Tovuzda şəhid Ceyhun İsmayılovun xatirəsi əbədiləşdirilib

 

2020-ci il 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında uzun illər Zəfərin başlanğıcı kimi xatırlanacaq. Çünki bu tarixdə başlanan Vətən müharibəsi bizi qürurlu Qələbəyə qovuşdurdu.

44 günlük Vətən müharibəsindəki qələbəmiz həm də bütün dünyaya səs saldı. Söz yox ki, bu Zəfərdə minlərlə Azərbaycan oğlu kimi, Tovuzda doğulub boya-başa çatmış və qəhrəmancasına vuruşaraq şəhid olmuş Ceyhun İsmayılovun da payı var.

Qədirbilən tovuzlular igid həmyerlilərinin adını daim əziz tutur, ona ehtiramlarını göstərirlər. Bu günlər şəhidə daha bir ehtiram olaraq adının əbədiləşdirilməsi üçün bulaq kompleksi inşa olunmuşdur. Şəhid ailələrinin, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.

Mərasimdə çıxış edənlər  2020-ci il sentyabr ayının 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışmışlar.

Sonra Ceyhun İsmayılovun həyat yoluna nəzər salınmışdır. Bildirilmişdir ki, Ceyhun İqbal oğlu İsmayılov 1996-cı il sentyabrın 25-də Tovuz şəhərində anadan olmuş, 2014-cü ildə orta məktəbi bitirdikdən sonra Kiyevdə ali təhsil almışdır. Ali təhsilini başa vurduqdan sonra Vətənə qayıdan Ceyhun Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlamışdır.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ceyhun İsmayılov 2020-ci il sentyabrın 27-də döyüşlərə atılmış və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə o, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.-9 fevral.- S.10.