Müşavir

 

 

Səhər işə gələndə hamı kimi bizilk növbədə təzə xəbərlərlə tanış oluruq. Lap “yağımız daşsa da”, üstəlik, çörəyimiz xəbərdən  çıxdığı üçün ictimai əhəmiyyət daşıyan bir xəbəri belə gözdən qaçırmamağa çalışırıq. Və həmin xəbərlər sırasında ən çox diqqətimizi çəkənlərdən biri də, etiraf edirik, kimin hansı vəzifəyə təyin, yaxud hansı vəzifədən azad olunmasıdır.

Hətta bir dəfə marağa təyin edilən vəzifələrin statistikasını aparmışdıq. Siz bilən, bu hansı vəzifə olsa, yaxşıdır? Əlbəttə, müşavir.

Bunu biləndən sonra kiçik bir araşdırma etdik. Sən demə, bu gün Azərbaycanda o nazir, sədr, rəis, müdir və ümumiyyətlə, möhürlü, katibəli bir kimsə yoxdur ki, müşaviri olmasın. Özübir yox, iki yox, saysız-hesabsız. Əcəba, bu müşavir, necə deyərlər, nəmənədir ki, “yuxarıdakı”lar onlarsız işlərini yola verməyi bacarmırlar.

Biz bilən, bu müşavirlərin harada və kimə müşavirlik etmələrindən asılı olmayaraq, cavabdehlik etdikləri, məsuliyyət daşıdıqları elə bir konkret sahə yoxdur. Əgər kimsə desə ki, filan müşavirə filan sahə tapşırılıb, inanın ki, bu vəzifə bölgüsü formaldır. Çünki həmin nazirlikdə və ya komitədə, ASC yaxud QSC-də bu işə baxan müavindən tutmuş köməkçiyə, departament direktorundan başlamış şöbə rəisinəcən o qədər vəzifəli şəxslər var ki... Hələ həmin işi birbaşa icra edən sıravi əməkdaşları demirik.

Yaxşı, belədirsə, ilin-günün bu vaxtında - ermənilər tərəfindən yerləyeksan edilmiş Qarabağ və Şərqi Zəngəzur boyda ərazilərimizin dirçəldilməsi, yenidən insan yaşayışı halına salınması üçün hər qarışına ətək-ətək vəsait lazım olduğu zamanda mərkəzi icra orqanlarında bu nə bədxərclikdir ki, lazımsız və limitsiz müşavir ştatları saxlayırlar?! Müşavirlərin heç təxmini də olsa orta aylıq əməkhaqlarını bilmirik. Bildiyimiz yalnız odur ki, həmin məbləğ az deyilonunla işğaldan azad olunmuş ərazilərdə ən azından daşı daş üstünə qoymaq mümkündür.

Bu gün ölkədə büdcə vəsaitlərinə ciddi nəzarət var. Maliyyə NazirliyiHesablama Palatası büdcənin hər qəpiyinin hesabını aparır. Belə olmasaydı, məsələn, büdcə hesabına hətta rəsmi materiallar dərc edən qəzetlərə abunə yazılmaq qadağan edilməzdi, baxmayaraq ki, qanunları və onlara edilən dəyişiklikləri, Prezidentin fərman və sərəncamlarını, hökumətin qərar və qaydalarını dərc edən həmin nəşrlər dövlət qurumlarında çalışanlara hava-su kimi lazımdır. Yaxşı, həmin maliyyə-nəzarət orqanları görmürlər ki, bir nazirin sayını itirdiyi qədər müşaviri varonlar nəinki heç bir işlə məşğul olmurlar, hətta bir çoxu günlərlə işə gəlmir, yəni “ölü can”lardır?! Hələ ola bilsinçox hörmətli müşavirin katibəsi, köməkçisi, xidməti avtomobili, sürücüsü var, özü də dövlət büdcəsi hesabına.

Yeri gəlmişkən, qeyd edək ki, belələri üçün müşavirlik tramplindir, hərçənd işdən çıxarılıb müşavirliyə endirilənlər də var. Onlar üçünsə bu bekar vəzifə rahat “cərimə meydançası”dır. Əlqərəz, hər nədirsə, büdcəyə lazımsız yükdür, özü də əməlli-başlı. Söz düşmüşkən, yaxın vaxtlarda bizdə nazir var idi ki, özünə nə az-nə çox, düz 10 müşavir təyin etmişdi, hamısı da dost-tanışı, qohum-əqrəbası.

Kimsə deyə bilər ki, balam, nə düşmüsünüz bu müşavirlərin üstünə, məgər başınıza gərəksiz vəzifələr, şişirdilmiş ştat vahidləri qəhətdir? Üstəlik də, əlavə edər ki, heç bilirsiniz müşavir nədir, yaxud kimdir və nə işlə məşğul olur?

Bizsual altında qalmamaq üçün etməyib tənbəllik Azərbaycan dilinin izahlı lüğətini vərəqləyib “müşavirsözünün mənası ilə maraqlandıq. Sən demə, müşavir “məsləhətçi” deməkmiş. Bilmirdik ki, nazirə, sədrə, rəisə bu sayda məsləhət verən lazımmış. Məsləhətlə bağlı isə bizdə çox atalar sözü və lətifələr var. Məsələn, “Məsləhətli don gen olarkimi. Bu atalar sözünü mövzumuza uyğunlaşdırsaq, təxminən belə alınar: “Məsləhətçisi çox olan nazirliyin büdcəsi gen gərək”.

Yaxşı, zarafat bir yana, məgər nazirin əlinin altında ona məsləhət verə bilən müavinləri, köməkçiləri, departament direktorları, şöbə müdirləri və saysız-hesabsız başqaları azlıq edir ki, əlavə məsləhətçilər (müşavirlər) də saxlayır?! Üstəlik, nazirə hətta məsləhəti də başqaları verirsə, onda özü nə ilə məşğul olur?! Belə çıxır ki, heç nə ilə?

 

 

Raqif MƏMMƏDLİ,

Azərbaycan.-2022.- 15 fevral.- S.11.