Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun xatirəsi anılıb

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılan və  şəhidlik zirvəsinə yüksələn şəhidlərimizin xatirəsi Abşeron rayonunda da daim əziz tutulur. Onlardan  biri    Veysəl Musibovdur.

Veysəl Musibov  ölümündən sonra Prezidentin sərəncamları ilə Vətən Müharibəsi Qəhrəmanı adına, eləcə də “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Bu günlər rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri Xırdalan şəhərindəki Şəhidlər xiyabanında kəşfiyyatçı kapitan Veysəl Musibovun məzarını ziyarət etmişlər. Sonra onlar qəhrəmanın adını daşıyan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə onun adına qurulan guşəsinin açılışında iştirak ediblər. Məktəbin şagirdlərinin hazırladıqları bədii kompozisiyada qəhrəman kəşfiyyatçının həyatından, döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılıb,  vətənə, qələbəyə aid şeirlər səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Veysəl  Musibovun büstünün hazırlandığını, yaxın zamanlarda məktəbin həyətində qoyulacağını bildirib.  Həmçinin qeyd edib ki, Xırdalanda qəhrəmanın  adını daşıyan küçədə hazırda abadlıq işləri  aparılır.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2022.- 17 fevral.- S.5.