Humanitar tədbirlərlə zəngin olan ötən il

 

 

Mədəniyyət tarixboyu dövlətlərin iqtisadi, siyasi, hərbi gücü ilə yanaşı addımlayıb. Ordunun hərb meydanında qazandığı zəfəri mədəniyyət öz misilsiz təsiri ilə daha da möhkəmləndirib. İnkişaf üçün yeni imkanlar açıb. Dövlətin ardıcıl uğurlarına zəmin hazırlayıb. Xalqı, ölkəni mədəniyyət işığında dünyaya tanıdıb və ona böyük hörmət qazandırıb.

Tarixdə ucsuz-bucaqsız ərazilər fəth etmiş elə imperiyalar olub ki, hazırda onların heç izi də qalmayıb. Amma bəşər mədəniyyətinə incilər qazandıran, özünü orada ifadə edən hər kəs bu gün də zəngin sərvətləri ilə birgə yüksəlir, inkişaf edir. Mədəniyyət ona dəstək verən hər bir topluma əbədiyyət qazandırır. Tarix boyunca onun yeni nailiyyətlərinə yol açır. Bu reallığı düzgün dəyərləndirən ölkə rəhbəri xalqımızın mədəni irsinin dünyada təbliği istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə daha çox üstünlük verir. Əlamətdar günləri heç zaman diqqətdən kənarda qoymayan Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlar, sərəncamlar tarixi əhəmiyyəti ilə yanaşı, milli-mədəni irsimizə verilən yüksək qiymətdir.

Bəşəriyyət üçün bu nailiyyətləri yaradan faktlardan biri də ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi, yanaşdığımız festivallar, mahnı müsabiqələri, qlobal mədəniyyətlərarası dialoq forumlarıdır. Bu forumlarda aparılan müzakirələrdir. Dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya mübadilələridir. Əldə edilən razılaşmalardır. Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır. Bu gün həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli irsin təbliği, mədəniyyət abidələrinin, genofondun qorunmasıdır.

Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, Üzeyir bəy Hacıbəyli, Rostropoviç, Qəbələ Beynəlxalq Musiqi festivalları, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzu və potensialının mədəniyyət sahəsindəki təzahürüdür. Bütün bunlar hazırda Azərbaycanı dünyanın əsas musiqi mərkəzlərindən birinə çevirmişdir.

Son illər Naxçıvan, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran və digər şəhər və rayonlarda keçirilən tədbirlər həm bölgələrin mədəni irsinin, həm də turizm potensialının yerli və beynəlxalq ictimaiyyətə tanıdılması baxımından əhəmiyyətlidir.

 

 

 

Nizami Gəncəvi bəşəriyyət üçün sonu görünməyən zəngin bir sərvətdir

 

 

Ötən il Prezident İlham Əliyevin humanitar sahədə imzaladığı ən mühüm sərəncamlardan biri, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı oldu. Nizami Gəncəvi bəşəriyyət üçün sonu görünməyən zəngin bir sərvətdir. İctimai fikir tarixində onun kimi dühaya sahib olmaq isə Azərbaycan xalqının böyük xoşbəxtliyidir. Hələ XII əsrdə Azərbaycan torpağında - dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim şəhərimiz Gəncədə belə bir dühanın, mütəfəkkirin, söz sərrafının yaşayıb yaratması, əsərləri ilə bütün dünyada şöhrət tapması xalqımızın yüksək mənəvi potensialından, malik olduğumuz ali dəyərlərdən xəbər verir. Yaxın və Orta Şərq ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən, ecazkar söz sənəti inciləri ilə qəlblərdə əbədiləşən Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində qərar tutur.

 

Mütəfəkkir şairin yaradıcılığı özündən sonrakı dövrdə böyük bir ədəbi məktəb formalaşdırıb. Nizami Gəncəvi sözünün işığında dünyanın müxtəlif ölkələrində yüzlərlə şair, filosof yetişib. Onun əsərləri dünya fəlsəfi fikrinə yeni bir istiqamət, yön verib. Dahi şairimizin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafında da önəmli rol oynayıb.

2021-ci ildə dahi şair və mütəfəkkirin anadan olmasının 880-ci ildönümü tamamlandı. Bu münasibətlə ötən il bütünlüklə Nizami irsinə həsr edildi. Azərbaycanda və dünyada böyük şairin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirildi. Əsərləri nəşr olundu. Nizami dühasının təbliği istiqamətində mühüm işlər görüldü. Beləliklə, həm cəmiyyətimiz, həm də dünya Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi bu ölməz dühanı daha yaxından tanımaq imkanı qazanmış oldu. “Yaşayan Nizami Gəncəvi”, “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq”, “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat yolu və sənət idealları”, “Nizami Gəncəvinin hikmət xəzinəsi”, “Nizami Gəncəvinin əsərlərində türkizmlər”, “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin milli və bəşəri idealları və müasir dövr”, “Nizami Gəncəvi irsi əlyazmalarda, təsviri incəsənətdə, musiqidə”, “Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” və digər mövzularda 30-dək beynəlxalq elmi konfrans və sessiyalar, 25 “dəyirmi masa” və seminarlar keçirildi, kitab təqdimatları oldu. “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” (rus dilində), “Nizami və tarix”, “Ərtoğrul Cavid və Nizami Gəncəvi irsi”, “Nizami Gəncəvi əlyazmalarının Bakı nüsxələri” və başqa nəşrlər oxucular tərəfindən maraqla qarşılandı. Paris Milli Kitabxanasından ötən ilin aprelində Nizami Gəncəvi “Xəmsə”sinin XV əsrin ortalarında və 1561-ci ildə köçürülmüş əlyazmasının və may ayında ABŞ-ın Vaşinqton şəhərindəki Konqres Kitabxanasından Nizami Gəncəvi “Xəmsə”sinin XVII əsrin əvvəllərində köçürülmüş əlyazmasının sürətləri əldə edilib Azərbaycana gətirildi.

Böyük şairin əsərləri və onun yaradıcılıq irsi haqqında yeni nəşrlər həm Azərbaycan, həm də müxtəlif dillərdə (rus, türk, ingilis, alman, ispan, ərəb, fars, Çin, polyak, bolqar, gürcü, Ukrayna dillərində) çap edilərək dünyanın tərəfdaş akademiyalarına və tanınmış xarici ölkə alimlərinə göndərildi. Bir il ərzində 50-dək əsər işıq üzü gördü. Bundan başqa, çoxsaylı sərgilər təşkil edildi, tamaşalar yazılıb səhnəyə çıxarıldı. “Xəmsə” əsasında “Sonsuz Tanrı məhəbbəti”, ilk dəfə olaraq Azərbaycan aşıqlarının ifasında “Leyli və Məcnun” poemasının motivləri əsasında eyniadlı dastan-tamaşa hazırlandı. Azərbaycan Milli Dram Teatrında ötən ilin dekabrında “İSGƏNDƏRə yeni NAMƏ” tamaşasının təqdimatı yüksək səviyyədə keçirildi. Yaradıcılığı həmişə dünya şərqşünaslıq elminin maraq dairəsində olan Nizami Gəncəvi əsərlərinə hər bir kəsdə daim böyük sevgi, heyranlıq, bitib-tükənməyən vurğunluq öz təcəssümünü tapır. Nizami müdrikliyi, böyük şairin bəşəriyyətə təlqin etdiyi mənəvi dəyərlər ən çətin zamanlarda da insanlar üçün bir ümid işığına, gələcəyə, inkişafa yol göstərən mənəvi bələdçiyə çevrilir. Çünki xalq olaraq daşıdığımız ali dəyərlər, dünyaya humanist nəzərlərlə baxışımız, bəşəriyyətin xoşbəxt gələcəyi ilə bağlı arzularımız və bu gələcəyə töhfə vermək əzmimiz Nizami Gəncəvi kimi dahi sənətkarlarımızın şəxsiyyətində, həyat və yaradıcılığında öz əksini tapır.

 

 

Şəxsiyyətlərimizə ehtiram

 

 

 

2021-ci ildə dövlət rəhbərimizin görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı da mühüm sərəncamları oldu. Bu, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı idi. Prezident İlham Əliyev bu münasibətlə ötən il fevralın 18-də sərəncam imzaladı. Sənəddə Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırdığı xüsusi vurğulanır. Xalq ruhu ilə həmahəng əsərlərinin Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etdiyi diqqətə çatdırılır. Bu, Vətənə, xalqımızın milli-mənəvi dəyərlərinə məhəbbəti tərənnüm edən, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını əsərlərində təcəssüm etdirən Aşıq Ələsgərin yaradıcılıq irsinə ən yüksək qiymətdir.

Azərbaycan Prezidentinin görkəmli elm xadimi, dünya şöhrətli həmvətənlimiz Lütfi Zadənin 100 illiyinin keçirilməsi haqqında yanvarın 25-də imzaladığı sərəncam da tarixi şəxsiyyətlərimizə ehtiramın daha bir nümunəsidir. Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açıb. Onun ardıcıl tədqiqatlarının nəticəsi kimi irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoyub və yeni yanaşma üsulları meydana gətirib. Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Azərbaycanlı olduğunu daim fəxrlə bildirən və ürəyi hər zaman doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb. Öz vəsiyyətinə uyğun olaraq vəfatından sonra Azərbaycan torpağında, Fəxri xiyabanda dəfn edilib. Dövlət rəhbərimizin müvafiq sərəncamı ilə ölkəmizdə Lütfi Zadənin 100 illiyinə həsr olunmuş tədbirlər bu görkəmli alimin elmi irsinin təbliği, onun xüsusilə gənc nəslə tanıdılması, cəmiyyətdə elmin populyarlaşdırılması baxımından çox faydalı oldu.

Prezident İlham Əliyev ötən il görkəmli bəstəkarımız Tofiq Quliyevin abidəsinin ucaldılması, tanınmış Azərbaycan rəssamları Kamil Əliyevin və Mikayıl Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında da sərəncamlar imzaladı.

2021-ci ildə Azərbaycanın bir sıra mədəniyyət və təhsil ocaqlarının da yubiley yaşları oldu. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100, AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80, C.Naxçıvanski adına hərbi liseyin 50, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının 100, İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ölkə rəhbərinin sərəncamları ilə qeyd edildi.

  Görkəmli sənət adamlarının əlamətdar günlərdə təltif edilməsi ilə bağlı xoş ənənələrə uyğun olaraq ötən il də bir sıra şəxslərə Azərbaycan Respublikasının yüksək mükafatları verildi. Türk dünyasında böyük xidmətləri olan Qazaxıstanın xalq yazıçısı Oljas Süleymenova Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şərəf” ordeni təqdim edildi. Azərbaycanın Xalq artisti, tanınmış opera müğənnisi Xuraman Qasımovaya “İstiqlal” ordeni verildi. Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov “1-ci dərəcəli əmək” ordeni ilə təltif edildi. Xalq şairi Nəriman Həsənzadəyə “İstiqlal” ordeninin, Yusif Axundzadəyə musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninin, Tofiq Bakıxanova “Şərəf” ordeninin, Eldar Quliyevə “İstiqlal” ordeninin, İsmayıl Hacıyevə “Şöhrət” ordeninin verilməsi də cəmiyyətdə rəğbətlə qarşılanan qərarlar oldu.

 

 

 

Mədəniyyət işığında

 

 

 

Azərbaycan Prezidentinin ötən il mədəniyyət sahəsində imzaladığı tarixi sərəncamlardan biri də Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında oldu. Sərəncama əsasən, Füzuli Memorial Kompleksi inşa ediləcək. Kompleks Füzuli İşğal Muzeyi və Memorial Parkını, Füzuli Zəfər Muzeyini, Füzuli Zəfər Abidəsini və Füzuli Bayraq Meydanını özündə birləşdirəcək.

Azərbaycanın 2021-ci il üzrə mədəniyyət gündəminin mühüm bir hissəsi də erməni işğalından azad edilmiş Şuşa şəhəri ilə bağlı oldu. Dövlət rəhbərimizin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Dövlət rəhbərimiz ötən il ərzində yeddi dəfə Şuşaya səfər etdi. Azad şəhərimizdə aparılan bərpa-quruculuq tədbirləri ilə yaxından tanış oldu. 2021-ci ilin mayında Şuşada keçirilən “Xarıbülbül” festivalı bütün dünya azərbaycanlılarının qəlbini riqqətə gətirdi. Azərbaycan cəmiyyətindəki milli vəhdətin, birlik ruhunun, min illərdir bu torpaqlarda yaradılan zəngin mədəniyyətin rəmzi kimi bu festivalın xoş sədası aləmə yayıldı. “Xarıbülbül” festivalı ilə yanaşı, “Vaqif poeziya günləri”nin də bərpası Vaqifin artıq əvvəlki görkəminə qayıtmış abidəsi önündə uğurla keçirilməsi Şuşanın dirçəlişinin daha bir müjdəsi oldu.

Bu cür mədəniyyət tədbirləri insanları bir-birinə doğmalaşdırır. Dünyamızı saflaşdırır, insanları pis niyyətlərdən, mənfi emosiyalardan təmizləyir. Bu, Azərbaycanın nəcib missiyasıdır.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 8 fevral.- S.1;6.