AĞDAM quruculuğun baş meydanına çevrilib

 

İlham Əliyev xarabalıqlar üzərində düşmənə gözdağı verəcək möhtəşəm şəhər yaradır

 

Vətən müharibəsindəki Qələbədən ötən dövr ərzində işğaldan azad edilmiş şəhər və rayonlarımızda başlanan yenidənqurma prosesi getdikcə daha da genişlənir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaq istəyən yerli və xarici şirkətlərin sayı artır.

Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında yenidən qurulan şəhər və rayonlarda reallaşdırılan ən müasir layihələr onu deməyə əsas verir ki, tezliklə dünya böyük Qayıdışa və Azərbaycanın iqtisadi qüdrətinə şahidlik edəcək.

 

Ağdama 3-cü səfər, 3 obyektin açılışı, 5 təməlqoyma mərasimi

 

Hazırda yaşadığımız postböhran dövründə Azərbaycan öz gücünə, yəni heç kimdən yardım almadan işğaldan azad edilən torpaqlarında yenidənqurma, tikinti-quruculuq işləri aparır. Respublikanın digər bölgələrində də dövlət proqramında əksini tapmış layihələr gerçəkləşdirilir.

Bütün prosesləri diqqətdə saxlayan İlham Əliyev mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün layihələrin icrasına şəxsən nəzarət edir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, bəzilərinin açılışını edib xeyir-duasını verir.

Təkcə ötən il Prezident işğaldan azad edilmiş 10 şəhər və rayona ümumilikdə 32 dəfə səfər edib, 21 sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edib, 37 obyektin təməlini qoyub, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verib.

Bu il isə İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfəri Ağdamdan başladı. Prezidentin və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam və Ağcabədi rayonlarına etdiyi səfərlər və bu səfərlər çərçivəsində keçirilən görüşlər, təməlqoyma mərasimlərində  təqdim olunan layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına tezliklə qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirdi.

İlham Əliyevin diplomatik məharətinin nəticəsi kimi bir güllə atılmadan azad edilən Ağdam hazırda quruculuğun baş meydanına çevrilib. İşğaldan azad edilən rayonlarımızın yenidən qurulması ilə bağlı hazırlanan baş planlar Ağdamdan başlayıb. İlk olaraq Ağdamın Baş planı təqdim edilib və bu gün həmin plana uyğun işlər sürətlə davam etdirilir.

İlham Əliyev işğaldan azad olunan Ağdama 3-cü səfəri çərçivəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak edib. Beləliklə də, azad edilmiş torpaqlarda inşa edilən yarımstansiyaların sayı 9-a çatıb.

Sonra Prezident Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək 2 müəssisənin, Ağdam Rayon Mərkəzi Xəstəxanasının, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.

Dövlət başçısı həmçinin Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi və Prezidentin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olub.

 

Azərbaycanın elektroenergetika tarixində ilk dəfə

 

Prezidentin açılışını etdiyi Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi Azərbaycanın elektroenergetika tarixində bir ilkdir. Yəni ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.

Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir.

Prezidentin təməlini qoyduğu yaşayış binasına gəlincə, ərazidə ümumi sahəsi 1,55 hektar olan məkanda ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Növbəti mərhələdə isə 0,86 hektar ərazidə daha 4 yaşayış binasının inşası ilə bağlı layihələndirmə işləri aparılacaq.

İlham Əliyevin təməlini qoyduğu 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanası 6 hektardan çox ərazidə inşa olunacaq. Tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

Müalicə ocağı ən müasir tibbi avadanlıqlarla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.

Növbəti mərhələdə Ağdam rayonu üzrə daha bir neçə səhiyyə müəssisəsinin inşası nəzərdə tutulub. Belə ki, qarşıdakı dövrdə burada Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası, çoxprofilli modul tipli xəstəxana, onkoloji, 50 çarpayılıq psixiatriya və 50 çarpayılıq vərəm əleyhinə xəstəxanalar, 20 çarpayılıq Narkoloji Dispanser, Regional Perinatal Mərkəz və QİÇS-lə Mübarizə Mərkəzi, 20 həkim məntəqəsi və ya kiçikhəcmli Ailə Sağlamlıq Mərkəzi, Regional Tibb Kolleci də inşa olunacaq.

 

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir

 

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması xüsusi önəm kəsb edir.

Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə onların sayı 7-yə çatıb.

Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası, regionda mövcud olan yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır.

Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, ətraf bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Artıq sahibkarların böyük maraq göstərdiyi Ağdam Sənaye Parkının 5 rezidenti var. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır.

Parkın rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.

Digər rezident - “Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcək. Məhsul istehsalında polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə olunacaq. İstehsal prosesində Belçika və Çin texnologiyaları tətbiq ediləcək. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, MDB ölkələrinə ixrac olunması planlaşdırılır.

Beləliklə, yeni yaradılan sənaye zonaları, həmçinin Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

 

Prezident Ağdamda iş adamlarına çağırış etdi

 

Səfər çərçivəsində Prezident və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış oldular.

Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir.

Cümə məscidinin bərpa-restavrasiyasına Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb. Bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək.

Görülən işlərlə tanışlıqdan sonra çıxış edən Prezident vurğuladı ki, Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb və qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq: “Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir, onu görəcəklər”.

Prezident Ağdamda iş adamlarına da çağırış etdi. Dövlət başçısı sahibkarları həm Ağdama, həm də işğaldan azad edilmiş bütün digər ərazilərə sərmayə qoymağa çağırdı. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda güzəştli kreditlər verilir: “Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar”.

İlham Əliyev vurğuladı ki, azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin Baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür. Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalıdırlar.

Təməli qoyulan mehmanxana və yaşayış binalarının əhəmiyyətindən də söz açan dövlət başçısı dedi ki, müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Buraya böyük sayda gələcək qonaqlara lazımi şərait yaradılır. Altı evdən ibarət yaşayış kompleksi isə təqribən il yarıma - iki ilə inşa ediləcək, bəlkə də ondan da tez və beləliklə, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq.

Dövlət başçısı həmçinin Ağdamda reallaşdırılması nəzərdə tutulan digər layihələr barədə də məlumat verdi. Bəlli oldu ki, hazırda rayon üzrə kompleks tədbirlər görülür. Bunların sırasında elektrik enerjisi ilə təchizat, Ağdama qaz xətlərinin çəkilişi layihəsi, içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi builki investisiya proqramında yer alıb.

Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Prezidentin dediyi kimi, avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişinə start verilib. Bu yol həm Füzuli və Ağdam şəhərlərini, həm də Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.

İlham Əliyev əminliklə vurğuladı ki, bu gün görülən bütün işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq: “Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”

 

Bütün şəhərlər baş plan əsasında yenidən qurulacaq

 

Prezident Ağcabədiyə səfəri çərçivəsində də yeni obyektlərin açılışını edib. Dövlət başçısı yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun açılışlarında iştirak edib.

Prezident və birinci xanım Mehriban Əliyeva “Ağcabədi taxıl Aqropark”da və respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda həyata keçirilmiş işlərlə tanış olublar.

Beləliklə, görülən bu işlər, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr onu göstərir ki, İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş tikinti-quruculuq işləri həyata keçirir. Qarşıda isə böyük işlər var. Prezidentin söylədiyi kimi, bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün  düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin baş planları işlənilir. Onlar hazır olan kimi artıq əməli işlərə başlanılacaq.

Bir sözlə, İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri və səfərlər zamanı ən qısa zamanda görülən işlərə, bütün proseslərə birbaşa nəzarəti, eyni zamanda siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, Qarabağ təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.

Erməni vandallarının 30 il ərzində darmadağın edərək daşını daş üstündə qoymadığı, Qarabağın giriş qapısı adlandırılan Ağdam isə yeni siması, möhtəşəmliyi ilə düşmənə gözdağı olacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 16 fevral.- S.1; 4.