Qardaşlığın  müttəfiqlik təntənəsi

 

 

Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyənin qanunverici orqanları tərəfindən təsdiqlənməsi ortaq təhlükəsizliyimizin hüquqi əsasıdır

 

 

 

Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir”. Prerzident İlham Əliyevin vurğuladığı kimi, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun.

Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətləri gündən-günə daha yüksək zirvələrə daşınır. Beynəlxalq platformalarda, dövlətlərimizlə bağlı istənilən məsələlərdə daim birlik nümayiş etdirərək, bir-birinə dayaq duran iki qardaş ölkə - Azərbaycan və Türkiyə dövlətçiliyimizə, xalqlarımızın varlığına qarşı təhdid olan terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparır. Bütün bunlar iki ölkə arasındakı siyasi-diplomatik münasibətlərdən artıq, iki qardaş xalq arasındakı mənəvi bağlılığın göstəricisidir.

44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan Türkiyənin siyasi, mənəvi dəstəyini ən yüksək səviyyədə hiss etdi. Türkiyə müharibənin ilk anlarından etibarən Azərbaycanın haqlı davasının yanında olduğunu nümayiş etdirdi, son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək qardaşına dayaq oldu. Nə qədər beynəlxalq təzyiqlər olsa da, qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi. Türkiyənin siyasi və mənəvi dəstəyi bu qələbənin qazanılmasında çox böyük rol oynadı.

Fevralın 1-də, Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında, fevralın 3-də isə Türkiyə Böyük Millət Məclisində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi iki qardaş xalq arasında olan tarixi həmrəyliyin hər ötən gün daha da gücləndiyinin bariz göstəricisidir.

Ötən ilin 15 iyunu Azərbaycan Türkiyə əlaqələri tarixinə daha bir əlamətdar gün kimi yazıldı. Azərbaycan Prezidenti Türkiyə Prezidentini Qarabağda qarşıladı və hər bir azərbaycanlının mənəvi paytaxtı hesab olunan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında möhtəşəm Şuşa Bəyannaməsi imzalandı.

Azərbaycanın qurtuluş günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan möhtəşəm bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək zirvəyə ucaldı.

Bəyannamədə göstərilən müddəalar da onu deməyə əsas verir ki, tarixən olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bununla bağlı bəyanatda göstərilir: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur”.

Şuşa Bəyannaməsində diqqətçəkən digər bir müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

 

Göründüyü kimi, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul ediləcək və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradacaq.

 

Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyənin qanunverici orqanları tərəfindən təsdiqlənməsi isə ortaq təhlükəsizliyimizin təmin olunması, başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırdı. Beləliklə, Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində təsbit olundu.

 

Eyni zamanda sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənmiş bu tarixi bəyannamə Azərbaycan və Türkiyənin regional güc mərkəzi kimi beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsini də təmin edəcək.

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 8 fevral.- S.1;6.