Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi ilə bağlı tədbir keçirilib

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Ermənistan ərazisində Azərbaycan irsinin vəziyyətinin qiymətləndirilməsi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov tədbiri açaraq 33 ildir tarixi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan azərbaycanlıların Ermənistanda yaratdıqları mədəni irsinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirib. Deyib ki, bu müddətdə min illər ərzində formalaşmış mədəni irsin vəziyyətinin qiymətləndirilməsi aparılmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz Zəfərindən sonra işğaldan azad edilən ərazilərimizdə rast gəlinən vəziyyət onu göstərir ki, bu gün Ermənistanda yer üzündən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan maddi-mənəvi abidələrimizin taleyi ilə ciddi məşğul olmalıyıq.

Milli Məclisin deputatı, Toponimiya komissiyasının üzvü, “Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan” İcmasının sədri Əziz Ələkbərov vurğulayıb ki, Ermənistanda qalan mədəni irsimizin erməniləşdirilməsinə, bu mümkün olmadıqda isə onların məhv edilməsinə çalışılıb. Bildirilib ki, beynəlxalq təşkilatların yardımı ilə izi itirilməyə cəhd edilən tarixi abidələrimiz üçün SOS siqnalının ardıcıl verilməsi üçün qeyri-hökumət təşkilatları daha məhsuldar işləməlidirlər. Bugünkü Ermənistanda azərbaycanlılarla bağlı bütün mədəniyyət abidələrinin demək olar tam məhv edilməsinin nəticəsidir ki, Ermənistanda yerləşən Göy məscid özününküləşdirilmiş, Qala məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Dəmirbulaq və yüzlərlə oxşar mədəni abidəmiz dağıdılıb”, - deyən icma sədri fikrini bu cür davam etdirib: “Oxşar taleni Ermənistandakı Azərbaycan toponimləri də yaşayıb. Bunun nəticəsidir ki, bu ölkədəki oykonimlər barbarcasına məhv edilib. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqazdaqonşu regionlarda, aşıq sənətinin klassiklərindən biri olan Aşıq Ələsgərin doğulduğu Göyçə mahalındakı Ağbulaq kəndində vaxtilə onun xatirəsinə ucaldılan abidə yer üzündən silinib.

Qarabağa dönüşİctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev erməni millətçiliyinin bu sahədə kifayət qədər “təcrübəsi”nin olduğunu, bunun bariz nümunəsi kimi işğaldan azad olunan ərazilərimizdə divan tutulmuş maddi-mədəni abidələrimizin taleyini nümunə kimi göstərib. İctimai birliyin sədri özünün doğulduğu, erməni separatizminin başladığı müharibə nəticəsində 28 ildən çox işğal altında qalmış Şuşa şəhərində Üzeyir Hacıbəyli, Xan qızı Natəvan, Bülbül və digər ədəbiyyat və mədəniyyət nümayəndələri ilə bağlı abidə və muzeylərin darmadağın edildiyini xatırladaraq, beynəlxalq ictimaiyyəti Ermənistandakı mədəniyyət abidələrinin taleyinə biganə qalmamaq üçün görülən tədbirləri intensivləşdirməyə çağırıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru, “Tarix və mətbuat araşdırmalarına dəstək” İctimai Birliyinin sədri Nəsiman Yaqublu beynəlxalq təşkilatların diqqətini Ermənistan dövlətində vandalizm subyektinə çevrilən mədəniyyət abidələrimizə yönəltməklə bərabər, həmin abidələrin pasportlaşdırılması işinin aparılmasını vacib hesab edib.

Sonra çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Ermənistanda milli mədəniyyət abidələrimizə qarşı dövlət siyasətini 1949-cu il Cenevrə Konvensiyasının, UNESCO-nun 1954-cü və 1970-ci illər konvensiyalarının kobud şəkildə pozulması adlandıraraq aidiyyəti beynəlxalq qurumları bu pozuntuların dayandırılmasına, oradakı mədəniyyət nümunələrinin vəziyyətinin qiymətləndirilməsi işinə cəlb olunması istiqamətində ardıcıl fəaliyyətə çağırıb.

Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı tarixi qətnaməsini xatırladaraq, sivil dünyada mədəni irsin qəsdən dağıdılmasının sülh və təhlükəsizlik məsələsi olduğunu xatırladaraq heç bir nüfuzlu beynəlxalq təşkilatın bu işə seyrçi qalmağa haqqının olmadığını bəyan edib.

Tədbirin sonunda iştirakçılar adından UNESCO-nun baş katibi Odri Azuleyə müraciət ünvanlanıb.

 

Azərbaycan.- 2022.-9 fevral.- S.9.