II Elizabet növbəti kraliçanın adını açıqladı

 

 

Böyük Britaniyada taxt-taca Kamilla Parker-Boulz sahiblənəcək

 

 

 

Böyük Britaniya Kraliçası II Elizabetplatinyubileyini - taxt-taca sahib olmasının 70 illiyini qeyd edib. Bu münasibətlə Norfolkdakı Sandringem Haus iqamətgahında kral ziyafəti təşkil edilib. Orada II Elizabet növbəti kraliçanın adını açıqlayıb.

O, hökmranlığının 70 illiyinə həsr olunmuş yazılı müraciətində bildirib ki, şahzadə Çarlz Britaniyanın taxt-tacına yiyələnəndə kraliça-konsort titulunun Kornuol hersoginyası Kamillaya verilməsini səmimiyyətlə arzulayır.

Klarens Hausdan verilən məlumata görə, Uels şahzadəsi Çarlz və həyat yoldaşı bu qərardan məmnundurlar.

 Çarlz və Kamilla 2005-ci ildə evləndiyi zaman nəzərdə tutulmuşdu ki, hersoginya Kral Əlahəzrətlərinin şahzadə-konsortu titulunu daşıyacaq. Ancaq bu, baş vermədi. Bunun səbəbi xalq arasında Kamillanın populyarlığının aşağı olması idi.

KİV xəbər verir ki, britaniyalılar Kamilla Parker-Boulzla şahzadə Çarlz arasında nikahdan kənar əlaqəni uzun müddət bağışlaya bilməyiblər. Lakin məlum olduğu kimi, şahzadə Çarlz çoxdan arzulayırdı ki, özü kral olanda onun xanımı kraliça tituluna yiyələnsin.

II Elizabet öz məktubunda şahzadə Çarlzın niyyətlərini dəstəklədiyini qeyd edib. Kraliça həmçinin bütün hakimiyyəti dövründə ona nümayiş etdirdiyi sədaqətə görə Britaniya xalqına da təşəkkürünü bildirib. “Mən bilirəm: oğlum Çarlz kral olanda o və xanımı da eyni dəstəyi alacaqlar”, - deyə II Elizabet vurğulayıb.

Kornuol hersoginyası Kamillanın daşıyacağı kraliça-konsort titulu o deməkdir ki, kralın həyat yoldaşı onunla bərabər sosial statusaonun monarxiya titulunun qadın ekvivalentinə malikdir, lakin ona regentin siyasi və hərbi səlahiyyətləri verilmir.

The Guardian” qəzeti xatırladır ki, Kraliça II Elizabet Böyük Britaniya tarixində 70 il hökmranlıq edən ilk və yeganə monarxdır. Bu il aprelin 21-də onun 96 yaşı olacaq.

 

II Elizabetin həyat yoldaşı şahzadə Filip ötən ilin aprelində 99 yaşında vəfat edib.

 

Oğlu, Uels şahzadəsi Çarlz 1948-ci il noyabrın 14-də Britaniya paytaxtında dünyaya gəlib. Diana Spenserlə ilk nikahından Uilyam Harri adlı övladları var.

 

Kornuol hersoginyası Kamilla 1947-ci il iyulun 17-də Londonda anadan olub. Birinci həyat yoldaşı Endrü Parker-Boulzla nikahdan 2 övladı, 5 nəvəsi var.

 

 

Rizvan HİLALOĞLU,

Azərbaycan.-2022.- 8 fevral.- S.1;8.