Söhbət hər daşında, hər salnaməsində xalqımızın milli kimliyini, tarixi irsini tərənnüm edən və yaşadan Naxçıvandan gedir. Qədim və zəngin keçmişə malik Naxçıvanın muxtariyyət tarixinin bu gün 98-ci ili tamam olur.

 

Tarixi zərurətdən yaranan muxtariyyət

 

Minilliklərə söykənən tarixə və dövlətçilik ənənələrinə, həmçinin  zəngin  mənəvi və mədəni dəyərlərə malik olan Azərbaycan keşməkeşli, eyni zamanda parlaq və şərəfli inkişaf yolu keçib. Bu yolda Azərbaycanın dövlətçilik tarixinə layiqli töhfələr vermiş hər bir yurd yerimiz kimi, Naxçıvanın da öz yeri var.

Bu qədim Azərbaycan diyarı ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynayıb. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına da dəyərli töhfələr vermişdir. Azərbaycan Atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri əsası Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi ilə bütün Şərqdə məşhurlaşmışdır.

Ulu Öndər Heydər Əliyev Naxçıvan MR-in təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasında bu barədə deyib: “Naxçıvan qədim zamanlardan Azərbaycanın ən mötəbər bölgələrindən biri olubdur. Azərbaycana, o cümlədən Naxçıvana əsrlər boyu dəfələrlə yadellilərin basqını olmuşdur, müharibələr, döyüşlər zamanı insanlar qırılmışdır. Naxçıvan dəfələrlə tamamilə məhv olub külə dönmüş, amma insanlar yenə də bu külün içindən qalxıb Naxçıvanı yaşatmışlar.

Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir. XII əsrdə Naxçıvan Azərbaycanın Atabəylər, Eldəgizlər dövlətinin, o əsrdə Azərbaycanın ən böyük, ən qüdrətli dövlətinin paytaxtı olubdur. Atabəylər dövləti 100 ildən artıq hökm sürmüş və onun paytaxtı azərbaycançılığı qoruyub saxlamışdır.

Azərbaycanın zəngin tarixinin bu günə qədər gəlib çatmış çox parlaq nümunələri vardır. Azərbaycanda aparılan arxeoloji tədqiqatlar bir neçə əsr bundan öncə Azərbaycanın nə qədər zəngin mədəniyyətə malik olduğunu və nə qədər dolğun həyat yaşadığını əyani surətdə göstərir”.

Naxçıvanda bu günədək qorunub saxlanılan arxeoloji abidələr, qədim karvansaralar, məscid və məbədlər, həmçinin mədəni irsimizin inciləri sırasına daxil olan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı, Əlincəçay Xanəgahı öz möhtəşəmliyi ilə seçilir. Zəngin ədəbi ənənələrə malik olan Naxçıvan Azərbaycana dünya ədəbiyyatının görkəmli nümayəndələri olan Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri bəxş edib.

Tarix boyu siyasi və hərbi mübarizələr meydanına çevrilsə də, məkrli planlara təslim olmayan, Azərbaycanın ayrılmaz ərazisi kimi qorunan Naxçıvanın muxtariyyəti asan yolla qazanılmayıb. “Böyük Ermənistan” xülyasında olan erməni şovinistlərinin hədəflərindən biri daim Naxçıvan olub. XIX əsrdən başlayaraq İrəvan və Qarabağla yanaşı, erməni silahlı quldur dəstələri Naxçıvanda da azərbaycanlı əhaliyə qarşı soyqırımı cinayətləri törədib, azərbaycanlı əhalinin sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atıblar.

1918-ci il mayın 26-28-də Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak hökuməti Naxçıvanı özünə ilhaq etmək siyasəti yeritməyə, dinc azərbaycanlı əhaliyə divan tutmağa başladı. Ermənilər Naxçıvanı Azərbaycandan qoparmaq cəhdlərini davam etdirsələr də, yerli əhalinin inadlı müqaviməti və türk əsgərlərinin bölgəyə daxil olması ermənilərin bu məkrli niyyətlərinin həyata keçirilməsinə imkan vermədi.

1920-ci il aprelin 28-də Bakıda, iyulun 28-də isə Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR-in yaradılması, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi bu qədim diyarımızın muxtariyyəti məsələsini gündəliyə gətirdi. Çünki Ermənistandakı sovet hakimiyyəti də Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərirdi.

Lakin Ermənistan niyyətinə çatmadı. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu almasında Türkiyənin də böyük rolu oldu. 1921-ci il 16 martda  Moskva,  1921-ci il 13 oktyabrda isə imzalanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik oldu. Naxçıvanın statusunun ilk beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük  siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir.

Qars müqaviləsində Naxçıvan Muxtar Respublikasına hər hansı bir başqa dövlət tərəfindən müdaxilə edilərsə, Türkiyə Cümhuriyyətinin onu himayə etməsinə dair xüsusi bir müddəanın daxil edilməsi bu anlaşmanın tarixi-siyasi əhəmiyyətini daha da qüvvətləndirmişdir. Bütün bunlara görə 1921-ci ilin Qars müqaviləsi Azərbaycanın cənub-qərb sərhədlərində ərazi bütövlüyünün qorunub saxlanması və Naxçıvana muxtariyyət verilməsi baxımından böyük tarixi əhəmiyyətə malik olan siyasi hadisədir. Qars müqaviləsi ilə Ermənistanın Şərqi Anadoluda və Naxçıvanda ərazi iddialarına son qoyulmuş, Zaqafqaziya respublikaları arasında Ermənistanın yaratdığı gərginlik, separatçılıq fəaliyyəti dayandırılmışdır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Qars şəhərində imzalanmış beynəlxalq statusa malik müqaviləyə yüksək qiymət vermiş, Qars müqaviləsinin müddəalarına əsasən, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsini tarixi nailiyyət adlandırmışdır. Hətta XX əsrin sonlarına yaxın Ermənistan tərəfi yenidən Naxçıvan Muxtar Respublikasına hərbi təcavüz edərkən və ərazi iddiaları irəli sürərkən görkəmli dövlət xadimi Heydər Əliyev 24 mart 1992-ci il tarixdə Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə Ankaradakı tarixi görüşü zamanı Qars müqaviləsinin müddəalarını yada salmaqla beynəlxalq ictimaiyyəti mövcud reallıq haqqında məlumatlandırmış, Ermənistan tərəfini bir daha susmağa məcbur etmişdir.

1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi. Azərbaycanın üzvi bir parçası kimi Naxçıvan Muxtar Respublikasının yaranması ilə Ermənistanın bu qədim Azərbaycan torpağı haqqındakı iddialarının qarşısına dəmir sədd çəkilmişdi. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir  siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət idi.

 

Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan inkişaf

 

Sovet hakimiyyəti illərində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində şərəfli və məsuliyyətli bir yol keçmişdir. Bütün təqiblərə və ideoloji təzyiqlərə baxmayaraq, Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da savadsızlığın ləğv edilərək məcburi orta təhsilin həyata keçirilməsi, aqrar sahə ilə yanaşı, sənaye sektorunun formalaşdırılması, maarif və mədəniyyət sahələrində müəyyən dirçəlişə nail olunması sovet dövrünün mühüm nailiyyətlərindən hesab oluna bilər.

Bununla belə sovet hakimiyyəti illərində Naxçıvana qarşı əsassız ərazi iddiaları davam etdirilib. Belə ki, Moskva və Qars müqavilələri imzalanarkən təxminən 6 min kvadratkilometr ərazisi olan Naxçıvan Muxtar Respublikasının torpaqları əsassız ərazi iddiası irəli sürən Ermənistan tərəfindən Moskvadakı güclü erməni lobbisinin himayəsi ilə, qanunsuz şəkildə hissə-hissə ilhaq olunaraq 5,3 min kvadratkilometrə qədər azaldılıb.

Yalnız görkəmli dövlət xadimi Heydər Əliyev 14 iyul 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etdikdən sonra ölkəmizin regionlarından torpaqların itirilməsi prosesi tam dayandırılmış, Naxçıvan Muxtar Respublikasının da başının üstündən duman çəkilmişdir.

Azərbaycanın ən yeni tarixinə Ulu Öndər Heydər Əliyev kimi müdrik və əvəzolunmaz dahi bəxş edən Naxçıvanın sovet hakimiyyəti dövründə inkişafı da Ulu Öndərin adı ilə bağlıdır. Təsadüfi deyil ki, sovet dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər respublikanın, o cümlədən Naxçıvanın da həyatında yüksəliş dövrü kimi xatırlanır. 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərarlaşırdı. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ümummilli Liderin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının mühüm rolu oldu. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdi. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilmişdi.

1970-1980-ci illərin əvvəllərində Naxçıvanın sosial-iqtisadi, siyasi və mədəni həyatında olduqca böyük dirçəliş baş vermişdi. Eyni zamanda o dövrdə SSRİ və Azərbaycan SSR konstitusiyalarına uyğun olaraq, Naxçıvan MSSR-in də yeni Konstitusiyası (1978-ci il) qəbul edilmişdi.

“1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görülmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”, - deyə İlham Əliyev 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə bildirmişdi.

 

Ulu Öndər Naxçıvanı qorudu, yüksəliş yoluna çıxardı

 

Muxtar respublikanın ən yeni tariximizin keşməkeşli dövrlərində də yüksəlişi və düşmən qarşısında qəhrəmancasına dayanması  məhz Ulu Öndərin adı ilə bağlıdır.

XX əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində yaranmış şəraitdən istifadə edən Ermənistanın hakimiyyət dairələri yenidən Azərbaycana, o  cümlədən Naxçıvana qarşı öz ərazi iddialarını artıq müharibə yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan çətin sınaqlar qarşısında  qalmışdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan bir neçə saat əvvəl sovet qoşun birləşmələri və erməni  silahlı dəstələri Naxçıvan Muxtar Respublikasında qan tökdülər. Daha sonra erməni quldur dəstələri Naxçıvanın Kərki kəndini işğal etdilər. Muxtar respublikanın nəqliyyat-kommunikasiya xətləri ermənilər tərəfindən kəsiləndən, tam iqtisadi blokadaya alınandan sonra burada iqtisadi böhran daha da dərinləşmişdi.

Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin 1990-cı ilin yayında Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı bu qədim Azərbaycan torpağının xilasının başlanğıcı oldu. Ulu Öndərin qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində erməni qəsbkarlarının Naxçıvanı işğal etmək planları puç oldu, muxtar respublika tarixin ən sərt sınaqlarından üzüağ, alnıaçıq çıxdı. Məhz Ulu Öndərin böyük səyləri nəticəsində muxtar respublikanın tarixində  yeni dövrün əsası qoyuldu.

Heydər Əliyevin Naxçıvana gəlişi həm də Azərbaycanın müstəqil dövlətçiliyinin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. İlk dəfə olaraq məhz Ulu Öndərin qətiyyəti və prinsipiallığı sayəsində müstəqil respublikamızın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, eyni zamanda 31 Dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilməsi bu qədim diyarın  dövlət müstəqilliyimizə ən layiqli töhfələridir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Həmçinin muxtar respublikanın adından “Sovet”, “Sosialist” sözləri çıxarıldı ki, bu da o dövrdə böyük cəsarət tələb edirdi. Bütün bunlar yalnız və yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin böyük siyasi iradəsinin, dönməz azərbaycançılıq idealının, qeyri-adi cəsarətinin və uzaqgörənliyinin sayəsində həyata keçirilmişdi. SSRİ adlanan dövlətin bütün müttəfiq qurumlarında demokratik islahatlar adı altında dağılma prosesi getsə də, o dövrə qədər sovetlər ittifaqının heç bir respublikasında Naxçıvanda atılan addımlara bənzər və ya yaxın bir hadisə baş verməmişdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1991-ci ilin sentyabr ayından etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləməsi sayəsində muxtar respublika erməni işğalından xilas edildi, burada müstəqil dövlətçilik üçün zəruri olan mühüm islahatlar qətiyyətlə həyata keçirildi. Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə təsərrüfat idarəetmə strukturları olan kolxoz və sovxozların ləğv edilməsi, torpaq islahatlarının həyata keçirilməsi, Türkiyə ilə sərhəddə Araz çayı üzərində “Ümid körpüsü”nün salınması, Yeni Azərbaycan Partiyasının yaradılması gənclərin Türkiyə Cümhuriyyətinin universitetlərində təhsil almaq üçün göndərilməsi və sair  mühüm tədbirlər nəinki muxtar respublikada, ümumən Azərbaycan miqyasında yeni siyasi-iqtisadi və mədəni mühitin formalaşdırılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli hadisələrə çevrildi.

Naxçıvanda Azərbaycan Ordusunun hərbi hissələrinin yaradılmasına ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanıldı.  Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi  4 gün sonra - 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi yaradıldı. Həmin dövr Heydər Əliyevin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə, blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla yanaşı, həm də müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin başlanğıcı oldu.

1992-ci ilin iyul-avqust aylarında Naxçıvan ərazisində yerləşən Rusiya silahlı qüvvələrinin 75-ci motoatıcı diviziyasının silah və texnikası, yaşayış binaları Müdafiə Komitəsinə təhvil verildi.  Həmin ilin 15 sentyabrında isə Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradıldı. 1992-ci il  oktyabrın 9-da Naxçıvanda ilk dəfə hərbi parad keçirildi.

Taleyin hökmü ilə ağır blokada şəraitində olan Naxçıvana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının İran və Türkiyə dövlətləri ilə əlaqələri yaradıldı, Naxçıvanın həyati tələbatlarını ödəmək, kommunikasiya əlaqələrini bərpa etmək üçün protokollar imzalandı. Muxtar respublikaya rəhbərlik etdiyi 1 il 9 ay ərzində Heydər Əliyevin əsasını qoyduğu xarici əlaqələr  bölgəni labüd fəlakətdən xilas etdi.

1992-ci ildə çətin şəraitdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması da Azərbaycanın gələcək taleyində xüsusi yeri olan ümumrespublika səviyyəli siyasi hadisə idi. Ozamankı hakimiyyət dairələrinin, AXC-Müsavat cütlüyünün maneçiliyini mətinliklə dəf edən Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdən sonra Azərbaycanda demokratik seçkilərlə hakimiyyətə gələrək xalqımızın və dövlətimizin gələcək inkişafına böyük töhfələr verdi. 1993-cü ildə xalqımızın təkidli istəyi ilə siyasi hakimiyyətə gələn Ulu Öndərin Naxçıvandan başlatdığı xilaskarlıq missiyası Azərbaycanın dövlət müstəqilliyini əbədi etdi.

 

İqtisadi artım templərinə görə rekordsmen bölgə

 

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində Naxçıvan Muxtar Respublikası davamlı inkişaf və əmin-amanlıq yolu ilə inamla addımladı. Muxtar respublikanın inkişafının 2003-cü ildən sonrakı dövrü isə Ulu Öndər Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün əyani ifadəsidir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da dinamik inkişaf yoluna qədəm qoyub. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası hətta ucqar dağ kəndlərinin də inkişafına səbəb olub.

Ümumiyyətlə, müstəqillik illərində muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunub, daxili imkanlardan səmərəli istifadə edilib, müdafiə, ərzaq və enerji təhlükəsizliyi təmin edilib, sosial layihələrin əhatə dairəsi genişləndirilib. Bu dövrdə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 69 dəfə artıb. Ötən ilin may ayında Naxçıvana səfər edən Prezident İlham Əliyev muxtar respublikanı iqtisadi artımın templərinə görə rekordsmen bölgə adlandırıb: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”.

Bu illərdə sənaye məhsulunun həcmi 117 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 15 dəfə artıb. Muxtar respublikada 232 elm və təhsil ocağı, 362 mədəniyyət müəssisəsi, 251 səhiyyə, 29 idman obyekti, 352 inzibati bina, 61 nasos stansiyası, 328 subartezian quyusu, 109 körpü, 1346 istehsal və xidmət sahəsi tikilib, 3918,3 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub.

Əvvəllər enerji qıtlığından əziyyət çəkən, ciddi problemlər məngənəsində sıxılıb qalan muxtar respublikanın ötən dövrdə əldə etdiyi ən böyük uğurlardan biri də enerji təhlükəsizliyinin təmin edilməsidir. Bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan indi enerji ixracatçısına çevrilib. Enerji təchizatı üzrə 60 meqavat gücündə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su-elektrik stansiyası, 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 22 meqavat gücündə Biləv Su-Elektrik  Stansiyası, 20,5 meqavat gücündə “Arpaçay-1” Su-Elektrik Stansiyası və 1,4 meqavat gücündə “Arpaçay-2” Su-Elektrik Stansiyası, 32 meqavatlıq günəş-elektrik stansiyaları, Culfa rayonunda 1,1 meqavat gücündə külək-günəş hibrid elektrik stansiyası istifadəyə verilmişdir. Əgər 2003-cü ilin sonuna muxtar respublikada 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, 2021-ci ildə bu göstərici 11-ə çatıbdır. Naxçıvanda elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş ölkələr üçün çox nadir göstərici hesab edilir.

Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına zəmin yaradıb, müstəqillik illərində sənaye məhsulunun həcmi 117 dəfə artıb, yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublika bu gün sənaye-aqrar regionuna çevrilib. Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illər ciddi uğurlar qazanılıb. Fəaliyyəti dayandırılmış sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması nəticə etibarilə əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalına və ümumilikdə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb olub. Bu sahənin inkişafının nəticəsidir ki, indi Naxçıvanda avtomobildən hər cür tikinti materialına, ərzaqdan geyimə qədər hər cür məhsul istehsal olunur.

Sənaye ilə yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Suvarma suyuna olan tələbatın ödənilməsi, aqrolizinq xidmətinin yaradılması nəticəsində kənd təsərrüfatı texnikaları ilə təminatın yaxşılaşdırılması əkinçini torpaqdan ikiəlli yapışmağa sövq edib. Bunun nəticəsidir ki, əkin sahələri və məhsul istehsalı ilbəil artırılır. Ötən dövrdə kənd təsərrüfatı məhsullarının həcminin 15 dəfə artması ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib. Aqrar sahəyə diqqət və qayğı sayəsində yüzlərlə ailə təsərrüfatları formalaşdırılmışdır ki, bu da özünüməşğulluğa mühüm töhfə verir.

Blokada vəziyyətində yaşayan Naxçıvanda əsas məsələlərdən biri də ərzaq təhlükəsizliyinin yerli imkanlar hesabına təmin olunmasıdır. Müxtəlif sahələr üzrə qəbul edilmiş dövlət proqramlarının icrası muxtar respublikada yerli istehsalın həcminin artmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına geniş imkanlar yaradıb. Əvvəllər zəruri ərzaq və sənaye məhsullarına olan tələbatını tamamilə idxal hesabına ödəyən muxtar respublikada bu gün 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir və ixrac potensialı getdikcə artır.

Muxtar respublikada xüsusi mülkiyyətin, kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Sahibkarlara göstərilən dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, bu sahədə fəaliyyətə süni müdaxilələrin aradan qaldırılması, bir sıra vergi və gömrük güzəştlərinin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına öz təsirini göstərmişdir. Sahibkarlığın inkişafı sahəsində yaradılan şəraitin nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artmış, 1346 istehsal və xidmət sahəsi yaradılmışdır.

Naxçıvanda həyata keçirilən kompleks tədbirlər, sənaye və aqrar sahənin inkişafında müsbət nəticələrin əldə olunması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, investisiya imkanlarının artması sürətli inkişaf tempinin qorunub-saxlanmasına, əhalinin rifahının yaxşılaşmasına və sosial problemlərin həllinə səbəb olub. Bütün sahələrdə əldə olunan nailiyyətlər əhalinin məşğulluğunu təmin edib, 98 min 775 iş yeri açılıb, əhalinin gəlirləri isə 61 dəfə artıb.

Dövlət başçısı kimi bölgəyə 15 dəfə səfər edən Prezident İlham Əliyev Naxçıvanda 100-dən artıq təhsil, səhiyyə, idman və mədəniyyət müəssisəsinin, istehsal sahəsi və hərbi təyinatlı obyektlərin açılışını edib. Ölkə rəhbərinin himayəsi, tapşırığı, tövsiyəsi ilə ərsəyə gələn obyektlərin sayı isə minlərlədir.

 

Muxtar respublikanın inkişafında uğurlu il

 

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf göstəriciləri 2021-ci ildə də qazanılmış mühüm nailiyyətləri əks etdirir. Bu göstəricilər sadəcə rəqəmlər toplusu deyil, böyük zəhmətin, fədakarlığın, düzgün yolun ürəkaçan nəticələridir.

Ötən il ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat, bir il öncəki göstəricidən 2,4 faiz çox olub. Hər bir nəfərə düşən ümumi daxili məhsul əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 6525 manat, orta aylıq əməkhaqqının məbləği isə 548,8 manat təşkil edib. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlə sənaye sahəsi tutur və maddi istehsalın payı 59 faizdir. Ötən il muxtar respublikada bir il öncəki göstəricini 1,7 faiz üstələyən həcmdə - 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bunda özəl bölmənin payı 92,3 faizdir. Sənayenin inkişafı məqsədilə təsərrüfat subyektlərinə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilib. 194 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, yaxud yaradılması davam etdirilib. İndi Naxçıvanda 384 növdə məhsul istehsal olunur.

2021-ci ildə muxtar respublikada sahibkarlara verilən 38 milyon manatdan artıq kreditin 13 milyon 875 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 24 milyon 161 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. 52 hüquqi və 2389 fiziki şəxs qeydiyyata alınıb. 2021-ci ildə bir il öncəyə nisbətən 5,3 faiz çox, yəni 573 milyon 380 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində 5 meqavat gücündə “Şərur” Günəş-Elektrik Stansiyasının və Culfa rayonunda 1,1 meqavat gücündə külək-günəş hibrid elektrik stansiyasının tikintisi başa çatdırılıb, Şərur rayonunda günəş- elektrik stansiyasının tikintisi davam etdirilir.

Təkcə 2021-ci ildə muxtar respublikada 355 sosial və inzibati obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 149 obyektdə tikinti və yenidənqurma işləri davam etdirilib. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib və ötən il əhalinin şəxsi vəsaiti hesabına 376 min 661 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.

 

Yüzillik daha böyük yüksəliş nümunələri ilə zəngin olacaq

 

İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqlar yaradıb. Müharibəyə qədər bölgənin aparıcı dövləti olan Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra regiondakı lider statusunu daha da möhkəmləndirib. Eyni zamanda Ermənistanın hərbi-siyasi məğlubiyyətə düçar edilməsi ilə Prezident İlham Əliyev xalqımızın tarixi-milli maraqlarının reallaşmasına da zəmin formalaşdırıb.

 Bunlardan biri də vaxtilə Azərbaycan torpaqları olmuş Zəngəzur bölgəsinin bütün türk dünyasını birləşdirən körpüyə çevrilməsi üçün yetişmiş tarixi şəraitin reallaşdırılmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətinin siyasi-hüquqi təsdiqi olan 10 noyabr bəyanatının bəndlərindən biri də bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılmasıdır.

Prezident İlham Əliyevin siyasi-diplomatik müdrikliyi nəticəsində Zəngəzur dəhlizi adını alan nəqliyyat körpüsünün yaradılmasına az qalıb. Ötən il may ayının 10-da Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına etdiyi sayca 15-ci səfərin əsas məqamlarından biri də Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində verilən mesaj olmuşdu. Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının yaradılması, Culfa-Ordubad magistral avtomobil yolu kimi nəqliyyat layihələri, Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri Naxçıvanın sosial-iqtisadi inkişafına xidmət etməklə yanaşı, muxtar respublikanın blokadadan çıxarılması və Zəngəzur dəhlizinin yaradılması istiqamətində atılan addımların bir hissəsidir.

Bu gün blokada şəraitində yaşayan muxtar respublikada əldə olunmuş inkişaf Prezident İlham Əliyevin siyasi kursunun təcəssümü, Heydər Əliyev ideyalarının təntənəsidir. Əminik ki, Naxçıvan uğurlarının miqyasını daha da artıracaq və muxtariyyətin 100 illiyini daha böyük yüksəliş nümunələri ilə qeyd edəcəyik.

 

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

 

Azərbaycan. - 2022.-9 fevral.- S.1; 8.