Dövlətə xidmət vətəndaşlıq borcumuzdur

 

 

1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda şəxsən Heydər Əliyevin iştirak etməsi və proqram xarakterli çıxışı sonrakı illərdə gənclərin fəaliyyət istiqamətini müəyyən etdi. Bir il sonra forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev fevralın 2-ni Azərbaycanda Gənclər Günü elan etdi.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və müstəqilliyimizin şüurlu dərk edilməsi, dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalarinformasiya mühitində sərbəst davranışın təşviqini zəruri edən yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakını dəstəkləmək məqsədilə bir sıra dövlət proqramları icra olunur.

 44 gün davam edən İkinci Qarabağ müharibəsi rəşadətli Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu müharibədə xalqımızın həmrəyliyi, xüsusilə gənclərimizin göstərdiyi şücaət gələcək nəsillər üçün hərbi vətənpərvərlik məktəbinin bariz nümunəsinə çevrildi. Bu haqq savaşımızda qəhrəmanlıqları ilə tarix yazan şəhidlərimizin xatirəsinə hörmətlə, Vətənin müdafiəsində sağlamlığını itirmiş insanlara diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

 Böyük fərəh hissi keçirirəm ki, düşmən işğalından azad olunmuş doğma torpaqlarımızı ziyarət etdim. İlk səfərim Şuşa şəhərinə oldu. Hər zaman xəyal etdiyim, Qarabağın  zümrüd tacı olan bu cənnət məkanda olmaq məni qürurlandırdı. Doğma Şuşamızda Gövhər ağa məscidində uca Allaha şükür edərək şəhidlərimizin ruhuna dualar oxuduq. Bərəkət rəmzi olan Qala çörəyindən dadaraq Xan qızı bulağında əl-üzümüzü yuduq, İsa bulağının suyundan içdik. Cıdır düzündən Daşaltı dərəsinə açılan gözoxşayan mənzərələrə baxaraq, “Qarabağ şikəstəsi”ni ifa etmək də qismətimdə var imiş. Zamanında “Zaqafqaziyanın konservatoriyası” adlandırılan, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan, zəngin inkişaf yolu keçmiş Şuşa şəhərinin bu il 270 illiyidir. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci ilinŞuşa ilielan olunması gənclərin də üzərinə böyük məsuliyyət qoyur.

Şuşa ilə yanaşı, işğaldan azad olunmuş Füzuli, Xocavənd, Cəbrayıl və Ağdam rayonlarını ziyarət etmişəm. “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam şəhərində “Qarabağ Zəfərinin Ağdam müjdəsi” adlı tədbirin iştirakçısı olmuşam. Azad olunmuş torpaqlarımızın hər bir qarışını görmək, ziyarət etmək insanı qürurlandırır.

Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq məqsədilə bir çox layihələr reallaşdırılır. Bu xüsusda qeyd etmək olar ki, Azərbaycan Respublikasının Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə 19-24 oktyabr 2021-ci ildə Türkiyənin Qaziantep şəhərində keçirilən “Beynəlxalq zəfər düşərgəsi”nin iştirakçısı olmaq şansını qazandım. Düşərgədə olduğumuz müddət ərzində iki qardaş ölkənin gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərdə, görüşlərdə iştirak etdik.

Bu gün ölkəmizdə gənclər siyasətinin inkişaf mərhələsi elə bir səviyyəyə çatıb ki,  artıq öz təcrübəmizi ən qabaqcıl dövlətlərlə bölüşə bilirik. Azərbaycan gəncləri müxtəlif nüfuzlu beynəlxalq qurumların rəhbər vəzifələrinə seçilir, respublikamızı layiqincə təmsil edirlər. Dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi, bölgələrdə yaşayan gənclərimiz də bu prosesdə fəal iştirak edirlər. İnanıram ki, dövlət başçısının rəhbərliyi altında biz gənclər siyasəti sahəsində daha böyük uğurlar qazanacağıq.

 

 

Yusif CƏFƏRBƏYLİ,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri

Azərbaycan.-2022.- 15 fevral.- S.10.