Vətən uğrunda şəhadətə yüksəlmək də şərəfdir

 

 

Həyata bir dəfə gələn hər kəs ayağını möhkəm basdığı torpağın Vətən olduğunu dərk etməlidir. Sevindirici haldır ki, son illər xalqımızın və dövlətimizin yetişdirdiyi gənclərdə bu vətənpərvərlik özünün elə bir zirvəsinə ucaldı ki, dünya da buna heyran qaldı...

Min, bəlkə də milyon illər torpaq uğrunda qanlı-qadalı müharibələr olub. Kim qalib olubsa, onu mühakimə etməyiblər! Təəssüf ki, bəzən burada da haqsızlıqlar olur. Məsələn, 30 il öncə Qarabağımıza diş qıcıyan erməni daşnaklarına layiq olduqları cavabı verə bilmək imkanımız olmadığı üçün tarixi torpaqlarımız işğala məruz qalmışdı. Dünya isə buna susur, dolayası yolla işğalçılıq siyasətini pisləsələr də, Ermənistana hər hansı cəza verilmirdi.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi, hər şeyin zamana  ehtiyacı var. Bəli, zamanı gəldi və biz düşmənə öz yerini göstərdik: tarixi ərazilərimizi işğaldan azad etdik. Dünyaya göstərdik ki, Vətən üçün doğulanlar hər qarış  torpaq uğrunda candan-qandan keçməyə hazırdırlar.

Mən də bunun canlı şahidiyəm. 30 aprel 2001-ci ildə Xırdalan şəhərində dünyaya göz açmışam. Orta təhsilimi Binəqədidəki 217 saylı tam orta məktəbdə aldım. 30 aprel 2019-cu ildə həqiqi hərbi xidmətə çağırıldım. Dövlət Sərhəd Xidmətində Vətənə borcumu ödəməyə başladım. Əsgər kimi hərbi hissə komandiri tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsində göstərdiyim fəallığa görə ailəmizə təşəkkür məktubu və fəxri fərman da göndərilib.

...Düzü, əvvəllər, hərbi xidmətdən öncə ailənin tək oğlu olduğumu düşünürdüm. Lakin 44 günlük Vətən müharibəsində hiss etdim ki, mənim kimilər tək deyillər. Hamımızın arxasında dövlətimiz, yanında doğma qardaş qədər səmimi olan vətən mücahidləri var. Bu birliklə, qardaşlıqla Qarabağımızı düşmən tapdağından azad etdikcə qürurlanır, döyüşlərin ən qaynar nöqtəsinə can atırdıq.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Qubadlı rayonunun işğaldan azad olunmasında düşmən snayperi ilə vurularaq, sol dizimdən yaralanmışam. Hazırda II qrup əliləm. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə  Cəbrayılın, Qubadlının azad edilməsinə və “Hərbi xidmətə görə” medalları ilə təltif olunmuşam.

Döyüşçü dostlarım hər qarış torpağımız uğrunda can-başla vuruşurdular. Taborumuzun şəhidi, baş leytenant Nəsirov Elməddin Süleyman oğlu Hadrut, Cəbrayıl, Zəngilan,Qubadlı döyüşlərində iştirak edib. Laçın ərazisində xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

2020-cil il oktyabrın 21-də yaralandığım vaxt Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında peşəkar həkimlərimiz sayəsində ağır əməliyyat keçirdim. Mənə o ağır günlərimdə dəstək olan, müalicəmlə maraqlanan və köməklərini əsirgəməyən DSX-nın  rəhbərlərinə minnətdaram.

Vətənin sərhəddən başlanması heç də təsadüfi deyil. Bu gün də sərhədçilərimiz düşmənlə üzbəüz dayanıb Vətənimizin keşiyini çəkirlər. Onlar yaxşı bilirlər ki, qarşıda düşmən dayansa da, arxada onları sevən xalq, Müzəffər Ali Baş Komandangüclü dövlətimiz dayanıb!

 

 

 

Xəqani MURADOV,

Xırdalan şəhəri,

Vətən müharibəsi qazisi, II qrup əlil

Azərbaycan.-2022.- 15 fevral.- S.10.